Emin Piri: “Xalq o şairə niyə hörmət etməlidir ki?..” - Müsahibə | MANERA.AZ
![]()
Manera.az gənc şair Emin Piri ilə müsahibəni təqdim edir:
-Emin, salam
- Hər vaxtınız xeyir.
-«Necəsən?» sualına hər zaman səmimi cavab verirsən?
Məncə həmişə deyil. Qarşındakımı narahat etməməkçün yalan deməli oluram. Bəzən “yaxşıyam” dediyin cavab da qarşındakını narahat edir.
- Emin Piri üçün, yaxşı olmaq çətindir, ya yaxşı kimi görünmək?
Bu baxır olduğun mühitə. Bəzən yaxşı olmadığın halda yaxşı görünməyə məcbursan, bəzənsə tam əksi. Istənilən halda insan olmadığı kimi görünməyə məcbur deyil. Amma yaxşı görünmək bir qədər iradə və güclülük əlamətidir. Məhz bu məsələdə insan güclü olmalıdır. Pis, zəif görünmək insana heç də başucalığı gətirən bir şey deyil.
-İnsanların bir-birini başa düşməsinə nə mane olur?
Deyirlər ki, dil ünsiyyət vasitəsi və bir-birini anlamaq üçündür. Amma mən bunun əksini düşünürəm. Dil aldatmaq, yalan danışmağa daha çox yarayır. Insanalar gözləriylə danışsa bir-birini daha çox başa düşə bilər, nəinki dillə. Biz isə daha çox dilimizlə danışdığımıza görə bir-birimizi anlaya bilmirik. Hətta deyərdim danışmaqdansa, susmaq daha gözəl ünsiyyət vasitəsidir.
-Çağdaş ədəbiyyatımızın ən əsas problemi nədir?
Ən böyük problem şöhrət, pul, butulka araq və 5-10 manat naminə bir-birini şərləmək, qrupbazlıq və Jek müdiri səviyyəsində bir məmurun kölgəsinə sığınıb azadlıqdan dəm vurmaqdır. Məhz sonuncunu daha çox deyərdim-azad şairimiz yox dərəcəsindədir. Bir məmurun süfrəsində sağlıq demək üçün növbəyə düzülüb sonra da azadlıqdan statuslar yazmaq sadəcə gülüncdür. Xalq o şairinə niyə hömət etməlidir ki? sonra da deyirlər xalq diqqət ayırmır, sevmir. Düz edir xalq. Müxalifətçi olmaq da azad olmaq deyil. Şair nə hakimiyyət yönlü, nə də müxalifətçi olmalı deyil. Onun milliyəti, dini tam ayrı bir məhfum olmalıdır. Onun milliyəti, dini körpələrin dili və dini olmalıdır. Azadlıq tam ayrı bir şeydir. Bunu sözlə ifadə edə bilmərəm.
-Niyə sənlə yola getmirlər?
Çünki yuxarıda dediyim kimi, mən hansısa pullunun yalına görə gəncliyə şər atıb, sonra da azadlıqdan danışa bilmərəm. Bu tip adamlar istəyir ki, mən də onlar ki, bataqlığa yuvarlanım. Məni istəməyənlərin hamısı bu gün bataqlıqda boğulanlardır. Istəsəniz adlar çəkin mən izah edim ki, bu şəxslər hansı bataqlıqdadır.
-Ədəbiyyatda rəsmiyyət lazımdı, ya səmimiyyət?
Əlbəttə ki, səmimiyyət. Nəinki yaradıcılıqda hətta tədbirlərdə və.s belə səmimi olmaq lazımdır. Diplomatik dövlətlər arası müqavilə bağlamırsan ki, rəsmi protokollardan istifadə edəsən.
-Sözünün bəlasına düşmüsənmi?
