manera.az
manera.az

Elə adamları tərifləyirlər ki... - Alçaqlığın bədii növü | MANERA.AZ

Elə adamları tərifləyirlər ki... - Alçaqlığın bədii növü | MANERA.AZ
Manera.az
Müsahibimiz gənc şair Şəhriyar Del Geranidir.

- Şəhriyar, necəsən?

- Gərək ki, italyan əsilli amerikan yazıçı Con Fonte 1934-cü ildə “The Atlantic Monthly” jurnalına verdiyi müsahibədə bu suala belə cavab vermişdi: belə, normalçılıqdı...

- Sitatçılıq?

- Biabırçılıq...(gülür)

- Dindarlarla niyə yola getmirsən? Qorxmursan dil-ağzını bağlayarlar?...

- Mənim həqiqi ilahi sevgili, belə deyək, allaha tapınan şəsxlərlə heç bir işim yox. Hüdudsuz cəhalət əhliylə arabir zarafatlaşıram. Onlar da cırnayırlar. Bu qədər.

- “Darıxmaq” deyəndə ağıla ilk gələn Şəhriyar Del Gerani olur...

- Nəyi pisdi? Mən də istəyərdim mənim də elə bir şairim olsun…

- Darıxmağı bir cümləylə təsvir etsən?...

- Məsələn, masanın üstündə unudulmuş yarım stakan çay…

- Səncə, ölümdən sonra həyat varmı?

- Ümid edirəm ki, var.

- Doğmalarımızla, itirdiklərimizlə nə zamansa yenə də görüşəcəyik... Bu özümüzü ovundurmaq, aldatmaq deyilmi?

- Ovunmaq üçün bütün yalanlar gözəldi. Hətta sevgi də.

-Sükutla, təkliklə baş-başa qalan şairlərdənsən... Təklikdə daha çox etdiklərin?

- Tək olanda danışmıram, telefonları da söndürürəm. Küçəyə də çıxmıram. Sadəcə susuram. Günlərlə danışmıram.

- Şəhriyar, ədəbi cameədə bəzi adamlarının sənə qarşı qəribə və təhlükəli aqressiyası var... Səncə, nə ilə bağlıdır bu?

- Əslində burda qəribə heç nə yoxdu. Başa düşürəm onları. Və nifrətlərinə hörmət edirəm…

- Bəlkə də hamısı oxuyur, daxili sevgiləri, təlabatları da var, amma zahirən qəbul edə bilmirlər....

- Dostum və çox sevdiyim şair Sevinc El Sevər bir dəfə ədəbiyyata dürtünən adamların mənə qarşı məlum xıltını çox dəqiq izah elədi. Dedi, 90-larda Salam Sarvana yönələn bu “həyasız arvad hikkəsi” 2000-lərdə Aqşin Yeniseyə ünvanlandı, indi də bu ünvan Şəhriyar del Gerani olub. Məncə, aydındı.

- Niyə məhz sənə qarşıdır bu?

- Dedim axı, kifayət qədər dəqiq ifadə eləyib Sevinc xanım. Bilirsənmi, özünütəsdiq mərhələsində büdrəyən adamlarda dəhşətli hikkə yaranır. Zaman-zaman o hikkə yerli-yersiz özünü göstərir və sahibini biabır eləyir. Şair Çingiz əlioğlunun belə bir fikri var: "istedadı bağışlamırlar". Belə görürəm bu adamlar nəinki istedadı, heç 5-6 oxucunu da bağışlaya bilmirlər. Gah adlarına “texnikum qızları”, gah “kollec qızları”, gah “atılmış qadınlar” deyib tərbiyəsizlik edirlər onlara qarşı. Mən isə susmağı seçirəm. Hüdudsuz nadanlıq qarşısında yalnız susaraq davam etmək
olar.

- Bu qədər nifrət qarşısında susmaq çıxış yoludur?

- Mənim tənqid hədəflərim başqalarıdı. Öz məişəti naminə xalqın məişətini alt-üst edən şərəfsiz məmurları qoyub sənin dediyin dıqqılımənəviyyat adamlarla uğraşmağa hövsələm yoxdu. Əlbəttə, mən nadanların qabağında hər zaman susacam. Kimin qabağında susuram özünü biabır eləyir. Belə pis çıxmasın, kim istəyir qabağında məmnuniyyətlə susa bilərəm…(gülür)

- Sənə qarşı susmayan adamlara münasibətdə necə, susa bilirsən?

- Mən həmişə demişəm, indi də deyirəm – adamlara özlərini daha səlis formada biabır etmələri üçün mümkün qədər geniş imkanlar yaratmaq lazımdır. Kim hara qədər bacarır qoy ora qədər biabır eləsin özünü. Başqa heç nə...

- Bir zamanlar dost dediklərin də sənə qarşı hikkəlidirlər...

- Məsələnin ağrılı tərəfi də məhz budur. Böyük dost sevgisiylə evimin qapılarını üzlərinə açdığım adamlar, məhəllə dükanından nisyə konserva, araq, çörək alıb süfrə açdıqlarım mənim çörəyimi kəsməklə cavab verdilər həmin sevgimə. Məni sevən, hörmət edən adamlarla aramıza uçurumlar uydurdular. Səd-əfsus o adamlar da həmin fırıldaqçılara uydular. Həqiqətən də bu gözəlim dünyada heç bir insani münasibət, heç bir yaxşılıq cavabsız qalmır. Gec-tez adamlar bunun qisasını səndən müxtəlif yollarla alırlar.

- Çox həssas yerlərə gedib çıxdıq...

- Hə, söhbətin səmtini bir balaca dəyişək.

- Dəyişək... Şəhriyar, necə düşünürsən, mütləq azadlıq varmı?

- Anlayış varsa, demək ki, var.

- Ədəbiyyatımızda mifik xalq qəhrəmanlarının ironiya hədəfi kimi seçilməsi nə dərəcədə düzdür?

- Miflərlə aram yoxdu.

- Şairlik Allahdan gəlmə istedaddır, ya iradən gücünə şair olmaq olar?

- İlahi fakt.

- Səncə, insanların bir-birlərini başa düşməsinə nə mane olur?

- Sözlər. Biz danışanda çox sözdən istifadə edirik. Çox danışırıq. Cümlələr bizə mane olur. Gör nə qədər artıq söz var ki, sinonimlər-minonimlər də çıxıb ortaya. Mən hələ azərbaycan dilindən danışıram. Bu mövzuda yaponlar ümumiyyətlə bədbəxt xalqdı. Ərəb dili məşəqqətdi. İnan ki, Quran daha sadə dildə, daha kiçik həcmdə yazılsaydı, daha məqsədəuyğun olardı. Quranda elə cümlələr var yekə-yekə alimlər əsrlərdir o cümlələri araşdırırlar. Hələ də bir qənaətə gəlməyiblər... Bu nə absurddu?

- Sözün siyasəti böyükdü, yoxsa siyasətin sözü?

- 2000-lərin əvvəlində bu daha çox moddaydı belə söz oyunu suallar. Yaxşı ironiya edirsən...

- Səncə, çağdaş ədəbiyyatımızda əsas problem nədi?

- İstedadsızlığın sırtıqlığı...

- Yazıçı peşəkar olmalıdı ya səmimi?

- Peşəkar.

- İçində yarım qalmış, böyüməyə macal tapmayan O uşaq necədi? Darıxmır?

- Mən həmişə o uşaqlığa sadiq qalmışam.

- Deyirlər şöhrət adamın başını gicəlləndirir. Tanınırdın, yeni kitab – “Darıxmağın adı” da təkan oldu. Belə vəziyyət necədi? Baş gicəllənmə-filan yoxdu ki?

- Düşünmürəm o qədər də böyük şöhrətim var . Təkcə onu bilirəm ki, Azərbaycanda şöhrət adama yalnız mane olur. Təsəvvür elə, səni tanıyanlar normal salamlaşmaq əvəzinə barmaq uzadıb pıçıldaşırlar. Çox məşəqqətlidi. Düzdü, kifayət qədər mədəni, kübar olanları da var. Elə oxucularla qarşılaşanda yalnız pozitiv yüklənirsən. Amma, ümumiyyətlə şöhrət nədirsə, yaxşı bir zad deyil.

- Sanki Şəhriyarın olduğu bütün ərazilərdə kompaslar yalnız darıxmağın istiqamətini göstərir...

- Mən darıxmağımı, təkliyimi adamlarla doldurmağı sevmirəm. Həyatıma yüzlərlə məzmunsuz adam doldurduğuma görə də ömrümdən üzr istəyirəm...

- Bir az da yeni kitabdan. Fikirlər söylənilir, rəylər yazılır... Gedişatdan razısan?

- Mənə elə gəlir bir az zamana buraxmaq lazımdır. Hələ ki, o kitab “düşmən qazanmaq” mərhələsindədir. Etiraf mərhələsində daha aydın görmək olacaq. Mənə maraqlı olan oxucuların reaksiyası idi.

- Əsas olan da oxucu mövqeyi deyil?...

- Əl-əlbət – oxucu göstəricidi, amma meyar deyil.Bunca reaksiyasını isə düzü, gözləməzdim. Kitabı oxuyub ürək sözlərini yazanlar, xaricdə təhsil alan tələbələrin mesajları qədər zövqlü heç nə yoxdu. Burdan sifariş edib kitabı alırlar - Almaniya, Rusiya, Gürcüstan, nə bilim İçveç, Amerika, Türkiyə və s. adını unutduğum ölkələrdə yaşayanlar. Hələ, dost-tanışlarını imza dalıyca da göndərirlər. Təsəvvür edin, qəriblikdə necə darıxırlar, elə qəşəng oxucu məktubları yazırlar ki. İnan, bir balaca redaktə eləyib istənilən imzayla tirajla, tam bir esse. Çox istedadlıdırlar. Onlarla ünsiyyət maraqlıdı... (gülür)

- Tənqid səni həvəsdən sala bilərmi?

- Qərəzli yanaşma olanda bir az gülüb keçirəm. Qərəzsiz olanda isə copy-past eləyib atıram yazı masama. Hər dəfə komputeri açanda görüb xatırlayıram. Tənqid heç e, məsələ burasında ki, bəzən elə adamları tərif eləyib sənin qabağına çıxarırlar, oxuyub uğunub gedirsən gülməkdən. Bu da alçaqlığın bədii növüdü. “Anekdot ədəbiyyatçılar” çoxalıb. Bu, çox təhlükəlidir. Ciddi sözümdü.

- Bəs nə zaman “mən birdə heç vaxt yazmaram!” deyib qələmi kənara qoyarsan?

- Görsəm ki, sözlər bəşəriyyətə mane olur, tamam imtina edəcəm yazmaqdan. Yazmaqdan və danışmaqdan. Biryolluq susub yaşamaq mərhələsi var. Hələ o yolda çox balacayam. Ora çatmağıma xeyli məsafə var...

- Ədəbiyyatın indiki durumuna münasibətin?

- Düzü, parlaq istedad görmürəm. O istedad ki, mətnini oxuyanda diksinim. Çox istəyərdim adamlar hikkələrini ovundurub bir ədəd də olsa normal bədii mətn, ədəbiyyat faktı olacaq bir zad yazmağa fürsət tapsınlar. Yaxşı mətn üçün, istedad üçün darıxıram. Çox darıxıram. Gözləyirəm yeni dalğa gəlsin, nəsə başqa cür olsun, maraqlı olsun.

- Manera.az-a sözün?

- Özünüzdən muğayet olun. Diqqət üçün dəruni təşəkkürlər...

Söhbətləşdi: Çinarə Ömray






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031