manera.az
manera.az

Dərd ayrı bir filimdi, onu da ürəklər çəkir... - Şeirlər

📅 23.08.2017 19:29

Dərd ayrı bir filimdi, onu da ürəklər çəkir... - Şeirlər
Manera.az tanınmış gənc şair Elməddin Nicatın şeirlərini təqdim edir:

...YAŞAYIR

Bircə an ayrılsa ömrü tükənər,
Qəlbim xatirənə bağlı yaşayır.
Mənim o qız adlı məhəbbətim var,
O qızın mən adlı oğlu yaşayır.

Dəyəri bir ömür yaşantılarım,
Yarı yolda qaldı yaşandı yarım.
Düşdü aramıza yaş andı, yarım
O vaxtdan qəlbimdə ağrı yaşayır.

Yenə xəyallara dalıb bu axşam,
Keçən günlərimə cığır tapmışam.
Elməddin adında əritdiyin şam,
Taleyi qaralı, ağlı yaşayır...

ON İL QAYIT

On il tələsdiyin ağlıma gəlsə
Bir an gecikməzdim səni görməyə.
Belə tələsməklər sənlik deyilsə
Niyə gecikmirdin məni görməyə?!

Tələsib, gecikib hara çatdıq ki,
Bir ömrün yarısı boşuna keçdi.
Bizi sevindirən bir yaz günüydü
O da ümüdlərin qışına keçdi.

Deyirsən gecikdik, nəsə alınmaz
Araya çəkdiyin bu nə səddi ki?!
Bir dəli sevdayla əl-ələ tutub
Qaçıb keçməliydik bu sərhəddi ki!

Gəl daşı, qayanı tök ətəyindən
Sən mənsiz gedəsi deyilsən qayıt.
Bizi ayrı salan yol ayrıcına,
On il mən gələcəm, on il sən qayıt.
26.06.2014.

GƏRƏK SƏNİ...

Belə getmək hardan düşdü beyninə,
Daha dərdim məni almır eyninə.
İndən belə axtarmağın xeyri nə
Gərək səni itirəndə gəzəydim.

Bu çaylaqdan çox haytalı sel keçib,
Körpüsündən karvan gəlib, el keçib.
Aramızdan gör bir neçə il keçib,
Gərək səni itirəndə gəzəydim.

Sevinc yoxa çıxan, həsrət ilişgən,
Ürəyimdə qalıb sevgi tilişgən.
Gərək itik itirənlər demişkən—
Gərək səni itirəndə gəzəydim.

Hücum çəkir sənsizliyin alayı,
Qismətimə düşdü bəxtin qolayı.
İndən belə axtarmağım havayı,
Gərək səni itirəndə gəzəydim.

Həsrət hissi keçirməzdim o vaxtlar,
Xəyalıma gətirməzdim o vaxtlar.
Gərək səni itirməzdim o vaxtlar—
Gərək səni itirəndə gəzəydim.

MƏNİ SEVDİYİNİ HEÇ KİMƏ DEMƏ

Məni sevdiyini heç kimə demə.
Vüsal Hicran

Kimsə tutmayası yer kimi saxla,
Hər vaxt ziyarətli pir kimi saxla.
İlahi, müqəddəs sirr kimi saxla,
Məni sevdiyini heç kimə demə.

Ürəyin təlaşdan uçuna belə,
Sıxsan gözlərini ovcuna belə.
Gətirmə dilinin ucuna belə,
Məni sevdiyini heç kimə demə.

Bu hissi qəlbimdə gözlədəmmədim,
Dilimə güc verdim, gözlə dinmədim.
Səni sevdiyimi gizlədəmmədim -
Məni sevdiyini heç kimə demə.

Alqış!- Ürəkdəki sevgiyə, alqış,
Çəm öyrən, həsrəti çəkməyə alış.
Səni sevdiyimi hamıya danış,
Məni sevdiyini heç kimə demə.

