manera.az
manera.az

Sevən qəlbə yarın üzü qiblədir.. - TƏCNİSLƏR

Sevən qəlbə yarın üzü qiblədir.. - TƏCNİSLƏR
Manera.az Elnur Uğurun təcnislərini təqdim edir:

Yarasa

Sevən qəlbə yarın üzü qiblədir,
Yaralanmaz yar yarına yarasa.
Sevənlərə gündüz- gecə nə fərqi?
Sevməyənlər yarasadır, yarasa.

Bədbəxt odur bax ola dil, əl acı,
Dil acısa doyurmaz ki əl acı.
Tapılacaq əlacsızın əlacı,
Qəlbdə yara sevgi adlı yarasa.

Elnur, odla oynayırsan od ara,
Eşqin oddur salmaz səni o, dara.
Gözündə kaş səni çəkə o dara,
Nə gözəldir səni gözdən yar asa.

Qaranquş

Öp səhərin ağ üzündə bu eşqi,
Uç səmada apar yara, qaranquş.
Həyətində qon ağaca civildə,
Çatdır ona qəlbim yara, qaranquş.

Ağ nəğməndən ağ üzlü qış çəkindi,
Bahar eşqin eşqdən doğan çəkindi.
Öz səsinlə yara sığal çək indi,
Gəl sonadək eşqə yara, qaranquş!

Elnur Uğur eşqdən gəlir bil dilə,
Bu sevdaya yaz müjdəsi gəl dilə.
Yarı sevdim bu sevdamı al dilə,
Çatdır nolar, küsər yar a, qaranquş.


***
Tarla ömrü yaxşı şumla,yaxşı ək,
Biçin vaxtı qoyma səni incidə.

Əzizim min inci də,
Zərrədir bir incidə.
O gün küllər kül olar,
Əl əməli incidə.

Sabahını söyməməkçün bu gündən,
Dünənini sabah üçün incid,ə!

Adamsansa quruya yan,yaşa yan!
Hər yaşını quru adla yaşa,yan!

Əzizim o yaşa yan,
Adam-adam yaşa,yan!
İçində zirzəmidir,
Üzündə dam yaşayan.

Adam kimi yaşamırsa yaşayan,
Qiymət yoxdur həyat boyda incidə.

Gecə əgər gizlətmirsə nəf Ayda,
Otuz günə olarmı de nəf ayda?

Əzizim hər nəf ayda,
Nəf dolanır nəf Ayda.
Dolanıb dolmursa o,
Ha dolansın nə fayda?

Bəxti qızıl olmayana nə fayda?
Heçdir qızıl taxt da, ləl də, inci də.

Yaradam

Dünya qanda, vicdan qında boğulur,
Bu dərd ilə az bağrımı yar,adam!
Məhbəs ömrü yaşayıram cahanda,
Bir adama içdən olmur yar adam.

Gələn gündən qırır adam adamı,
Adam-adam vurduq ada "madamı"ı.
Bu dənizdə boğ o adam adamı,
Daha bəsdir nə qan dam,nə yara dam!

Güllələri yetər atın o yana,
Eşq gül açsın,Elnur,qoyma o yana.
İstərəm yer sülh səsiylə oyana,
İstərəm ki, belə dünya yaradam!

Yayana əhsən

Közərmiş ümid var, sanma o yanar,
Yel vurar ya sönə, ya yana, əhsən!
Hər eşqin sübhündə bir qız oyanar,
Onda sığmaz bahar, yay ana, əhsən!

Ümiddən kibrit çək sapa, ya şama,
Zülmətin bağrında zülmət yaşama.
Fitrətlər ibrətdi bax hər yaşama,
Duyana mərhaba, yayana əhsən!

Elnurun uğuru dayazda deyil,
Dayaz var dərindən dayaz da deyil.
At olmaq istəyən day az da deyil,
Bu yolda ya qala, ya yana, əhsən!!!

Dağlar

Yazda qara əsir düşdü,
Güvəndiyim həmin dağlar.

Əzizim həmin dağlar,
Sinəmi əmin dağlar.
Bir qəlb dağı önündə,
Dağılar yüz min dağlar.

