manera.az
manera.az

Bir küçə, bir adam, bir də yalqızlıq - Xanım İsmayılqızı

📅 10.04.2018 10:57

Bir küçə, bir adam, bir də yalqızlıq - Xanım İsmayılqızı
Manera.az tanınmış şairə-bəstəkar Xanım İsmayılqızının şeirlərini təqdim edir:

* * *
Adam darıxanda qəribə olur,
Geri dönməzlərin oduna düşür.
Çevirib dünyanı astar üzünə,
Köçüb gedənlərin yadına düşür.

Bütün səhvlərinin, günahlarının,
Ən gözəl anını doğur yenidən.
Yaşamaq eşqinin həyəcanını,
Gözüylə içinə yığır yenidən.

Toxunur yaddaşın sonsuzluğuna,
Ötüb-keçənlərin filminə baxır.
Sonda, o həyatı yaşayıb gələn,
Darıxan adamın zülmünə baxır.


* * *
İnana bilmirəm, unutmusanmı
Boğulan payızı, doğulan qışı?
İnana bilmirəm, ağlamısanmı,
Gecəyə düşübmü gözünün yaşı?

İnana bilmirəm, soyuq əllərin
Titrəyə-titrəyə üzümdə gəzər.
İnana bilmirəm, yazıq ürəyin
Döyünə-döyünə havasız dözər.

İnana bilmirəm, yoxsa qapımı
Bu döyən sənmisən, yolmu azmısan?
İnana bilmirəm, yoxsa adımı
Astaca küləyə pıçıldamısan?

İnana bilmirəm, qocalacaqsan,
Bir gün çıxacağam yolunun üstə.
İnana bilmirəm, aparacaqsan
Məni son mənzilə qolunun üstə.


* * *
O yandan necə görünür
Bu dünyanın viran yeri?
Bəlkə elə biz ölüyük,
Bəlkə elə sənsən diri?

Yığışmışıq köçümüzə,
Başdan ayağa bir heçik.
Bizim qəbrimiz böyükdü,
Səninkisə bizdən kiçik.

Acından ölürük burda,
Öz içimizi yeyirik.
Bir qəfəslik qonaq kimi,
Dayanacaq gözləyirik.


* * *
Sən dünyanı dəyişib köçdün lap uzaqlara,
Sənsiz yovuşmaq olmur burdakı adamlara.
Hər yerdə izin qalıb, içimdə nəfəsin var,
Nə olar, nəfəsini ömrümə qat, nə olar.

Məni dustaq elədin özüm ilə içimdə,
Əlvida söyləmədin gözlərimdən köçəndə.
Gücüm çatmır qaytarım bizi öz yerimizə,
Kaş dünyamız birləşə, sarmaşaq ikimizə.

Getdiyin bu səfərin dönüşü yox, bilirəm,
Hər saat, hər gün təkcə sənə doğru gəlirəm.
Yerində kimsə yoxdu, yoxluğa yığılıram,
Xatirənin içində keçmişə sıxılıram.

Ağrıların içində boğuluram, nəfəs ver,
Bacarsan yuxuma gəl, bir az səsimə səs ver.
...Hamı elə bilir ki, mən hələ də diriyəm...
Sən gedən gündən, mən də ölənlərdən biriyəm


* * *
Dərdlər ilim-ilim itə,
Yazmağa dərd tapmayasan.
Biləsən hamı xoşbəxtdi,
Bir dənə pərt tapmayasan.

İtirdiyini görəsən,
Dərdindən ölüb gələsən,
Üzlərdən sevinc dərəsən,
Bir dənə şərt tapmayasan.

Ömrünə pay seçmək üçün,
Ürəklərə köçmək üçün,
Azadlığı içmək üçün,
Bir dənə sədd tapmayasan.


***
Bir küçə, bir adam, bir də yalqızlıq...
Bir adam, bir ürək, bir də haqsızlıq...
Bir ürək, bir nifrət, bir də qansızlıq...
Bir nifrət, bir əzab, bir insafsızlıq...
Bir əzab, bir ölüm və vicdansızlıq...
Bir ölüm, bir küçə və ADAMSIZLIQ...


***
Dedilər ki, sevinc kədəri boğar.
Sevinmişdim...Boğmadı.
Dedilər ki, sabah bu günü yıxar.
İnanmışdım...Yıxmadı.
Dedilər ki, Allah üzünə baxar.
Görən, baxdı, baxmadı?..


***
Həyat – bir öpüş qədərdi.
Toxunur – aparır.
Sevgi – bir şeir qədərdi.
Oxunur – aparır.
Ölüm – bir yuxu qədərdi.
Pozulur – aparır.
Dünya – sonuna qədərdi.
Yazılır – aparır.


