manera.az
manera.az

Barı yaddaşının küncündə saxla - Şeirlər

📅 19.09.2017 15:14

Barı yaddaşının küncündə saxla - Şeirlər
Manera.az gənc şair Seymur Əhmədzadənin şeirlərini təqdim edir:

* * *
Məni hara belə yola salırsan?
Gec gəlib, tez gedən qonaqlar kimi.
Barı yaddaşının küncündə saxla,
Məktəbə gecikmiş uşaqlar kimi.

Yanında qalmağa gücüm olaydı
Yolları bağrından nə sökərdim mən!
Gərək uşaqlıqda rəssam olaydım,
İndi ürəyinə dağ çəkərdim mən.

Yox, nəsə ovutmur darıxmağımı,
Heç bir şey boşluğun yerin almayıb.
Elə bil nəyisə itirmişəm mən,
Bağışla, ürəyim səndə qalmayıb?


* * *
Bir nəfəs sözünü danışa bilməz,
Bir nəfəs üstündə əsərmiş ürək.
Yanında özümü itirirəmsə,
Bu səni ömürlük itirmək demək.

Səni unutmaqçun düşünürəm ki,
Sən başqa adamsan, mən başqa adam.
Səndən qaçıram ki, özümə gəlim,
Yenə də səninlə qarşılaşıram.

Sevginin rəmzidir qızaran gözüm,
Sənin gül payındı əzizləyirəm.
Qarası üstündə ləkədir deyə,
Onu da ağlayıb təmizləyirəm.


* * *
Dedin: "Ayrılırıq" Dedim: "Birinci
Mən gedim, sözündən çıxa bilmərəm.
Geriyə baxmasam incimə məndən,
Çünki ayrılıga baxa bilmərəm.

Məktublar yazmısan: "Unut hər şeyi"
Gəlir məktublardan soyuq nəfəsin.
Yandıra bilmirəm məktublarını,
Mənim ürəyimi yandıran kəsin.

Sevmək də bir dərddi, unutmamaq da,
Dərdin zirvəsində mən oluram, "Mən".
Səni unuduram, narahat olma,
Dönüb yavaş yavaş sən oluram mən.

Bu zirvə, bu da mən, mənim "Özüm Sən"
Keçmək istəyirsən, "Özündən" öt, keç.
Deyirsən:"Xərinə dəymişəm sənin"
İnsan öz xətrinə dəyə bilər heç?!



***
Adamlar ölməmiş son nəfəsində
Tozlar durub gedir şəklin örtməyə.
İldə bircə dəfə, ölüm günləri
Gül alıb gedirik təbrik etməyə.

Yanaşı düzülmüş o baş daşları,
Bizi ən hörmətli qonaq sayırlar.
İçəri girəndə, hörmətə bir bax,
Bizi ayaq üstə qarşılayırlar.

Bizə kitab-kitab oxumaq üçün,
Bir baxış qonaqlıq verər ölülər.
Hamısın bir nəfər öldürüb, həm də
Hamısı bir baxış üstə ölüblər.



***
Yoxluğuna sarılıb,
Varlığından küsərsən.
Onu unutmaq üçün,
Həsrətini sevərsən.

Ümidləri öldürüb,
Ümidsiz ağlayarsan.
Ürəyinin başına
Düyünləyib bəxtinin
Qarasın bağlayarsan.

Çox şey dəyər xətrinə,
Dəymə-düşər olarsan.
Unutmaq istəyərsən,
Özün unudularsan.

Aylar keçər...
Hardasa
Onunla rastlaşarsan.
Danışmaq istəyərsən,
Uşaq kimi çaşarsan.

Axır dilə gələrsən:
-Unutmaqa çalışdım...
O an kəsib sözünü
Qəribə gülümsəyər.
Başa düşürmüş kimi,
Öldürdüyü insana
"Canın sağ olsun" deyər.



***
Odu sönmüş bir ocağın,
Külünə qatdılar məni.
Özlərinə tay bildilər,
Məndə unutdular "Mən"-i.

Allahdan ayırıb, niyə,
Elə Allah deyə deyə,
Təpikləyə təpikləyə,
Allaha atdılar məni.

Qazancından hər nə çıxır,
Hesabına cənnət yığır.
Öldürə-Öldürə axır
Vurub oyatdılar məni.

Bu nə yol idi seçdilər!?
Boyuma kəfən biçdilər,
Gəlib yanımdan keçdilər,
Qəbrimə çatdılar mənim.


Baxış sayı - 2 048 | Yüklənmə tarixi: 19.09.2017 15:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031