Bakı Slavyan Universitetində Bilik günü qeyd olunub - MANERA.AZ
Bakı Slavyan Universitetinin (BSU) hər iki tədris korpusunda və universitet nəzdində Məktəb-Lisey Kompleksində (MLK) Bilik günü təntənəli şəkildə qeyd edilib.
BSU-nun Mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, ötən illərdən fərqli olaraq fakültələrdə və MLK-da dərslər saat 8:00-da başlanıb.
Fakültələrdə ilk dərslər “Heydər Əliyev və Azərbaycan təhsili”, Məktəb-lisey kompleksində isə “Bakı 2015 Avropa Oyunları” mövzularına həsr olunub.
İkinci tədris korpusunda yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor Telman Cəfərov çıxışında BSU-ya bu il qəbul olan tələbələri və digər kurs tələbələrini təbrik edib.
Filologiya fakültəsinin dekanı, professor Zemfira Vəliyeva, jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı, dosent Səfər Məmmədov, rus dili kafedrasının müdiri, professor Aidə Şahbazova, roman filologiyası kafedrasınının müdiri, dosent Firuzə Bayramova və Sosial məsələlər üzrə rektor müşaviri Elcan Məmmədov çıxış ediblər. Birinci kurslara gələcək fəaliyyətlərində, təhsildə uğurlar arzulayıblar.
Birinci kurs tələbələri və məktəbə ilk dəfə qədəm qoyan birinciləri universitet və fakültə rəhbərləri, Nəsimi Rayon İcra Hakimiyyəti, təhsil ictimaiyyəti nümayəndələri təbrik ediblər. Tədbirlərdə valideynlər, məzunlar, eləcə də BSU-nun professor-müəllim heyəti iştirak ediblər.
Bilik günü münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun xətti ilə tanınmış ziyalılar universitet tələbələri və Məktəb-Lisey Kompleksi şagirdləri qarşısında maraqlı mövzularla çıxış ediblər. Əsas tədris korpusunda “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda çıxış edən fəlsəfə doktoru, əməkdar jurnalist, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə həm də bugünkü təhsilimizin aktual məsələlərinə toxunub və mövzu ətrafında tələbələrin suallarını cavablandırıb.
Məktəb-Lisey Kompleksində AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü Mövsüm Nağısoylu “Heydər Əliyevin həyatı multikulturalizm ideyaları işığında” mövzusunda çıxış etdi, şagird və tələbələrin suallarına cavab verdi.