***
Küsdüm yenə...
Ağırlığı yaxamı çəkən
Şübhələrimdən,
Yuxusunu gözləməkdən titrəyərək
Yorulub bədənimi geyən
Gözlərimdən,
Ürəyimə gücü çatmayan
Əllərimdən,
Boğazımda kilidlənib qalaraq
Toruma ilişən
Səsimdən,
Məni əlində oynadaraq
Ciyərimdə rəqs eləyən
Nəfəsimdən,
Yükümə atalıq edən
Ürəyimdən,
Üzümdən, özümdən
Küsdüm yenə...

Küsdüm yenə...
Məni dünyaya gətirib
Gedə bilən
Anamdan,
Həyatına yol çəkdiyim –
Ölümümə qol çəkməyən
Balamdan,
Ahımdan, günahımdan,
Hərflərin, notların
Sığalından,
Yerini rahatlayan
Ruhumdan,
Məni qoruyan
Allahımdan,
Küsdüm yenə...
NƏ DEYİM SƏNƏ...


***
Doluydum, bomboş kimiyəm,
İçimdə sərxoş kimiyəm,
Deyəsən naxoş kimiyəm,
Qəbul edərsənmi məni?

Üzümdə ağrılar qat-qat,
Bir dərd gətirirəm sovqat,
İstəyirsən, sən də aldat,
Qəbul edərsənmi məni?

Başım bəlalı gəlirəm,
Dilim dualı gəlirəm,
Ruhum havalı gəlirəm,
Qəbul edərsənmi məni?

Qələm verdin, pozam, yazam,
Dünya verdin, orda azam,
Allah, günahkar yalqızam,
Qəbul edərsənmi məni?

Ətəyinə sürünürəm,
Yox deyiləm, görünürəm,
Ölməyə də ərinirəm,
Qəbul edərsənmi məni?

Qapını aç, mən də gəlim,
Eşitmirəm, laldı dilim,
Bir işarə et ki, bilim,
Qəbul edərsənmi məni?


***
Yanmaq belə olur yəqin,
Sönə bilir gözlərinin işığı.
Dayanırsan ayaq üstə,
Dünyan isə çönür üzüaşağı.

Yanmaq belə olur yəqin,
İçindəki hisslərin çat-çat olur.
Ağrıların, duyğuların
Üst-üstə yığılaraq qat-qat olur.

Yanmaq belə olur yəqin,
Qovrulursan ocağında atəşsiz.
Gecələrin aysız qalır,
Səhərlərin, gündüzlərin günəşsiz.

Yanmaq belə olur yəqin,
Sudan quru çıxır yanğının dadı.
Səsin batır yuvasında,
Dilinin üstdə sevdiyinin adı.

Yanmaq belə olur yəqin,
Azmaq üçün hara gəldi qaçırsan.
Közünə duz basa-basa,
Yaraların üstünü də açırsan.

Yanmaq belə olur yəqin,
Nə dizinə, nə başına döymürsən.
Elə işıq saçırsan ki,
Bu həyatı əyninə də geymirsən.

Yanmaq belə olur yəqin,
Odunda əriyir buza dönənlər.
Ürəyinin yanğısında
Ömür sürürlər çırağı sönənlər.


***
Hələ də mat qalırıq dünyanın alt, üst qatına,
Hələ də baxmadayıq biz bu həyatın dadına.

Hələ də titrədirik qəlbimizin tellərini,
Hələ də yoxlayırıq arzuların əllərini.

Hələ də endiririk gözlərə tül pərdələri,
Hələ də qaldırırıq göylərə söz müjdələri.

Hələ də çoxlarımız qat-qat olub azda itir,
Hələ də hər payız, hər qış dirilib yazda bitir.

Hələ də axtarırıq izlərini gəlməyənin,
Hələ də yollarını bağlayırıq ölməyənin.

Hələ də can deyirik, can veririk, can alırıq,
Hələ də bəxtimizin qismətinə qurşanırıq.

Hələ də baxmadayıq biz bu həyatın dadına,
Hələ də can atırıq dünyanın alt-üst qatına.


***
Göz ilə görünməz çəkən, çəkilən,
Açıq yaralar var duzun içində.
Dağlar da gizlənir sinə altında,
Ürək də dayanmır buzun içində.

Gecələr gündüzə elçi göndərib,
Buludlar yağışı dilçi göndərib,
Ömür yorulmağa yolçu göndərib,
Həyatdı fırlanır yüzün içində.

Burda günəş batır, burda ay doğur,
Burda sükut ölür, hay-haray doğur,
Qismət yerdən keçir, göyə pay doğur,
Bəxt ulduzu batır tozun içində.

Hisslər əriyərək sözə köçəndən,
Ocaqlar yanaraq közə köçəndən,
Bütün sevilənlər gözə köçəndən,
Ruhum göylərdədi, özüm içimdə.


Baxış sayı - 1 966 | Yüklənmə tarixi: 10.04.2018 10:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031