manera.az
manera.az

Xanlar Həmid: Avestaşünas şair

Xanlar Həmid: Avestaşünas şair
Xanlar Həmid! Bu ad artıq Azərbaycan oxucusuna və sosial şəbəkə istifadəçilərinə kifayət qədər yaxşı tanışdır.

Ucqar bir rayonda, hətta rayon mərkəzi deyil, kiçik bir kənddə yaşayan bu şəxs çağdaş poeziyamızın tanınmış simalarından biridir. Bölgə sərhədini çoxdan aşan şair Xanlar Həmid və onun kimi insanlar sübut edirlər ki, xalqa, vətənə xidmət etmək və tanınmaq üçün təkcə paytaxt və mərkəzi şəhərlər deyil, elə balaca bir kənddə də yaşamaq kifayət edər. Təki insanda savad və istək ola.

Xanlar Həmidlə qiyabi tanışlığım 27 il əvvələ təsadüf edir. Onun “Aydınlıq” qəzetinin 24 noyabr və 01 dekabr (davamı) 1992-ci il tarixli saylarında dərc olunmuş “Talış dağlarında Babəkin izləri” məqaləsi məhz qiyabi tanışlığımıza “körpü” salmışdır. Şübhəsiz tarix fakültəsinin tələbəsi olaraq (qeyd olunan dövrdə ADPU-nun tarix fakültəsinin II kursunda oxuyurdum) həmin məqaləni böyük maraqla oxuyub, müəyyən cümlələrin altında xətt çəkəndən sonra onu kəsib “şəxsi arxivimə” – qovluğa qoydum. Qəzetdən kəsib götürdüyüm həmin məqalə indi də arxivimin qiymətli nümunələrindən biri kimi durur.

Sonralar da mətbuatda şeir və məqalələrini oxuyur, sosial şəbəkədə paylaşımlarını izləyirdim. Daha geniş imkanlara malik olan sosial media virtual tanışlığımıza gətirib çıxartdı. Virtual tanışlığımız bir il öncə Lənkəran şəhərində şair Ağamir Cavadın vasitəçiliyi ilə şəxsi tanışlığımıza, dostluğumuza gətirib çıxartdı. “Qan qanı çəkir” ifadəsi görünür heç də əbəs yerə işlədilməmişdir. Şəxsiyyət və yaradıcılığına hörmət bəslədiyim şair Xanlar Həmid deməmiş mənim dayımdır. Anam Şirin Kazım qızı Şükürova (Süleymanova) 1948-ci ildə Lənkəran rayonunun Havzava kəndində doğulsa da, əslən Lerik rayonunun Çayrud kəndindəndir və atası Kazım Adi oğlu Süleymanov 1893-cü ildə Çayrud kəndində doğulmuş, 1947-ci ildə Havzava kəndinə köçmüşdür. Məhz buna görə də Xanlar Həmidə dayı deyə müraciət edirəm.

Xanlar Hacı Ağamirzə oğlu Həmidov (Xanlar Həmid) 1954-cü il iyunun 25-də Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1971-ci ildə Çayrud kənd tam orta məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1980-2007-ci illərdə Lerik rayonunun müxtəlif məktəblərində müəllim, o cümlədən 2005-2007-ci illərdə Çayrud kənd tam orta məktəbinin direktoru işləmişdir. 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyəti Başçısının 6 kəndi əhatə edən Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 9 kitab və çoxlu sayda şeir, məqalənin müəllifidir. Mütəmadi olaraq dövrü mətbuatda və sosial mediada şeirləri dərc olunur və paylaşımlar edir. Cənub ARB TV və mərkəzi televiziya kanallarında çıxışları olmuşdur.

Xanlar Həmid 2018-ci ildə Zərdüştiliyin (Atəşpərəstliyin) müqəddəs kitabı olan “Avesta”nı (Yəşt hissəsini) ilk dəfə rus dilindən Azərbaycan dilinə poetik tərcümə etməklə adını Azərbaycan ədəbiyyatına və tarixinə əbədi olaraq həkk etdirmişdir. 27 aprel 2018-ci il tarixində Lənkəran Dövlət Universitetində “Avesta” kitabının təqdimatı keçirilmişdir. Dəvətlilər və çıxışçılar sırasında olduğum təqdimatda respublikamızın tanınmış elm xadimləri, şairlər, yazıçılar, tədqiqatçılar çıxış edərək müəllif və kitab haqqında yüksək fikirlər söyləmişlər.

Avestaşünas şair Xanlar Həmidin 1996-cı ildə 40, 2004-cü ildə isə 50 illiyi Lerik rayon Mədəniyyət evində rayon səviyyəsində qeyd olunmuşdur. Biləndə ki, iyunun 25-də dayımın 65 yaşı tamam olur, fikirlərimi yazıb hörmətli oxucular və userlərlə bölüşmək qərarına gəldim. Düşünürəm ki, bu həm də Xanlar Həmidin 65 illiyinə bir təbrik olacaqdır.

Çox hörmətli Xanlar müəllim, bir oxucu və bacı oğlu kimi sizi doğum günü münasibəti ilə təbrik edir, sizə can sağlığı, Lerik uzunömürlülüyü, yaradıcılığınızda, şəxsi həyatınızda və dövlət qulluqçusu kimi məsul fəaliyyətinizdə uğurlar arzulayıram. 65 yaşın mübarək Xanlar Həmid!

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kəndi, tədqiqatçı-tarixçi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI