manera.az
manera.az

Brahmanın başına gələnləri çox götür-qoy eləməliyik... - VOLTER

Brahmanın başına gələnləri çox götür-qoy eləməliyik... -  VOLTER

Dünyanı gəzib-dolaşdığım çağlarda bir qoca brahmanla tanış oldum, o, çox müdrik, itiağıllı, oxumuş bir kimsə idi; bundan başqa da, çox varlı olduğu üçün, nə kimsədən qazanc güdər, nə də kimsəni aldatmağa çalışardı, bu isə onun müdrikliyini bir az da artırırdı. Onun ev diriliyi üç gözəl qadının əlində idi, bunlar onun qulluğunu yetərincə gətirir, ürəyindən keçənlərin hamısını yerinə yetirirdilər; brahman bu qadınlarla əylənməkdən başqa, qalan bütün boş vaxtını dərin düşüncələrə dalmaqla keçirərdi.

Brahmanın qonşuluğunda, çox gözəl bağlı-bağatlı bir evdə, qoca indus qadın yaşayırdı — bu qarı, qatı inanclı, kütbeyin, çox da yoxsul idi.

Bir gün brahman üzünü mənə tutub dedi: “Mənə elə gəlir, doğulub bu dünyaya gəlməsəydim çox-çox yaxşı olardı”. Mən ondan nədən belə düşündüyünü soruşdum. O mənə bunları dedi: “Mən qırx ildir, günümü oxuyub öyrənməklə keçirməkdəyəm, ancaq indi görürəm, bu qırx il boş-boşuna keçib gedibdir; mən başqalarını öyrətsəm də, özüm heç nə bilmirəm; bu məni elə alçaldır, çiyrəndirir, artıq bu sayaq yaşamaqdan bezmişəm. Mən doğulmuşam, hansısa bir zaman sürəcində yaşamışam, ancaq bu zamanın nə demək olduğunu anlaya bilmirəm; mən keçmiş müdriklərin dediyi kimi, iki sonsuzluğun arasında olan hansısa bir nöqtədəyəm, ancaq sonsuzluğun nə demək olduğunu azca da olsa qavraya bilmirəm. Mən hansısa maddədən düzəlmişəm; mən düşünürəm, ancaq bu düşüncələrimin necə doğulduğunu başa düşə bilmirəm; mən bu düşünmək bacarığımın da, yerimək, yemək-içmək kimi bir bacarıq olub-olmadığını anışdıra bilmirəm, mənim başımla düşünməyimin də, əlimlə nəsə götürməyim kimi, bir iş olub-olmadığını düşünüb bir yana çıxara bilmirəm. Təkcə necə düşünməyim deyil, bütün davranışlarımın necə yaranması da mənim üçün aydın deyil; mən nədən var olduğumu, nə üçün yaşadığımı anlaya bilmirəm. Öz aramızda deyirəm, məndən demək olar elə hər gün, bu dediyim mövzularda söz soruşurlar: mən də onlara bunların nə demək olduğunu başa salmalı oluram; baxmayaraq, dərindən yanaşsan, mənim onlara dediklərimin hamısı anlamsız, boş-boş sözlərdir; mən yanıma nəsə soruşmaq üçün gələnlərlə çox danışıram, ancaq sonradan, bu danışdıqlarıma görə çox da utanıram, özüm özümün gözündən düşürəm.

Ən pisi onda olur, birdən kimsə məndən soruşur: doğrudanmı Vişnu1 Brahmandan doğulub, yoxsa onlar ikisi də sonrasız-sonsuz gerçəkliklərdir. Tanrıya and olsun, mən bunun gerçəkdən necə olduğunu bilmirəm, bunu elə mənim onlara dediklərimdən də duymaq olar. Məndən soruşurlar: “Ey dərinlikləri görən atamız, nədəndir, getdikcə bu yamanlıqlar belə artıb-törəyir, yer üzünü basıb bürüyür?” Ancaq mən özüm də elə, bu sorğunu mənə verənlərin günündəyəm, onların bildiyindən çox bilmirəm; birdən mən onlar üçün, dünyadakı bütün nəsnələrin gözəl olduğundan danışıram, ancaq dünyada baş verən savaşlarda yaxınlarını itirmiş, var yoxdan çıxmış, topal olmuş kimsələr, bu dediklərimə inana bilmirlər, onları görəndə elə mən özüm də, dediklərimə inana bilmirəm; bütün bu sarsıntılardan sonra, yenə öz evimə qapanıram, böyük bir yanğıyla bilikləri öyrənməyə, öz anlamazlığımdan qurtulmağa çalışıram. Götürüb əski çağlardan qalma yazıları oxuyuram, ancaq oxuduqca, gözüm önündə olan bu qaranlıq bir az da qatılaşır. Arxadaşlarıma üz tuturam; onlarla gənəşəndə mənə sözləri bu olur: gərək özünü insanların basqılarından qoruyasan, bütün ömrünü yaşamın dadını çıxarmaqla keçirəsən; bir başqalarına isə elə gəlir, onlar hər şeyi bilirlər, ancaq bu yazıqlar, öz ağıllarında yaratdıqları hansısa uydurmalara qapıldıqlarını anlaya bilmirlər; bütün bunlar isə, ruhumu sarmış bu acılı duyğuları bir az da artırır. Belə uzun sürən axtarışlarımdan sonra da, niyə doğulduğumu, kim olduğumu, hara getdiyimi, sonumun nə olacağını bilmədiyimi düşündükcə, az qala dəli oluram.