DÜNYA İÇİM BOYDA

Ötən illər bir qərənfil həyatı,
Xallı lalə oxunmamış bayatı.
Günü-gündən şaxələnib boy atır,
Dünya mənim içim boyda görünür.

Arzum dönüb yel aparmış əlçimə,
Uzağa yox, boylanıram içimə.
Ülgüsü var, uyğun gəlmir ölçümə,
Dünya mənim içim boyda görünür.

Bir sahilik ayrı tayda deyilım
O Günəşdə, mənsə Ayda deyiləm.
Mən dünyanın çölü boyda deyiləm,
Dünya mənim içim boyda görünür.

Dünya tutmaz, de, kimdəki arzunu?
Boyundakı, biçimdəki arzunu.
Ancaq tutur içimdəki arzunu,
Dünya mənim içim boyda görünür.

YADIMA DÜŞÜRSƏN

Olmusan əsiri bir xoş qılığın,
Hardasan, necəsən, gözümdən uzaq.
Bir azca ərköyün, bir azca çılğın,
Lap bir az da kövrək, ay dəli uşaq-
Sən mənim yadıma yaman düşürsən.

Həsrət ürəyimdə eşqə yaraşıq,
Yenə xatirələr gəlir bir ətək.
Yolotu, qırxbuğum, yarpız qarışıq,
Qışın ortasında yaz nəfəsi tək
Sən mənim yadıma yaman düşürsən.

Vüsalına həsrət yar ağlayanda
Günəşin odundan qar ağlayanda,
Kaman göynəyəndə, tar ağlayanda,
Sən mənim yadıma yaman düşürsən.

Sevda səmasından hələ düşmərəm,
Nəzərə gəlmərəm, dilə düşmərəm,
Mən sənin yadına belə düşmərəm,
Sən mənim yadıma yaman düşürsən.

Baxıb bu gününə öyünmədiyim,
İkiyə bölünən məmləkət kimi.
Boy atıb qoynunda böyümədiyim,
Həsrətin çəkdiyim doğma kənd kimi
Sən mənim yadıma yaman düşürsən.

BƏLKƏ ŞEİR YAZIM BARIT QOXULU

Bəlkə sevgi şeiri yazmayım sənə,
Bəlkə danışmayaq hisslərimizdən.
Elə araçımız baxışlar olsun
Anlaşaq eləcə səslərimizlə.

Bəlkə şeir yazım barıt qoxulu
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə şəkilli...

Yazımmı cəbhədə şəhidimiz var
Sabah da mən ollam "Vətən sağ olsun!"
Məni buraxmır ki, sənli duyğular
İçimi sən adlı çəkən sağ olsun!

Yazımmı can verən əsgər yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən neçə dəfə qucaqlamışam
Məni hifz eyliyən kağız şəklini...

...Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir gələcək içində zəfər.
Məktubu göndərən sənin sevdiyin
Məktubun gəldiyi ünvan:-Kəlbəcər.

İSTƏYİRƏM

Boşuna baxmıram gözün içinə
Könlümü sancmağa ox istəyirəm.
Mən belə sevdanın acgözüyəm ki,
Sən ay gözü-könlü tox, istəyirəm.

Pərvanə sanıbdı neçə şam məni,
Bu bayatı məni, bu oxşam məni.
Yola sal əlinlə hər axşam məni
Hər sabah qarşıma çıx, istəyirəm.

Deyirəm sevirsən, bax düşünürsən
Var olan bu eşqi yox düşünürsən.
Sən məni hamıdan çox düşünürsən
Mən səni hamıdan çox istəyirəm.
06.07.2014.

GETMƏ

İçimdə fırtına, bayırda tufan,
Üstümə bir acı yel əsib, getmə.
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib, tələsib getmə.

Qıyma ki, xəyalım sürgünlük olsun,
Körpə duyğularım süngülük olsun.
Gedişin birgünlük, beşgünlük olsun
Aradan bir uzun il asıb getmə.

Heç mənə gəlmədi səndən gedənlər,
Ömürdən gedənlər, gündən gedənlər.
Yaman uzaq gedir məndən gedənlər,
Yol çəkən gözümdən yol asıb getmə.

YOXDUR

İçimdən dilimə yollar əyilməz
Ötəri istəyin dümdüzü yoxdur.
Ömrüm səpələnib yollar boyunca
Könlümün gecəsi, gündüzü yoxdur.

Sənli ümidlərin biranlıq dadı-
Bir ömrün mənası bir anlıqdadır?
Sənsiz günəş gördüm qaranlıq dadır
Sənsiz gecələrin dan üzü yoxdur.

Məndə nə alışdı, səndə nə yana?
Məndən baş alanlar səndə dayana.
Səndən bu tərəfdə, səndən o yana
Mənə bu dünyada günüzü yoxdur.

Elə o gətirər, bu aparardı
Bir nəğmə başlardım qu aparardı.
Daşıb bu dünyanı su aparardı
Yaxşı ki, gözümün dənizi yoxdur.

NEYNİM

Sənə vurulmağın ayrı dadı var,
Sənsiz darıxmaq da gözəldi, neynim.
Hər axşam, hər sabah yazıq gözlərim
Yoluna baxmaqdan üzüldü, neynim.

Ara sən ağrıtdın, ara dərdlərin
Məni çəkdi hardan hara dərdlərin.
Ağ-yaşıl, boz- sarı, qara dərdlərin
Sinəmə qatarla düzüldü, neynim.

Sən duran tərəflər könlün Şərqidi
Həsrətin çaldığı başqa şərqidi.
Səndən ayrılalı saat fərqidi
Mən elə bilirəm yüz ildi, neynim.

EYLƏYİR

Çiçəyi açmamış xəzəli çatdı,
Yaşadım nə isə... - Belə, həyatdı.
Məni məhvərimdən çıxarıb atdı,
Bu dünya nə təhər gərdiş eyləyir.?!

Mən bir az duyğusal, bir az da kövrək
olmaqla başıma nə açdı fələk..?
Bir vaxt həsrətinə dözməyən ürək
İndi sənsizliyə vərdiş eyləyir.

Taleyin qisməti: bir işə bax da,
Bir gün işgəncədə, bir gün qılıqda.
Əziyyət çəkmirəm iş axtarmaqda
Hər zaman başıma dərd iş eyləyir.

QAPINA GƏLMİŞƏM
M.İsmayıla


Əvvəldən taleyi kür idim özüm,
Baxıb göz yaşıma kiridim özüm.
Açıb doqqazının kilidin özüm
Qapına gəlmişəm Məmməd İsmayıl.

Bir salxım yarpağın dərib söyüddən
Seçdim öyüdünü yüz-yüz öyüddən.
Alıb sorağını "Qərib Seyiddən"
Qapına gəlmişəm Məmməd İsmayıl.

Kim saldı araya bu ayrılığı,
İllər böyüdübdü o "üç aylığ"ı.
Tapıb gətirmişəm itən yaylığı
Qapına gəlmişəm Məmməd İsmayıl.

Aşdım zirvəsini qarlı bələnin
Biri də mən oldum sənə gələnin.
Yayınıb gözündən ağacdələnin
Qapına gəlmişəm Məmməd İsmayıl.

Bu qoca palıdda qeyrət dili var,
Bu dağda, dərədə heyrət dili var.
Bir nərgiz dindirdim Məmməd dili var
Qapına gəlmişəm Məmməd İsmayıl.

Keçmiş gələcəkdə qalan o qızdan
Teleqram gələcək sənə bir azdan.
Çıxıb Kəlbəcərdən, durub Tovuzdan
Qapına gəlmişəm Məmməd İsmayıl.

Ötən yaz bilmədim, bu yaz oxşayır,
Bu sənli ab-hava, avaz oxşayır.
Əsrik Kəlbəcərə bir az oxşayır
Qapına gəlmişəm Məmməd İsmayıl.

YANDIRIR
Məmməd Aslana


Ay sözün qızılı payız şairi,
Nədənsə könlümü payız yandırır.
Ağlımı başımdan körpəliyimdən
Alıb aparıbdı o qız:- yandırır.

Sevən kəs həsrətdən gərək qorxmasın,
Sevgi saray edər uçuq daxmasın.
Heç kəsin bəxtindən ulduz axmasın,
Məni məndən axan ulduz yandırır.

Yanımda əzizdi sevginin xətri,
Hələ göynəyirəm ilk eşqdən ötrü.
Eh, məni “Reyhan”ın bir duyum ətri,
Deyəsən səni də, “Nərgiz” yandırır.

YUXUMA
Elşən Əzimə


Elşən Əzim, könlüm yaman darıxır,
Ana dağlar yenə girib yuxuma.
Pişvazımda dayanıbdı nərgizlər,
Bənövşələr xalı sərib yuxuma.

Məni görüb həsrət elə sozalıb.
Bahar deyir: dərdim, qəmim azalıb.
Göy yamaclar adaxlanmış qız olub,
Əhd bağlayıb, könül verib yuxuma.

İtənlər tapılıb mənim olubdur,
Sevincim dərdimə qənim olubdur.
“Gəlinqaya” naz çəkənim olubdur,
“Qartlqaya” qanad gərib yuxuma.

Elməddini tərpətməyin, yatıb ki;
İstəyinə yuxularda çatıb ki!
Səhərlər elə bir zəhər qatıb ki,
Bu qaçqın yuxuma, qərib yuxuma...


Boz ayın bozarmış havasından qaçıb qaldığım yataqxana dəhlizinə doluşmuş sərçələrə

Bu köçkün evinin buz dəhlizində,
Yemmi axtarırsız a boz sərçələr.
Nədən danışırsız öz dilinizdə
Mənə də anladın bir az, sərçələr.

Hər dili bilirsiz qu quşu kimi,
Anladın anlayım dərdimin dilin.
Cik-ciklə ötürsüz su quşu kimi
Çəkdiyim beşdimi, birdimi bilim.

Tez uçun, tez uçun başımın üstən
Ulduzu sayrışmaz gecə kimiyəm.
Evim yuvanızdan deyil ki, isti,
Görmürsüz üşümüş sərçə kimiyəm.

Qaçmayın, bir ovuc dən atacağam
Doğma yuvanızda aparıb yeyin.
Deyəsən bu yaz da yas tutacağam
Getsəniz yuvama salamlar deyin.
28.02.2014.

QORXURAM

Yağı çəmənimi, çölümü sevir,
Yəqin ki, taleyim zülümü sevir.
Çoxu qaçqınlıqdan ölümü sevir,
Qaçqın ölməyimdən yaman qorxuram.

Qərib ölənlərdə dözüm də olmaz,
Bir kəlmə deməyə sözüm də olmaz.
Ölülər içində üzüm də olmaz,
Qaçqın ölməyimdən yaman qorxuram.

Allah başçılara səbri verməyə,
Çadırda yaşatmaq əmri verməyə.
Nə ola bu torpaq qəbri verməyə,
Qaçqın ölməyimdən yaman qorxuram.

Vallah, mələklərin, pərilərin də,-
Düşmüşəm gözündən dirilərin də.
Gəlləm acığına ölülərin də,
Qaçqın ölməyimdən yaman qorxuram.

Qorxuram acımı o dünya dada:
Bir də nə istisi odun yada da.
Qaçqın çağrılaram o dünyada da,
Qaçqın ölməyimdən yaman qorxuram.

QARAGÖZLÜM

Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb-
Süslənərsən, qaragözlüm.

Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.

Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən-
Bəslənərsən, qaragözlüm.

Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.

ELƏ GÖZƏLDİ Kİ

Bəzən dünya tarimardı,
Bəzən elə gozəldi ki!…
Bu nizamı yerbəyernən,
Düzən elə gözəldi ki!…

Ürəkdən, candan oxuyan,
Damardan, qandan oxuyan.
Əhli-irfandan oxuyan,
Ozan elə gözəldi ki!…

Xəyalım dağda, aranda,
Nələr olmur bircə anda.
İçini boşluq saranda
Azan elə gözəldi ki!…

Tanrı soyuq baxdı bizə,
Qarğadı kim bəxtimizə?!
Bu dərdi kəm bəxtimizə
Yazan elə gözəldi ki!…

KÖNLÜMÜN ƏFƏNDİSİ
İbrahim İlyaslıya


İlahi eşqin yolçusu,
Dərd əhli, dərdiş əfəndim.
Könlü haqqa bağlamaqdan
Olmaz ki, mərd iş, əfəndim.

Şam gözləyir bu ağ şamdan
Nağıl olmaz bu oxşamdan.
Bu sabahnan, bu axşamnan
Fırlanır gərdiş, əfəndim.

Can istər sədam olmağı,
İçimdə edam olmağı.
Adamnan adam olmağı
Eylədim vərdiş əfəndim.

Dünyanın kölgə yönümü
Pozmaya keşgə yönümü.
Tutub da eşqə yönümü
Etdim pərəstiş, əfəndim.

Sən, o eşqin ta kəndisi,
Səndə qalıb tükəndisi.
Ay könlümün əfəndisi
Sevdalı dərviş əfəndim.

ÇƏKİR
Şairə Fərqanə Mehdiyə


Bir ürək bənövşə şəklin,
Ürəyi kövrəklər çəkir.
Dərd ayrı bir filimdi,
Onu da ürəklər çəkir.

Bu nə yanğın, bu nə əhval,
Lap əridim misqal-misqal.
Sevdalı başlara sığal—
Sərsəri küləklər çəkir.

Yollardan yığış həsrətim,
Ay alqış, qarğış həsrətim.
Bir damcı yağış həsrətin,
Yanıxmış çiçəklər çəkir.

Təki Allah eyləməsin,
Bir kimsə ah eyləməsin.
Sevənlər günah eyləməsin,
Çiynində mələklər çəkir.

İÇİMDƏ BİR QƏBİR ÖLÜR

Ölümdən qabaq adamda,
Ümid sınır, səbir ölür.
Ağaclar tək tək qırılır,
Adamlar da bir bir ölür.

Sən bildiyin o nə sirrdir
O "sirr" var ha! bir sətirdir.
Məni öldürüb bitirdi
Özü məndə bitir, ölür!

Varmı qohum, yadın olan,
Sən nəsənmiş qadın olan
Başdaşında adın olan
İçimdə bir qəbir ölür.

QEYBDƏN GƏLƏN SƏSLƏRİN

Nazından daşlar titrəyir,
Yolların əda yüküsən.
Qanına durub gözlərin
Qan yükü, qada yüküsən.

Çox da qorxulu deyilsən,
Yarıyuxulu deyilsən.
Sevgi nağılı deyilsən
Ömrümün sevda yüküsən.

Ağlını aşır hissləri
Tanrıya doğma kəslərin.
Qeybdən gələn səslərin
İçində nida yüküsən.

Axıt getsin Kür aşağı
Bu dəlisov kür uşağı.
Ruhun haqnan qovuşağı
Canların fəda yüküsən.

Əcəlin özü bulanın
Başına durub dolanın.
Ümüdi görüş olanın
Görüşsüz vida yüküsən.
13.09.2013.

QAR VAR…
Ramiz Qusarçaylıya qış salamı…


Məni üşüdür duam
Duada qar var.
Havası çatmır qışın
Havada qar var.

Seyrək oldu öz sıram
Qəribsəyib susuram.
Dünya çovğun, sırsıra
Yuvada qar var.

Həsrət ömrün sərt yeri
Ümidindən tut yeri.
Sovuruqdu yurd yeri
Obada qar var.

Bizi nəzər, göz kəsib
Deyəmmədim söz kəsib.
Kəlbəcəri buz kəsib
Qubada qar var?!!!
09.01.2015.

İLDÖNÜMLