Yaradıcılıq Fakültəsində Həmid Herisçiylə görüş | MANERA.AZ
![]()
Həmid Herisçi: "Mənə dəyər vermirlər. Və çox istəyirlər ki, özüm də özümə dəyər verməyim. Amma mən həmişə özümə dəyər verirəm. Çünki özümü çox yaxşı tanıyıram..."
Manera.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Həmid Herisçi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində görüşü zamanı deyib.
Görüşdə öncə fakültə dekanı Qismət Rüstəmov çıxış edərək qonağı salamlayıb.
Dekan Həmid Herisçini tələbələrə təqdim edərək qeyd edib ki, qonağımızı esselərindən, şeirlərindən və digər əsərlərindən yaxşı tanıyırsız. Belə ki, bu gün çox maraqlı bir görüşümüz baş tutur, Azərbaycanın orijinal fikir sahiblərindən biri olan Həmid Herisçi qonağımızdı.
Sonra fakültənin müəllimi, tənqidçi Əsəd Cahangir çıxış edib. O, öncə fakültəninin yaradıcısı Kamal Abdullaya, təşkil olunmuş görüş üçünsə fakültə rəhbərliyinə minnətdarlıq edib.
Həmçinin Ə. Cahangir çıxışında qeyd edib ki, Rus ədəbiyyatı Qoqolun "Şinel"indən çıxıb. Yazıçı Mir Cəlal Paşayev deyib ki, Azərbaycan ədəbiyyatı da Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxıb. Mən isə tam məsuliyyətlə deyirəm ki, müstəqillik dövrünün ədəbiyyatı Həmid Herisçinin yaradıcılığından çıxıb. Bu nümunə onun əsərlərini oxuyub təsirlənmək mənasından daha çox canlı ünsiyyət, söhbət və mühazirələrindən yaranıb.
Daha sonra söz Həmid Hərisçiyə verilib.
Yazıçı bildirib ki, mən Azərbaycanda yeganə insanam ki, özüməm. Məni heç bir şərt yetişdirməyib. Mənim üslubum, yazılarım, nəsrim, şeirim, televiziya verilişlərim - hamısını özünəməxsus şəkildə etmişəm. Ədəbiyyatda ən ciddi məsələ yazıçının nə qədər özü olmasıdır. Məncə, bu adı qazana bilmişəm.
H. Herisçi çıxışında yazçının tənha qalmaq məsələsini xüsusi vurğulayıb: "Yazıçı üçün tənhalıq vacib məsələdir. O, elə etməlidir ki, tam tənha qala bilsin. Mən özüm də elə etdim ki, hamını itirdim. Elə yerlərə getdim ki, ora məndən başqa heç kim gedə bilmədi. Çox qorxulu yerlər idi. Amma mən qorxu hissini unutmuşam, heç nədən qorxmuram."
Görüş sual-cavab şəklində davam edib. Yazıçı tələbələrin çoxsaylı suallarını cavablandırıb, onlar üçün "Solaxay" romanını imzalayıb, xatirə şəkilləri çəkilib.
Sonda Həmid Herisçi keçirilən görüşlə bağlı təssüratlarını Manera.az-a bildirib: "Bugünkü tədbir çox maraqlı keçdi. Yaradıcılıq fakültəsinin tələbələri məndə xoş təəssürat yaratdılar. Mən sevinirəm ki, belə tələbələr yetişir. Qeyd edim ki, suallar hərtərəfli idi. Deməli, tələbələr istəyirlər insanı öyrənsinlər; təkcə yaradıcılıq baxımından deyil, onun metafizik tərəfini də bilmək istəyirlər."![]()
![]()
![]()
![]()
Şəhla,
MANERA.AZ
Fotolar Nofəl Ümidindir.