manera.az
manera.az

Təmiz ruhları əzmişik... - Adilə Nəzərlinin YENİ şeirləri -MANERA.AZ

📅 02.08.2016 12:00

Təmiz ruhları əzmişik... - Adilə Nəzərlinin  YENİ şeirləri  -MANERA.AZ
Adilə Nəzərdən yeni şeirlər...

***
Qoy elə ucuza söylənən nağıl
ən ucuz yerində də bitsin, nağılçı,
avtobus gəldi deyə
yarıda atılmış siqaretdən fərqi olmasın heç...
Arada get,
ayrıldığımız yerdə ikimizin əvəzinə iç...
Boş ver, nağılçı, boş ver,
qoşul gedənlərin axınına sən də ax,
mən axmaram.
mən içində olmadığım nağıllarda
heç kölgəmi də buraxmaram,
Buludların gözlərdən dağılması,
Günəşin qəlbə doğması kimiydi
bu nağılın başlaması,
canın cana xəyanəti kimiydi bitməsi.

Bir avtobus nağılıydı bizimki, -
mənim yolum son dayanacağa,
səninki “uyğun bir yer”ə qədər...
Get, nağılçı, get
nağılına yüklədiyin anlamlar mənə qalsın,
getdiyin yerdə dəmi sevgidən olan bir çay dəmlə,
pivə bakalında şirinçay elə - iki nəfərlik.
Ya da
İncəbelli armudu istəkanda,
əlvida dadında iç,
aramızdakı soyuqlığı aparsın.
Qayıdıb yenə,
yenə şəkilli xatirələrdən keç...
Lavanda qoxulu əllərində gizlətdiyin
nağılın sonunu da sal yolda,
qoy elə itsin.
Qoy elə ən ucuza söylənən nağıl
ən bahalı yerində bitsin.

HARDASAN

Soruşma, qızın dizində
Hələ də divlər yatırmı?!
Dərmanı itib gözündə
Dərdlə başıni qatırmı?!

Sürülər girib meydana,
Əxlaq pozulub, din fəna.
Yazır “siğə”, edir zina,
Axund günaha batırmı?!

Təmiz ruhları əzmişik,
Bir çürük cana bezmişik.
Elə insafsız bizmişik,
İnsaflı iman satırmı?

Dünya başdan-başa bazar,
Əvvəlindən sona güzar.
Hardasan, Adilə Nəzər,
Fəryadım sənə çatırmı?!

BÜTÜN AHLARIM DƏLİYDİ

Bir əl silkələdi məni,
bəlkə Allahın əliydi.
Ahlar töküldü xəzəl tək -
bütün ahlarım dəliydi.

Bir əl tutmaq istəyirdi
Əlimdən, əlim qaçardı.
Zikrlər duydum havada,
Mələkdən düşən açardı.

Dolandım, aradım, gəzdim,
Kor etdi itirmək dərdi.
Yalvardım, görün gözümə,-
Mənə bir güzgü göndərdi.

Dedim, nə ola bir daha
Duya biləm səni keşkə.
Duydum, dedi, - ömür verdim,
Bütövünü ayır EŞQə.

Bir əl silkələdi məni,
bəlkə Allahın əliydi...
Ahlar töküldü xəzəl tək -
bütün ahlarım dəliydi.


Baxış sayı - 2 731 | Yüklənmə tarixi: 02.08.2016 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031