manera.az
manera.az

Hər payız lələklər həsrətdən yazır.. - Şeirlər

📅 18.04.2018 12:53

Hər payız lələklər həsrətdən yazır.. - Şeirlər
Manera.az tanınmış şair Xəqani Həbiboğlunun şeirlərini təqdim edir:

BƏNÖVŞƏ

Ay utancaq gözəl,həyalı gözəl,
Nə tez soldun,gözüm doldu,bənövşə.
Taleyi kəmlərin,gözü nəmlərin,
Kədəri,möhnəti boldu,bənövşə.

De,danış dərdini duyaram səni,
Solsan qanım ilə boyaram səni,
Qıysam bir o qıza qıyaram səni,
O eşq də vədəsiz soldu,bənövşə.

Ürəyim ağrıdan aram olmadı,
Mənim heç sağalan yaram olmadı,
Dikbaş gözəllərlə aram olmadı,
Xəqani qanana quldu,bənövşə.

KÖNLÜMÜ

Sanırsan ki,gözəllikdən küsübdü...
Gül ilə tutursan dilə könlümü.
Kərəm Ərzurumda borana saldı,
Sara Arpaçayda selə könlümü.

Sərtlikdə zəriflik-fikrin yarğanı!
Bu yarğanda neçə arzu doğranır...
Bənövşə-yastığı,nərgiz-yorğanı,
Lalənin ovcunda bələ könlümü!

Qismətim olmadı ağacdan çətir,
Şeiri yazıram,kül olur sətir.
Buzdan kar aşmadı,bir sal duz gətir!
Ərit göz yaşında,çilə könlümə!

Hansı bənövşəni şoran gözləyir...
Sanma Xaqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam,öyrətmə gülə könlümü!

AYRILIQ

Görən niyə qarğıyırıq,görəsən,
Eşq sərgisi,qəm xırmanı-ayrılıq.
Olmasaydı sevgi aclıq çəkərdi,
Məhəbbətin dəyirmanı-ayrılıq.

Baxma ki göz yaşı belə sellənir,
Sevda quşu ayrılıqla dənlənir,
Kitablarda qalaqlanır,çinlənir,
Eşq gözəldir,güllü donu-ayrılıq.

Ay Xəqani,nədir səni göynədən,
Dünyanı tutası deyildi dədən,
Doğuldun-Allahdan,öldün-bəndədən,
Əzəli-ayrılıq,sonu-ayrılıq.

KÜSMƏRƏM

Gözəl,gözəllərdən gözəl küsməyi,
Gözəl bilirsənsə öyrət,küsmərəm.
Axı,küsdürməkdi mənim adətim,
Sənət sağlığına qismət,küsmərəm.

Bulud gəldi yenə göylər qarışdı,
Susuz qalan güllər səni soruşdu,
Elə aşkar küsüb xəlvət barışdıq,
Xəlvət barışarıq,xəlvət küsmərəm.

Ürəyim dağ mehi,nə əsər indi,
Küsmək sənin yarağın,kəsərindi,
Sən dahisən,küsmək şah əsərindi,
Qoy yaşasın incəsənət,küsmərəm.

Dilinə düzülüb qaratikanlar,
Ara gözün sancır,ara-tikanlar,
Ətrafında durub sıra tikanlar,
Azacıq onları seyrəlt,küsmərəm.

Zərif əllər necə usta yay tutur,
Hər gələn ox dincliyimə vay tutur,
Toyqabağı əsəblərə toy tutur,
Xəqanidən toya xələt:-küsmərəm.

GÖZLƏR

Yamacda-çiçəyi,göydə-ulduzu,
Əlim çatmayanı göz dərib gözlər.
Gəl öpüm gözündən ay qara oğlan,
Nə qədər mənalı göz görüb gözlər.

Alınan canlardır,verilən buta,
Kiprik qovuşdurar,sanmayın yata,
Hamı doğma gəzir əlindən tuta,
Görəsən,nədəndi göz qərib gözlər.

Gözlərin soyuğu-balıq gözüdü,
Sevgimiz-tutmayan calaq gözüdü,
O qızın gözləri-bulaq gözüdü,
Suyunu Xəqani göndərib,gözlər

BU GECƏ

Əzablar içində çırpınan ürək,
Qədəhi çırpılan meyəm bu gecə!
Göyü uçub getmiş torpaq kimiyəm,
Torpağın itirmiş göyəm bu gecə!

Yollar mənə gəlmir, yollar-yalançı!
Sevgi yiyəsiz qız, dünýa halvaçı!
Sevincim çöllərdə qərib dilənçi,
Kədəri fatehəm, bəyəm bu gecə!

Basılmış şəhərəm - qırğınlar, talan...
Keşikçisi satqın, qalası filan!
Qılınclar oxşayan, küləklər çalan,
Sınıq bir tütəyəm, neyəm bu gecə!

Qanadım da yoxdu, necə uçum mən...
Olsa da, özümdən hara qaçım mən.
Elə susuzam mən, elə acam mən,
Bəlkə qəmlərimi yeyəm bu gecə...

Övladı vəfasız vətən kimiyəm!
Vətəni dumanda itən kimiyəm.
Ruhun unutduğu bədən kimiyəm,
Kəfən də tapmıram geyəm bu gecə!

Haqqın dərgahına yol uzaq olur,
Çatmasa yolçu yox, yol yazıq olur.
Göylərə ulayan yalquzaq olur,
Xaqani, qapı var, döyəm bu gecə?!

NƏRGİZ İÇİNDƏ

Məmməd Aslanın ölümünə

Kəlbəcər yerdən çox göydə fırlanır,-
Bənövşə bürcündə, nərgiz bürcündə.
Dağlardan arana yolçu gəlirdi,
Bənövşə-telində, nərgiz-xurcunda.

Naləm-qəmli deyil, ahı-sərxoşam,
Heyrətim-dəlidi,"bah"ı sərxoşam.
Göz dodaq olandan ruhu sərxoşam,
Bənövşə içəndə, nərgiz içəndə...

Qışda çiçəklədin, bu zor içində...
Yaşadın ömrünü qürur içində.
Narahat yaşadın, yat nur içində,
Bənövşə içində, nərgiz içində…

Laçın qayasından bir duman keçir,
Tərtər yanar, buz bulaqdan su içir.
Hər şair dünyadan bir çəmən köçür
Bənövşə köçəndə, nərgiz köçəndə...

Ürəyim yarıyıb, ağlımı ağla!
Xəqani, yolları bağlını ağla!
Təkcə Məmməd üçün ağlama, ağla -
Bənövşə üçün də, nərgiz üçün də.

DƏRDİ

Çillədə yaz dərdi var,
Baharda da çillə dərdi.
Dərd gündə min adam tapır,
Tapılmayıb hələ dərdi.

De,nəyin bircə dərdi var,
Balığın Kürcə dərdi var,
Xırmanın sərçə dərdi var,
Sərçənin də cələ dərdi

Fələk yenə biçindədir,
Biçini yüz biçindədir,
Dərmanı öz içindədi,
Qardaş,salma çölə dərdi.

ƏRİK ÇİÇƏYİNƏ YAZILAN ŞEİR

Qarlı dağa bənzəyirsən,
Bir az qız sinəsinə.
Elə bil ki,cırmaqlayıb,
Səpiblər düz sinəsinə.

Qış səngidir,yaz yanardı,
Kərəm sönsə,saz yanardı,
Od qaladım,buz yanardı,
Qoysaydım buz sinəsinə.

Vəsf eyləyim deyim ağı?
Nakam eşqin ağ bayrağı,
Bənövşəylə sən tək dağı,
Çəkiblər yaz sinəsinə.

FİKİR ÇALDI,SÖZ OYNADI

Unutma ki,unutmuşam hər şeyi,
Bilirsən ki,daha heç nə bilmirəm.
Görürsən ki,səni görmür gözlərim,
Ölürsən ki,day dərdindən ölmürəm.

Fikir çaldı,söz oynadı,dil nəçi?
Sən od idin,mənsə ocaq,kül nəçi?
Gələr olsam körpü nəçi,yol nəçi?
Gəlmə demə,gəl desən də gəlmərəm.

Ağlaginən,çün ağlamaq gərəkdi,
Bir gülüşə min ağlamaq gərəkdi,
Ağlamaq yox,gün ağlamaq gərəkdi,
Nə gündəyəm,özümə də gülmürəm.

