manera.az
manera.az

İçimdə dərdim böyüyür - Namiq Dəlidağlının şeirləri

İçimdə dərdim böyüyür - Namiq Dəlidağlının şeirləri

MANERA.AZ Namiq Dəlidağlının şeirlərini təqdim edir:

BU DƏRD

Bu dərd çəkdikcə azalmır,
Çəkdikcə gördüm, böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.

Dön geriyə bax, demədim,
Bu qismətə baxt demədim.
Nə istədi, yox demədim,
Nəyim var, verdim, böyüyür.

Güvəndim sənin gücünə,
Ürəyim, məndən incimə.
“Bəxtəvərəm”, nə vecimə,
Böyüyür dərdim, böyüyür.

DEMƏ

Keçdim dünyanın içindən,
boşca qəfəsmiş, demə.
Qulaqları batıran
quruca səsmiş, demə.

Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım badə içə-içə,
bu da bir həvəsmiş, demə.

Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş, demə.

ETİRAF

Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.

İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.

Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.

Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.

APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...

Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...

Bu il torpaq bətnindən
yazın ölü doğuldu
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu
aprel səhərlərində...

Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...

...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...

Ancaq ağrıma belə -
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...

...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI -
onun adı QƏLƏBƏ..

GECƏ ŞEİRİ

İçdim yarın nəfəsini,
eşqə düşdüm bu gecə.
Bəxtəvərlər arasından
püşkə düşdüm bu gecə.

Könül vermə yada, sına,
ya əyilə, ya da sına.
Sevdalılar odasına
köşkə düşdüm bu gecə.

Məni sənə çəkən qandı,
bilirdim, bu gecə sondu.
Qoynun güllü-gülüstandı,
müşkə düşdüm bu gecə.

PAYIZ MƏKTUBU

Bu payızdan ayrılıq,
dadı-tamı gəlir ha.
Sağlığında yad elə,
öldü, hamı gəlir ha.

Hərdən yolun düşürdü,
bu “xaraba qalmış”a -
Nə vaxtdandı bir güman
ümidinə qalmışam.

Mən “xaraba” deyəndə
bu şəhəri deyirəm.
Sənsiz suyu, havası
bu zəhəri deyirəm.

Deyirsən ki, soyuqdu,
indi “o xaraba”da.
İsti paltar göndərdim
bir köhnə arabada.

Zamanın deyəmmirəm,
nə vaxt ora yetişər.
Deyərəm çıx, qarşıla,
nə vaxt yadıma düşər.

Mən zamana uduzdum,
vaxtı satın alıram.
(Köhnə balabanımda
təzə hava çalıram.)

...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam.

Bu qış bura gəlməyin,
yəqin, baş tutan deyil.
Nə ünüm sənə yetən,
nə əlim çatan deyil.

…Yaxşı, gecə yarıdı,
gedim bir az dincəlim.
Bu da yarımçıq şeir,
yazmağa gəlmir əlim...

OVQAT

çox deyilən sözə dözdüm,
birə dözdüm, yüzə dözdüm.
Elə dözə-dözə dözdüm,
dözümdən çıxıb gedirəm.

Zəhər dolub qədəhlərim,
ta daş tutmur ətəklərim.
Qan ağlayır bəbəklərim,
gözümdən çıxıb gedirəm.

Gec olsa da qandım daha,
yoruldum, usandım daha.
Dediyimi dandım daha,
sözümdən çıxıb gedirəm.

Olub-keçəni əynimdən,
gündüz-gecəni əynimdən.
Soyunub məni əynimdən,
özümdən çıxıb gedirəm.

SİZƏ ELÇİ GƏLDİ, BİZƏ AYRILIQ

Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.

Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.

Məni nə havada buraxıb getdin…
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışıb-yandı,
sənin elçilərin şərbət içəndə.

Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
mənim baxışlarım keşik çəkirdi.

Sənin getdiyin yol, uzaq yoldu ha…
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
mənim ümidimin köçü başladı.

… Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub olmuşam,
əlimi qaldırdım “ağ bayraq” kimi.

Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.

AXTARIRAM

Mən özüm-özümə yadam, gəzirəm,
gəzirəm dünyanı, atam, gəzirəm.
Dərdimi deməyə adam gəzirəm,
qəbrimi qazmağa yer axtarıram.

Mən gen yol tutmuşdum, cığıra çıxdı,
bu yol da axırki axıra çıxdı,
nə alıb satdımsa çıxara çıxdı,
mən beş itirmişəm, bir axtarıram.

Bu bəxtlə, qismətlə heçəm dünyada,
xoş günə tapmadım bir çəm dünyada,
bu dəli başımla sərsəm dünyada,
ocaq axtarıram, pir axtarıram.

HARDASAN

İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.

İndi görən hardasan,
əynində hansı donun?!
Dönmək düşmür yadına?!
burda can verir canım.

...Bu dərd elə dil açıb,
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.

İndi görən hardasan?!
de yerini, gəlmirəm.
Sənə məktub yazmışam,
ünvanını bilmirəm.

İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.

Tural Adışirinin təqdimatında..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930