manera.az
manera.az

Bir dərvişəm yer üzündə - Vəli Xramçaylının şeirləri

📅 27.04.2020 18:16

Bir dərvişəm yer üzündə - Vəli Xramçaylının şeirləri
Manera.az tanınmış şair Vəli Xramçaylının (Dərviş Vəli) şeirlərini təqdim edir:

***
Bu dünyanın namərdini,
Görüb tapammaz mərdini,
Öz içində öz dərdini,
Böldü, bir Vəli, bir Vəli.

Yük, yükdü duz daşınnan,
Bir gün keçər öz başınnan,
Öz içində göz yaşınnan,
Göldü, bir Vəli, bir Vəli.

Nə dünyadı bir gədə ki,
Onun önündə gedə ki,
Nə ağlayıb, eh, nə də ki,
Güldü, bir Vəli, bir Vəli.

Bir karvanın köçündəcə,
Mən boyda, mən biçimdəcə,
Bu köksümün içindəcə,
Öldü, bir Vəli, bir Vəli.


***
Adamı ovudan qəmdi,
Köksümdəki qəmim yenə.
Bu yurdun dərya qəmində,
Üzər hər gün gəmim yenə.

Yoluna körpü salına,
Bu qəm də məndən alına,
Mən tək yazığın halına,
Söylə yanar kimim yenə.

Heç soruşma nə söyləyər,
Gedəni yoldan eyləyər,
Köklənibdi qan eyləyər,
Sarı simdə simim yenə.


***
Azı torpaq, çoxu sumu?
Aman Allah, dünya bumu?
Öz əlimlə ömrün şumu
Hər gün bellənər-bellənər.

Duya bilməz nadan, naşı,
Dünya dərddi addım başı,
Bu qəm dolu gözüm yaşı,
Hər gün sellənər-sellənər.

Özünə də çəkir torpaq,
Bu ömrümə şərik ortaq,
Bu ömür də yarpaq-yarpaq,
Hər gün yellənər-yellənər.

Dərviş Vəli haqq aşığı

Düşdükcə sözün sehrinə,
Ilham sinəmi teyləyər.
Yatdıqca sözün mehrinə,
Sözü sinəmdə əyləyər.

Tanrım yazıb bu yazını,
Nə çoxunu, nə azını.
Yol gedərəm yol uzunu,
Yol məni yoldan eyləyər.

Nə olub, zəmanə uşağı,
Eşit, gözümün işığı.
Dərviş Vəli haqq aşığı,
Haqqdan gələni söyləyər.

Mən Dərvişəm yer üzündə

Sel-su tək boşalıb dolan,
Yaş quruyub bu gözümdə.
Bu yollara yoldaş olan,
Bir dərvişəm yer üzündə.

Yolum çox uzaqdı, paşam,
Ayağına qəm dolaşan.
Dərə keçib dağlar aşan,
Bir dərvişəm yer üzündə.

Yurdun qəmilə yüklənən,
Elə bu yüklə təklənən.
Üçtelli sazda köklənən,
Bir dərvişəm yer üzündə.

Sazam, sözəm, deyişməyəm,
Amalında dəyişməyən,
Bu dünyaya uyuşmayan,
Bir dərvişəm yer üzündə.

Eh, nə deyim belə ömrə,
Yanıb-yanıb dönüb kömrə,
Gözün aydın, Yunus İmrə,
Bir dərvişəm yer üzündə.


***
Bu yer günah içindədi,
Soruşuma nə biçimdədi,
Karvanı öz köçündədi
Yığış gedək, Dərviş Vəli
Yığış gedək göy üzünə.

Dərd var nə mənnən addadı,
Yandırıb-yaxıb oddadı,
Dur gedək bağrım çatdadı,
Yığış gedək, Dərviş Vəli,
Yığış gedək göy üzünə.

Kim nə yapır, kim nə qurur,
Fikir vermə, itib qürur,
Göy üzündə qəbrin durur,
Yıgış gedək, Dərviş Vəli,
Yıgış gedək göy üzünə.


***
Həsrətəm qayıdıb dönən yoluna,
Əlim əllərinə uzalı qalıb.
Daha Sənin adın özgə ünvana,
Xatirən qəlbinə yazılı qalıb.

Yox, mən istəməzdim yollar bölünə,
Hər yolun özünün yolçusu varmış.
Mən isə ümidlə yaşadım, demə
Onun da bir həddi, ölçüsü varmış.

İndi tənha qalan Sənsiz ürəyim
Bu dərdi, möhnəti götürə bilmir.
Səni ürəyimdən aparan yollar
Səni ürəyimə gətirə bilmir...

Bu sevdanı çəkəmmirəm sinəmdə

Gözlərimdə gilələnib yaş olub
Ürəyimdə bir göyərməz daş olub,
Dağdan ağır,ağır yükü qoşulub,
Bu sevdanı çəkəmmirəm sinəmdə.

Çəmən ömrüm birdə daha gül açmaz,
Qaya köksüm bir kimsəyə əl açmaz,
Daha könül qanadlanıb heç uçmaz
Bu sevdanı çəkəmmirəm sinəmdə.

Gözum bulud boşalar hey, dolar hey,
Qəmi məndə gecələr hey,qalar hey,
Oda salıb bu canımı alar hey
Bu sevdanı çəkəmmirəm sinəmdə,

Heç bilmirəm hardan belə baş alıb,
Əl atanda, əlim elə boş qalıb,
Hər gün dərdi sinəm üstə boşalıb,
Bu sevdanı çəkəmmirəm sinəmdə.

Qaçmaq olmur,bir əlindən qaçım mən,
Açmaq olmur,bir kimsəyə açım mən,
Qanadım yox qanadlanıb uçum mən,
Bu sevdanı çəkəmmirəm sinəmdə......


***
Gözlərin yenəmi fikrə dalıbdı?
Başıyın üstünü bulud alıbdı.
Ömrüyün yarısı çoxdan qalıbdı
Uzaqda, uzaqda, ay Dərviş Vəli.

Çoxalıb yalandan üzə duranda,
Çoxalıb arxadan adam vuranda,
Yolların çox keçib qarda,boranda,
Sazaqda, sazaqda ay Dərviş Vəli.

Tək bircə yolun var o da ki haqdı,
Düzü qınamaq da vallah nahaqdı,
Bir tabut gözləyir səni nə vaxtı,
Qazaxda, Qazaxda, ay Dərviş Vəli.

Bu yurdda yeganə qəm ağacıyam

Bu yurda yeganə qəm ağacıyam,
Dərdim puçurlayar budaqlarında.
Bayatı, oxşama, nəğmə acıyam,
Nəğməm pıçıldayar dodaqlarımda.

Soruşma halımı, halım necədi?
Köksümün altında ürək çat verib.
Dərdimin bilinməz sayı neçədi?
Dərdim üst-üstə neçə qat verib!

Elə bu dərd ilə tənhayam, təkəm,
Yağar gözlərimdən qəm narın-narın.
Gərək ağrısını mən özüm alam,
Gözümnən könlümə bu yağan qarın.

Yelkənli gəminin dor agacıyam,
Küləklər qovacax əlimdən məni.
Bu yurdda yegane dar ağacıyam,
Bir gün asacaqlar dilimnən məni.

Gedək bu şəhərdən, mənim ürəyim

Kiminin bəxtinə güldü bu şəhər.
Kiminin bəxtinə küldü bu şəhər,
Mənim gözlərimdə öldü bu şəhər,
Gedək bu şəhərdən, mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.

Gah buzdu, gah da kı oddu bu şəhər,
İçimə çölümə yaddı bu şəhər,
Gör məni haraya atdı, bu şəhər,
Gedək bu şəhərdən, mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.

Adamı qarsıyır, sıxır havası,
Bu şəhər ömrümün qərib yuvası,
Hələ qarşıdadı mənlə davası
Gedək bu şəhərdən, mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.

Burda gur işıqlar adam aldadır.
Burda igidlərin başı qaldadı,
Anamın qəbrinin gözü yoldadı
Gedək bu şəhərdən, mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 515 | Yüklənmə tarixi: 27.04.2020 18:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031