manera.az
manera.az

Yol ver sənə yollanmağa - Nuranə Nurun şeirləri

📅 22.07.2019 19:31

Yol ver sənə yollanmağa - Nuranə Nurun şeirləri
Manera.az çağdaş poeziyanın aparıcı qadın imzalarından Nuranə Nurun şeirlərini təqdim edir:

Getsəm...

Getsəm ,tək getməyəcəm,
Bir dost, bir sirdaş,
Bir ana , bir bala ,
Bir sevgili götürəcəm özümlə...

Getsəm tək getməyəcəm,
Bir doğmalıq , bir anlayış,
Bir rahatlıq,bir təbəssüm,
Bir də,
bir ilıq baxış götürəcəm özümlə...

Getsəm tək getməyəcəm,
Ayı, Günəşi, Göy üzünü,
Dənizləri, çayları,
İlləri , ayları götürəcəm özümlə...

Getsəm tək getməyəcəm ,
Təmizləri , əslləri,
Yağışları, qarları,
Bir də bütün fəsilləri
Götürəcəm özümlə...

Getsəm tək getməyəcəm
Aparacam hamını,
Aparacam hər şeyi .
Getsəm gedəcək mənlə,
Doğulmayan , ölməyən
O körpə balamız da,
Onu bölə bilmərik,
Amma bu kainatı ,
Bölmüşdük aramızda .

Getsəm ,tək getməyəcəm,
Arxamca çox ağlama.
heç nə qalmadı məncə,
Yığdım kiçik bağlama.

Darıxmaq kimi...

Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.

Gecə düşər, günüm doğar ,
Ulduz-ulduz xəyalıma.
Arzularımı udmuşam ,
Ağrı verir sol yanıma.

Günün qapısı aralı,
Sabah dolur bir anlığa.
Gecənin ömrü yetmədi,
Bir pəncərə qaranlığa.

Üşüyür şəklin əlimdə,
Ürpənir bax nəfəsim də.
Qışın da ürəyi əsir,
Quşbaşı qar həvəsində.

Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə.
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.

Yol ver

Misralar neyləsin,
Qafiyə tapmıram sənə gəlməyə.
Sözlər nə bilsin,
Yenisini axtarıram sənə deməyə.
Yollar nə bilsin,
Yenisini axtarıram ölçülməyən, gedilməyən,
Xətrimə dəyən küləklər,
Otların yaşıllığını diz çökdürüb,
Havanı əyən küləklər.
Havanın ayağı üzülür yerdən.
Ömrünü Günəşə bağışlayan günlərə
and olsun !
Bəlkə min dəfə, min yol axtarmısan
O anı qucaqlamağa,
Qucağını tapmamısan.
Qolların axtarır səni,
Öz boynuna dolanmağa
Səni yola bağışladım,
Çəkil yolumun üstündən,
Yol ver sənə yollanmağa.

Qorxma

Bir gün bu günün həsrətin
Çəkəndə , çöhrəm solacaq.
Yanaqlarım duman-duman
Gözlərim bulud , dolacaq.

Gizlənəcəm öz içimdə,
Sevincim kədər biçimdə.
Nə qədər saysam gecindən
Bir gün olanlar , olacaq.

Gələn xəbərsiz gələcək,
Qəfil özün yetirəcək.
Bilmirəm nə gətirəcək.
Hansı budağa qonacaq?

İndi, hələ hava xoşdu
Bu gün də, belə sovuşdu.
Nə vaxt görsən yerim boşdu ,
Qorxma, fələk dolduracaq.

Sevgi keçirməz

Sevgi keçirməz olaydı,
İslanmayaydı ürəyim.
Qışdı indi getsən əgər,
Qalın geyin, üşüməyim.

Çatan kimi xəbər elə,
Getmə gəldiyin o yolla.
Sənlə keçirdiyim ömrü,
Göy əskiyə büküb yolla.

Həyatın üzü sökülsə,
Özüm birtəhər hörərəm.
İnnən belə sən tərəfə,
Hamı baxar, mən görərəm.

Bəlkə də bu son şeirimdi,
Bəlkə də son yazım olar.
Bəlkə bu sözlərim sənə,
Susmaq üçün lazım olar .

Oğluma...

Oğlum, bəlkə darıxmağın
Həddini çoxdan aşmışam.
Səni üşütməsin deyə,
Bu il qışla dostlaşmışam.

Sevmədiyin yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən gün yemək yeyəndə,
Tikəni saldın əlindən.

O tikəni yeyib doydum,
İl yarım sonra acaram.
Darıxmaq orucu tutdum,
Sənin qoxunla açaram.

Sən olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.

Sənin paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini gözlədiyim an,
Fikrim o dağları aşır.

İgid oğlum, Vətən sənin
Sən Vətənin əmanəti.
Bu bir şeir deyil, balam
Bu bir qürur əlaməti.

Səni gətirən yollara
Mən baxıram, sən heç baxma.
İkimizin yerinə də,
Darıxaram, sən darıxma.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 181 | Yüklənmə tarixi: 22.07.2019 19:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031