manera.az
manera.az

Yaşamağı öyrənəndə.. - Günay Ümidin şeirləri

📅 26.04.2018 12:21

Yaşamağı öyrənəndə.. - Günay Ümidin şeirləri
Manera.az tanınmış şairə Günay Ümidin şeirlərini təqdim edir:

BU ÖMÜR NƏFƏS BOYDAYMIŞ

Başımı fikirə söykədim yenə ...
Bu fikir yastığı əzir başımı...
Ay ana, bu ömür nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı...

Tıxa qulağıma layla səsini
Kədərin saçını kimdi bu hörən?
Qapı -pəncərəsi bağlı bu evin
Yuxum hara qaçıb bu evdən, görən?

Əzilmiş şeirlər döşəmə üstə,
Onu kitab-kitab yığmaz bu balan...
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik ayağına sığmaz bu balan...

Bələ gözlərimi yuxuyla mənim...
Arzu urəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında...

Çoxdan kədərimə oxşayıram mən
İnanma, uşaqlıq bəyənə məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağılların əyninə məni.

BİR AZ SEVMƏK

Bir az eyibləri sevmək,
Ağ buxaqda yer edən
Gözəlin xalı kimi.
Bir az yalanları sevmək
Bir bədbəxtin üzündə
ümid sığalı kimi.

Bir az gileyi sevmək,
Fəryadın dodağında
Nəğmə oxumaq kimi,
Bir az həyatı sevmək
Ölumdən qorxmaq kimi.

Bir az xəyanəti sevmək
Üşuyən ismətlərdə
Sədaqət anmaq kimi.
Bir az əlinin qabarını,
Üstunun palçığını ,
Bir az cəhənnəmi sevmək
Cənnəti qazanmaq kimi.

Bir az günahı sevmək,
Allahın ətəyində
Mərhəmət dilənmək kimi.
Bir az ağlamağı sevmək
Ürəkdə közə dönən
dərdə su səpmək kimi.

Əzablara gülərək
Bir az qalmağı sevmək
Öz-özündən əl çəkib
Gümana getmək kimi.
Və bir az səni sevmək
Nifrəti azad edib
Qəlbi həbs etmək kimi.

İNSAN HASARLARI

Ömrümüz də yetmədi
Bu ömrü yaşamağa.
Günlərimə gün saydım,
Fələk də öz sayında.
Ümidimi itirdim
insanlardan hörülən,
Hasarın o tayında.

Qızımın gülüşündən,
Bir parça gülüş kəsib,
Yamadım dodağıma.
Oğlumun yuxusundan
Oğurlayıb hüzuru,
dağıtdım yatağıma.

Bu insan hasarları,
Tikanlı məftillərin
Qucağında amansız.
Parça-parça topladım,
Özümü bu dünyadan.
Amma heyif, zamansız,
Mən həmişə gec qaldım,
Mən mənə oxşamadım…

Qayğılardan xəbərsiz,
Göyərçin körpələrim,
Bu hasarın kölgəsi
Gözünüzə düşməmiş,
Bağlayın gözünüzü.
Ey daşlaşan insanlar,
Tökün ətəyinizdən
Dağıdın özünüzu!!!

YUXU YOZUMU

Yaman solaxaydı ürək ağrısı,
Sancısı şeirdən tutub yeridi.
Taleyi ovucdan oxuyan şair,
Əllərim bir ovuc sığal yeridi.

İçimdə bu soyuq nədir, donuram,
Yaman üşüyürəm ürək əsəndə.
Daha dindirmirəm xəyallarımı,
Dilimi kəsmişəm kəlmə kəsəndə.

Duamın əlləri göyə uzanıb,
Hey dartır tanrının ətəyin yerə.
Bir şeir canı var ağrılarımın,
Çəkmişəm qələmin tətiyin yenə.

Elə yorulmuşam, bu yolsuzluğum
Yerisəm, bir addım zamandı, şair.
Dərd təzə dəmləyib göz yaşlarımı,
Gəl içək, soyutma, amandı, şair...


***
Sayları unudandan,lap sıfıra dönmüşük.
İki ola bilməyib, ... İkiyə bölünmüşük.
İndi qoyduğum nöqtə. Bir yanağa xal deyil.
Səni bilmirəm, indi. Mənim halım hal deyil.

Səssizə alıb ömrü, Titrəşimdədi ürək.
İndi özüm özümdən. Yapışıb qalxam gərək.
Sarı simə köklənən. Telli,duvaqlı sazıq.
Alın qırışımızda rəqs edən kəndirbazıq.

Küləyə qoşulmuşuq əsir güman yelləri
Ovcumuzda üşüyür şeirin kağız əlləri.
Bayquş yuvası olub köksümüz bir anlıq
Bir sətir yandırıram isinə bu qaranlıq

Sayları unudandan lap sıfıra dönmüşük
İki ola bilməyik ikiyə bölünmüşük.

ALLAHIN ÜRƏYİ YER KÜRƏSİDİR

Əyilib, çiynində günah daşıyır
İnsan tövbələrin tən ortasından.
Girib, ürəklərdə şeytan yaşayır
Sancağı acılmış dar yaxasından.

Bu açılan sabah ömür tövhəsi.
Qara baş daşlarə qəmin içində-
Alin yazısının hesab lövhəsi,
Çıxan, toplananı, cəmin içində.

Hər kəsin içində ölüm yaşayır.
Bu qorxu qorxunun başına gəlmir
Vərəq sinəsində fikir daşıyır
Bu şeirin rəngi də xoşuma gəlmir.

Filin cəsurluğu quyruğu boyda,
İti tula edən bit-birəsidir.
Hər kəsin ürəyi yumruğu boyda,
Allahın ürəyi yer kürəsidir

MƏNİ

Şeytan qondu pəncərəmə,
Dünyam uçdu zəlzələmə,
Bu xaraba mənzərəmə,
Baxan seyr bildi məni.

Yerim qalmadı köçümdə,
Qisas olmadı öcümdə,
Sevdim dərdimi içimdə,
Kədər xeyir bildi məni.

Şaxtanın közündən düşdüm,
Bir lalın sözündən düşdüm,
Qələmin gözündən düşdüm,
Vərəq şeir bildi məni.

ӘLLӘRİ XINALI ARZULAR

Әllәri xınalı arzularım var,
Sәn tәk küçәlәrin ürәyi dә daş.
Baxışım asılan pәncәrәnizdәn,
Pәrdәnin yaşmağın endirәydin kaş.

Mәn qara bәxtimin sarı simiyәm,
Nә vaxtsa ürәkdәn dinmәyim çәtin.
Sәtri tapılmayan şeir kimiyәm,
Gülüşümü girov alıb hәsrәtin.

Nә soyuq, nә isti, әngәl bilmәyәn,
Xәyalların boyu uca, göy nәdir?!
Ağlamıram, baxma gözlәrim dolub,
Gözümә ayrılıq düşüb, göynәdir.

YAŞAMAĞI ÖYRƏNƏNDƏ

Otağa süzülən işıq
aydınladacaq siqaretin dumanını…
Qamaşmış gözlərin
Titrədəcək canını.
Buz tutmuş günəşin
şəfəqində sürüşəcək lənətlədiyim xəyallar,
-hələ gözlərim görür,
qulağım eşidir – deyəcəksən.
Göz yaşı göynətdikcə yanaqlarını
əzabına ümid doğrayıb yeyəcəksən.
Dişlərin kəsəcək arzularını,
udacaqsan
parça-parça öldürdüyün diləkləri,
Dəli kimi
öpüşəcək dodağınla
aldanışlarının acısı,
İyrənəcəksən...
İyrənəcəksən dodağına hopan haqsızlıqdan.
Pəncərədən aşağıda
Bom-boz həyat
yalançı rəngləriylə
titrəyəcək göz yaşında.
Çılpaq həyat
sancı kimi ağrıyacaq başında.
Göylərdə buludlar ləkələnəcək
gündüzlərin xəcalətindən.
İçindəki qaranlığın kölgəsi düşəcək ətrafa…
Ahlarının səsini əyninə geyəcəksən,
Gecədir deyəcəksən.

Həzin külək
qəmli-qəmli oxuyacaq saçlarında,
Oyanacaqsan
yeni günün eyni səhərinə.
Ürkəcəksən
baxışındakı yenilikdən,
İstehzayla
günaydın deyəcəksən
aynadakı əksinə…
Beləcə
soyuyacaq zaman
qəddarlaşdırdığı insanın üzündə,
Yaşamağı öyrənəndə
qorxu öləcək gözündə…


Baxış sayı - 4 016 | Yüklənmə tarixi: 26.04.2018 12:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031