"Mənə bənzər insan, hardasan" - Həmid Herisçi
Bu gün yazıçı, şair, publisist, televiziya aparıcı Həmid Herisçinin doğum günüdür.
Həmid Herisçi 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə "Space" telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. Hazırda ANS telekanalında "şəxsiyyət vəsiqəsi" verilişinin aparıcıdır.
Manera.az olaraq Həmid Herisçini ad günü münasibəti ilə təbrik edir, bir şeirini oxuculara təqdim edirik:
Ey, mənə bənzər insan,
Mən daim səni axtarıram…
Bu aləm ağı qaranı özündə birləşdirən
qorxunc ağcaqayın idi,
bu çoxdan aydın idi,
göydəki ulduzları quru meyvə kimi
suya salmaq lazım idi,
bu çoxdan aydın idi…
Ey, mənə bənzər insan, sən hardasan?
hardasa yaxındasan
pərdənin arxasındasan,
ürəyin darıxır,
əlində kibrit qutusunu
oynatmaqdasan…
bu ucuz şorbaların buğundan tərləmiş
güzgülərin üstündə
mən barmağımla hansı sevgimin adını yazım?
bilmirəm ölüm,
yoxsa qalım.
bəlkə gedim, o mənə bənzər insanı
axtarım tapım,
bir əsgər kimi bel kəmərinin toqqasını
silib parıldadım,
onun qabağına çıxım?
Ağ ev, Qızıl meydan sözlərindəki
rənglərə olan qədim inamlara,
bəlkə də yalanlara,
məndə bir inam
qalmayıb,
zaman bizə verdiyi
maaşları azaldıb,
bilirəm, mənə bənzər o insan
gəlib buralarda məni
axtarıb…
ancaq tapmayıb…
burdakı yazı mizlərinin üstünə
fahişələrin telefon nömrələri yazılıb,
kim gəlib, bildiyi başqa nömrələri də
ora artırıb,
mizlərin üstündə boş yer qalmayıb!
bütün bunlar
mənim varlığımı sarsıdır,
ey, mənə bənzər insan, indi, bu gün
bizim görüşümüzün vaxtıdır !!!
Manera.az