Qoca brahmanın düşdüyü vəziyyət məni çox sarsıtdı; bu yer üzündə onun kimi ərdəmli, qanacaqlı, anlaqlı birisi çox az tapılardı. Mənim anladığıma görə, düşüncələri aydınlaşdıqca, duyğuları arındıqca, o, özünü öncə olduğundan bir az da artıq qaragünlü saymağa başlayırdı.

O günü, mən brahmanın qonşuluğunda yaşayan qarının yanına gedib onunla da danışdım; mən qarıdan soruşdum: o, haçansa, ruhunun necə qurulduğunu bilmədiyinə görə, sarsılıbmı? Qarı mənim ondan nə soruşduğumu anlamadı: brahmanın ürəyini didib parçalayan bu anlaşılmazlıqlar ona yad idi, o, bütün ömrü boyunca bir dəfə də olsun, belə sorğuların üstündə baş sındırmamışdı; qarı, Vişnunun dönə-dönə doğulmasına ürəkdən inandığı, bir də, müqəddəs Qanq çayından su götürüb dəstəmaz ala bildiyi üçün, özünü bu dünyanın ən ağgünlü qadınlarından biri sayırdı.

Mən belə bir yazıq varlığın özünü ağgünlü saymasından bərk sarsılmışdım, oradan bu duyğularla, brahmanın yanına qayıdıb ona dedim:

“Qonşuluğunuzdakı, özü də nə üçün yaşadığını anlamayan bu mexaniki varlığın özünü ağgünlü saydığını görəndə, heç özünüzü qaragünlü saymağınızın yanlış olduğunu düşündüyünüz olubmu?”

O mənə qulaq asıb dilləndi:

– Siz düz deyirsiniz, bunu özümə dönə-dönə demişəm, birdən o qarı kimi anlamazın birisi olsaydım, onda sözsüzdür, mən də özümü elə onun kimi ağgünlü sayardım, ancaq sözün düzü, ha düşünüb-daşınıramsa da, onun kimi ağgünlü olmağı özümə sığışdıra bilmirəm.

Brahmanın bu sonuncu sözləri, məni bu çağacan dediklərindən qat-qat artıq duyğulandırdı; mən onun bu sözlərini öz-özümə götür-qoy elədikcə, qanmaz olduğuna görə özünü ağgünlü saymağın çox böyük bir yanlışlıq olduğunu, özüm üçün kəsdirdim.
Sonradan bu düşüncələrimi filosoflarla bölüşəndə, onlar mənimlə razılaşdılar. Bundan sonra isə mən onlara dedim:

“Ancaq, bu sayaq düşünməyə başlayan kimi, o andaca ortaya düşüncələrin toqquşmasından doğan, çox qorxunc bir qarşıdurma çıxır, gəlin onu da gözdən keçirək. Biz burada ağgünlüyün nə demək olduğunu aydınlaşdırmaq istəyirik. Elə isə, burada ağıllımı, qanmazmı olmaq nəyisə dəyişə bilərmi? Bundan başqa da, özünü ağgünlü sayanlar, doğrudan da ağgünlü olduqlarını düşünür, buna ürəkdən inanırlar; nə onları, nə də özlərini ağgünlü saymayanlar isə onların yanlış, özlərinin sağlam düşüncə sahibi olduğunu düşünürlər. Buradan belə çıxır, sağlam düşüncə bizi ağgünlü olmağa qoymadığı üçün, ən yaxşısı elə, sağlam düşüncə yiyəsi olmamaqdır.”

Onlar hamısı mənim sözlərimi düzgün saydıqlarını desələr də ağgünlü ola bilmək üçün qanmaz olmaq istəmədiklərini dedilər. Bütün bunlardan sonra, mən biz insanların, ağgünlüyü çox dəyərləndirsək də, ancaq anlaqlı olmağı ondan üstün tutduğumuzu başa düşdüm.

Bütün bu deyilənlərdən isə belə bir nəticəyə gəlib çıxırıq: sən demə, insanın anlaqlı olmağını ağgünlü olmağından üstün tutması üçün, onun məntiqsiz olması gərəkdir. Bu anlaşılmaz qarşıdurmanı necə aydınlaşdırmalı, necə yoluna qoymalı? İndiyə kimi necə eləmişiksə, elə onun kimi. Belə çıxır, bu mövzunu sizinlə hələ çox düşünüb-daşınmalı, çox götür-qoy eləməliyik.

1Vişnu — indusların ən başılıca tanrılarından biridir, indusların inancında başlıca tanrılar: Brahma, Şiva, Vişnu üçlüyü sayılır.

Tərcümə: Araz Gündüz

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031