Əllərimdə düyün düşdü,
Sinəmdəki düyün - dağlar.
Xəyal atla yoldaş çapar,
Hər gün xəyal yol,daş çapar.

Əzizim yol,daş çapar ,
Yol yolda yoldaş çapar.
Qarabağa tək gedən ,
Xəyalım, yoldaş çapar.

Bir xəbər ver, yoldaş çapar,
Susqunluğun sinə dağlar.
De ki, Şuşa bax alındı,
Orda neçə ruh alındı.

Əzizim o alındı,
Çox qəlb yandı, alındı.
Sən yazdın bu qisməti,
Allah, bu nə alındı?

Tanrım,de bu, nə alındı?
Yazısı dağ basan dağlar.

Yeridi

Təbim sular kimi coşar, qaynayar,
Ürəyim dupduru bulaq yeridi.
Cana isinmisən, qana qayna yar,
Gözün gözlərimdə necə yeridi?

Daha ayrılıqlar qoy qalsın mələr,
Ürəyi acıtmır hər acı "mə" lər.
Bizim yerimizdə hicranlar mələr,
Həsrətin yeri yox, eşqin yeridi.

Elnur, gələcəkdən baxar daşım, a!
Bu torpaq ömrümü daşı daşıma.
Yerini sevgisiz daşa daşıma,
Qoy baxan deməsin bu nə yer idi?

Göy

Quş dilində danışıram göy ilə,
Düşüncəmin qanadı göy, gözü göy.
Ayaqları üzülməz öz yerindən,
Bax sözümün alt- üst üzü səma,göy.

Səma sətir, göy misra nə, nə bilər?
Qanmaz nədir, nə araşdır, nə bil, ər!
Söz elçisi haqqın üzü Nəbilər,
Sizə azmı daş atdı hər üzü göy?

Qibləm özüm, özüm üzüm, üzüm üz,
Gəl üzümdə iki gilə üzüm üz.
Baxma burda quraqlıqdı üzümüz,
Bu üz səhra, o üz ömrün üzü göy.

Yazıda yazda

Sevgisiz boş qutu döyünən ürək,
Sevgili bir ömrün yazı da yazdı.
Gülüm, sənə olan məhəbbətimi,
Tanrım, alnımdakı yazıda yazdı.

Bədənin qəfəsi ruhdur, dəri nə?
Ruhun hikmət duysa sığmaz dərinə.
Sən adlı ip ilə endim dərinə,
Səndən bəhs etməyən yazı dayazdı.

Saçımda ağaran sevdan nə dəndir?
Hər dən ömrü dənlər bu dən nə dəndir?
Bilirəm gəlişin, Elnur, nədəndir,
Nurundan çox ürək yazı da yazdı.

Dağlara dağlar

Murovun gözünü tutubdur qırov,
Yenə həsrət qalıb dağlara dağlar.
Bir qarı əlində əsirdir Murov,
Hal-əhval tutan yox, dağlar, a dağlar!

Söylə hara gedir bu,hara yaza?
Dərdli el dərdini bəs hara yaza?
Qorxuram hay itə,yurd,haray aza,
Azğınlar çəkələr dağlara dağlar.

Qurudu gör neçə insan soyu, dur!
Soysuzlar oyduğu ahda soy udur.
Düşmən yaddaşını səndən soyudur,
Tapdanan sinəndə, dağlar,ad ağlar!!!

Heç kimi

Bax bu dünya oralıqdır, oralıq,
Sonda ilk də əfsanə bir heç kimi.
Oralığıq, deyilik ki buralıq,
Buralarda incitdin bir heç, kimi?

Sən torpaqsan, vaxt əkinçi, bir dənəm,
Qoymaram ki, gözün ola bir də nəm.
Təkcə səni sevəcəyəm birdənəm,
Səni sevən sevməz ki,bir heç kimi.

Üzümüzdə üz gəzdirək yad ola,
Kaş üzümüz yad üzlərdə yad ola.
Dünya yüz yol ya boşala, ya dola,
Heçdən gələn getməyə bir heç kimi.

NeftçalaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031