“Tanrının kölgəsi” təqdim olunacaq... - MANERA
Şair Emin Pirinin “Tanrının kölgəsi” adlı kitabı işıq üzü görüb.
Müəllifin manera.az-a bildirdiyinə görə, kitabda şairin son dönəmlərdə yazdığı şeirləri yer alıb və “aybKitab” layihəsi çərçivəsində çap olunub.
Qeyd edək ki, müəllifin imza günü iyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda keçirəcək.
“Tanrının kölgəsi” kitabından bir şeiri oxuculara təqdim edirik:
Uşaqlıq illərim asan keçməyib
Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.
Sərhədin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
bəlkə də həyatımızın
ən böyük inqilabı.
alın yazımıza qarşı
ən böyük üsyan idi.
Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!
Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar...
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.
Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam –
birdən ürəyimiz alma istəyər...
Manera.az