Bir neçə kərə olub. Amma deməzdim bu sözümün bəlasıdır. Sadəcə insanları sevməyən bəlaya salmağa meylli insanlar var. Özlərini arı pətəyi zənn edib sözümü o pətəyə çomaq salmaq kimi anlayıblar. Adamlar olub ki, şeirim deyiləndə az qala himn kimi ayağa qalxırdı, müdirini tənqid edən kimi mənə düşmən olub.
-Emin Piri niyə yazır və yazmasa nə olar?
Yazmasam yer günəş ətrafından 365 gün 6 saat ərzində dövr edəcək, sutka 23 saat 56 dəqiqə olacaq. Vəssalam.
- Deyirlər yazıçıya tənqid lazım deyil. Mən şeiri və ya əlimə qələm alıb nəyisə yazıramsa bu hisslərimdir. Heç kimin də ixtiyarı yoxdu mənim hislərimi tənqid etməyə. Mən bu ixtiyarı kiməsə vermirəm. Sənin münasibətin necədi?
-Bu o zaman o düz olar ki, o öz hislərini yalnız sevgilisinə desin, ailəsində bölüşsün, cəmiyyətə çıxartmasın. Əgər həmin hisləri cəmiyyət qarşısına çıxarırsa, cəmiyyətin də tənqid etməyə haqqı olur. Bu haqqı isə bununla razılaşmayan həmin gənclər vermiş olur. Həm hər kəsin hissi müqəddəs ola bilməzki... Hər insanın hissi özünə layiq olur. İstedadsız adamın sevgisi də istedadsız olur.
-Yeni ktabın çıxıb.”Tanrının kölgəsi”. Niyə məhz tanırın kölgəsi?
Mən...Sən...Biz... Bu dünyada kiminsə, nəyinsə kölgəsiyik hamımız. Yaradıcı enerjinin yer üzündə hərəkətdə olan kölgələriyik. Heç kəs öz kölgəsinə sığına bilmir, kölgəsindən də çıxa bilmir heç. Hər şey Tanrının kölgəsidir. Dünyanın ən duyğusal varlığı onlardır. Kölgələr yalan danışmır. Bəlkə də yeganə həqiqət odur.
İnsan ağlının bildiyi və duyduğu nə varsa hər şey kölgədir.
-“Tanrının kölgəsi” uğur gətirə bildimi?
Bu haqda düşünməmişdim. Çünki Tanrının kölgəsiylə alver etmək fikrim yoxdur. Uğura gəldikdə isə, bəli, çox razıyam.
-Ümid qalıb?
Ümid bəşəriyyət kimi sosuzdur. Sadəcə bizim cəmiyyətdə ümidlərimizə lay-lay deyib yatırdıblar.
-Sabahlara çox inanırıq. Bəs bu gün də dünənin sabahı deyil?
Sabahlara inanmaq bir qədər də təsəllidir, özünü aldatmaqdır. Tələsməkdənsə gecikmək daha böyük bəladır. Həm mənimçün dünyanın yeganə ölçü vahidi zamandır. Nə çəki, nə uzunluq, nə enlik, nə dərinlik, nə də hündürlük nə də və.s. dünyanın yeganə ölçü vahidi zamandır. Gerisini insanlar uydurub.
-Hər kəs üçün bir ən ali dəyər var ki, onu xarakterinə çevirir... Səndə?
Sevmək, sevmək bir də sevmək. Təəssüf ki, bizim cəmiyyətdə qadının sevilməyi ölümə bərabərdir. Və onlarçün sevilmək artıq terror sözününün sinoniminə çevrilib. Amma yenə də beşikdən qəbir evinə kimi sevmək lazımdır.
- Deyirlər, şair vaxta, insan baxta bağlıdır. Səncə necədir?
Məncə yox, şair vaxtının fövqünə çıxmalıdır. Insansa baxtın fövqünə. O zaman çox şeylər istədiyimiz kimi olar.
Söhbətləşdi: Çinarə Ömray
Manera.az