Beynəlxalq kitab sərgisində Azərbaycan stendi

Noyabrın 4-də İstanbuldakı TÜYAP sərgi mərkəzində 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
MANERA.AZ xəbər verir ki, 30 ölkədən 700-dək nəşriyyatın iştirak etdiyi sərgi-yarmarkada geniş bir sahədə Azərbaycan pavilyonu qurulub. Pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin, “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının çap işləri sərgilənir.
Azərbaycanın zəngin mədəniyyətini, tarixini, elmi nailiyyətlərini, sürətli sosial-iqtisadi inkişafını, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ağır nəticələrini əks etdirən kitablar ziyarətçilərdə maraq doğurur. Bundan başqa, stenddə qurulmuş monitorlarda nümayiş etdirilən kadrlarda Azərbaycan barədə ətraflı məlumat verilir.
Ümummilli lider Heydər Əliyevin uzunmüddətli siyasi fəaliyyətini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nail olunan hərtərəfli inkişafı əks etdirən nadir əsərlər, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə dair maraqlı nəşrləri, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənovun Azərbaycan siyasətinin ayrı-ayrı istiqamətlərinə dair kitabları, eləcə də qədim tariximizə və yüksək mədəniyyət nümunələrimizə dair digər çoxsaylı əsərlər ziyarətçilər tərəfindən sonsuz maraqla qarşılanır.
Sərgi çərçivəsində XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir və ona aid kitabların təqdimatı keçiriləcək.