Sən ey fateh oğul, sən ey sərkərdə - Zəfər şeirləri

MANERA.AZ Adilə Nəzərin yeni şeirlərini təqdim edir:
Şəhidin son düşüncələri...
Quruyub son sözüm dodaqlarımda,
Sanki səhradayam, su ver bir içim.
Kül tutmuş səsimdən və ahlarımdan
Odlanır sinəmdə körpə göyərçin...
Taqətim tükənib, qalmayıb halım,
Durum ayağına mən necə gəlim.
Bulud gözlərindən keçir xəyalım,
Payız küləyinə qoşulur əlim...
Noyabr günəşi sönüb səmada,
Göyləri bir qatı boz duman alıb.
Üzülmə, getməyib eşqimiz bada,
Dönüb bir ulduza, xəyala dalıb.
Sənin gözlərindən doğur o ulduz..
Məni axtaranda aynalara bax.
Almışam yağıdan səninçün, ay qız,
Qoy nişan üzüyün olsun Qarabağ.
VƏ SƏN KOMADAN AYILDIN, LAÇIN
soyuq nəfəsini duydum ölümün,
duydum sənə susamış çatlayan dodaqlarımda..
illərdir nə suyumda dad,
nə səmamda açıq hava oldu.
Səssizcə uğurlamışdım səni bir gəmi kimi –
qorxulu yollara,
geri dönüşü bilinməyən səfərlərə...
yad əllərə...
baxdıqca utandığım, kövrəldiyim, qayğılandığım
səndən yadigar qalan gənclik şəkillərimə...
hər gün dua kimi baxdım
divar saatının sənə can atan milinə...
sabahlarıma ümid etdim xəbərini...
bu gecə nəfəsini hiss etdim anidən…
və sən komadan ayıldın, Laçın…
Azərbaycan əsgərinə
Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.
Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.
Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.
Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
MƏN ŞƏHİDƏM
Bir otağa girincə
bütün otaq mən oldum,
bir küçəyə çıxınça
min küçəni doldurdum.
hər yer dönüb mən oldum,
hər baxan göz mən oldum,
özüm görünməz oldum...
Mən şəhidəm...
Eşidərsən səsimi,
hər yerə ün atmışam..
mən səni düşünmüşəm,
özümü unutmuşam..
əlini aç Allaha..
əlin Haqdan üzülməz.
işığı sevən kəslər
məni sevməyə bilməz..
Mən şəhidəm...
Hamı gəlib gedəcək,
mənsə öz yerimdəyəm.
Sən əllində, yüzündə,
mən iyirmi birimdəyəm.
Sən hardasa edibsən
ömrünü vallah, həba,
mənə daim olacaq
Türk elindən mərhaba!
Mən şəhidəm...
Rənglər günəşlə çıxır,
rənglər günəşlə batır..
rənglər günəşlə olur,
rənglər günəşsiz ölür..
mən vətənçün ölürəm,
Vətən mənimlə olur...
Mən şəhidəm...
ŞƏHİDİMİN
Dili-ağzı söz aradı..
Yanğısına buz aradı,
Gözü doğma göz aradı,
Son nəfəsdə şəhidimin..
Yox sağı, solu yarıda,
Büküldü qolu yarıda,
Qırıldı yolu yarıda,
Bir qəfəsdə şəhidimin..
Olmadı ölüm qorxusu,
Burnunda cənnət qoxusu,
Gülləndi qandan yaxası,
Asta asta şəhidimin..
Bu son hüzün anı olsun,
Bacılar qurbanı olsun,
Soyuqda yorğanı olsun
Qoy bu bəstə şəhidimin..
RAHAT UYU, ŞƏHİDİM
Bu dünyanın dərdləri sanki bizə görədir,
Birindən qurtulmamış başqasını törədir.
Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,
Bütün qəsbkarların ağzında qan qoxusu...
Qara itlər qorunur, ağ atlar izlənirkən,
Qartalları vururlar, bayquşlar gizlənirkən...
Yurdun aşiqlərini seçib dən-dən vurdular,
Gözlərindən qorxanlar
ürəyindən vurdular..
Rahat uyu, şəhidim...
Yollara həsrət - həsrət dikiləndə gözlərim,
dünyanın boğazından keçməyəndə sözlərim,
Cəbhədə don tuturdu sənin ayaq izlərin...
Qış gəlirdi dağlara...
Qarabağda sazaqdı,
Səninsə gözlərindən günəşli bir yaz axdı...
Artıq nəfəsin həyat ritmindən çox uzaqdı...
Uzağa dikilmişdi o anda nəzərlərin..
Gözə vətən dəyirdi...
Qəlbin odu sönmədən ruhun gülümsəyirdi...
Rahat uyu, şəhidim...
Savaşın davam edir,
Bayrağına, himninə neçə dostun əyildi...
Gözünü itirən var,
qolu yoxdur kiminsə...
…Ruhum bu son yaradan ölüncə qan itirsə...
Sən də ordan gülümsə..
Rahat uyu, şəhidim...
BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN
Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!
Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!
Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin "qəlbişüşənin",
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!
Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
..Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!
Qürurluydu bu Qarabağ səfəri...
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!
Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!
***
Başım Yanardağ kimi -
alov-alov,
köz-köz...
Ürəyim çıxıq-çıxıq,
bölük-bölük, -
qismətdə
söz, söz...
Əllərimdə Qobustan qayalarındakı nağara səsləri.. -
dilimdə
döz, döz...
Gözlərimi yumub toxunuram xəyalına, şəhidim...
dindi, siyasətdi,
sıradan söhbətdi...
Səsim Allaha çatmır,
hardayıq
biz, biz...
İKİ can -
Adı çəkiləndə gözləri gülür,
İki kəlmə qopur dodaqlarından.
Payız küləyinə qarışıb gəlir,
Öpür qardaşının yanaqlarından.
Dost deyib torbasın tikən var idi,
Sevincin gözündən tökən var idi,
İçindən dağıdıb sökən var idi,
Soyu gəlib tutdu budaqlarından.
Haqq əli düşməni dağlayır indi,
Göylər qurşağını bağlayayır indi,
Buludlar nəyi var ağlayır indi,
Sevinci süzülür yarpaqlarından.
İki söz… iki qəlb, bir ruh, iki can,
Ürəyi yanmasa oynamaz ki, qan.
Zülmət yarılacaq ağaracaq dan,
Yayılacaq türkün torpaqlarından…
***
Bir qara yaylıqlı gəlin,
qollarında iki çağa...
üzün tutub Qarabağa...
“Kim toplayacaq mənim dağılmış könlümü? –
deyib, bir nəfəs dayandı...
Sandım ki... ahı ilə dənizləri qurudacaq.
Divardakı qara lentli şəkilinsə
üzündəki İlahi nur
min qəlbi nurlandıracaq...
Az qaldım çağıram:
– Rəssam, gəl çək bu səhnəni...
Vallah, dəhşət tablo alınacaq...
* Bir şəhidin yas mərasimində düşüncələrim