AĞRILAR-KÖPƏK BALIQ

Yol doğanaq,yol çatı,
Var xalısı,var çatı,
Yol hamını atıb-tutur,
Atsa da tutmur məni.

Sözüm yoxdur sırğalıq,
Atım da yox yorğalıq,
Ağrılar köpək balıq,
Çeynəyir udmur məni.

Bu dərd qəlbimi oyar,
Salamat ürək qoyar,
Həsrət-it,sahibi yar,
Yanında tutmur məni.

AYRILIQLAR

Mənə lələk verin,köçür durnalar,
Qələm yaza bilmir ayrılıqları.
Aləmin taleyin ayrılıq yazır,
Aləm yaza bilmir ayrılıqları.

Durnalar səmada hələ də azır,
Bu nazın tarixi bir yazdı azı,
Hər payız lələklər həsrətdən yazır,
Hələ yaza bilmir ayrılıqları.

Nə durnalar kürdü,nə duman dəli,
Xəqani,bu ülfət mələk əməli,
Sındırram qələmi,qırram bu əli,
Biləm yaza bilmir ayrılıqları.

KƏLBƏCƏRDƏ BOŞ QƏBRİM VAR

Salam,ay başdaşım,salam,
Qoynunda qəbir necədir?
Beşiyimdən incimişəm,
Bircə yol demir necədi...

Arxam,harayım,nidam ol,
Əzəlim ol,vidam ol.
Mən daş olum,sən adam ol,
Yaşa gör ömür necədi...

Ay var ikən yoxum mənim,
Ay bənövşə qoxum mənim,
Ay əbədi yuxum mənim,
Bilmirəm çimir necədi...

Bülbül necə bağı deyir,
Mənim könlüm dağı deyir,
Hamı gülə ağı deyir,
Deyən yox kömür necədi...

Daş da çatlayır səbrimə,
Dayanıb,durub xətrimə,
Girimmi doğma qəbrimə,
Allahdan əmr necədi?


***
Anam Vətən!
Söz deməyə oğul haqqım var,
Xocalıda parçalanmış
bədənlərdə şaqqam var,
25 ildir udduğum havada,
İçdiyim suda zuqqum var...
Xocalıda başısoyuqluğumuz,
Yağını dost bilməyimiz
şəhid olmadısa,
Naşılığımız soyqırıma məruz qalmadısa,
gözündən yaş düşməsin,
Göz yaşı düşər gözümüzdən...
Xocalı soyqırımı cədvəli üzrə
düşüncəmizdə 12 ballıq zəlzələ olmadısa,
Güclü dövlət arzumuz
vulkan kimi püsgürmədisə,
Qonşudan kömək gözləyən gözlər
daş-kəsək altında qalmadısa,
Ürəyin parçalandı,
Başın da sağ olmayacaq,
Ürəkdən arzulasaq da...

ÇƏPƏR ÇOXDU

Qocalasan sözün keçə,
Ya da ki, körpə olasan.
Səni qınayan kəslərin
Sevgidən ərki olasan.

Girməyəsən dalanlara,
Sinə gərib talanlara,
Sənə cuman ilanlara,
Kirpinin kürkü olasan.

Köhlən atda təpər çoxdu.
Təpər çoxdu, çəpər çoxdu?
Qırata bir çapar çoxdu,
Dünyanın təki olasan.

Haqqın var sanasan haqsan,
Özünü gör, hara baxsan.
Sən məni görməsən, yoxsan,
Sən məni gör ki, olasan.

Dilə bal çəkən gözəlin,
Hökmə qol çəkən gözəlin,
Gözü yol çəkən gözəlin
Yoluna körpü olasan.

DAĞLAR

Məndən "mən" gedibdi, quru "dən" qalıb,
Sən həmən dağlarsan, həmən, a dağlar.
Ayrılıq haqdırsa - o cür ayrılıq
Nə sənə yaraşdı, nə mənə, dağlar.

Bir gündən alırmı əliklər səsi,
Qaya kəklik sevdi, kəkliklər səsi.
Bulaq - duasıdı, küləklər- səsi,
Deyirlər, dönübdü şamana dağlar.

Arzun, duaların min budaq olsun,
Sinən al qan oldu, saçın ağ olsun.
Getdi balaların, başın sağ olsun,
Xəqani yanında nəmənə, dağlar!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 968 | Yüklənmə tarixi: 18.04.2018 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031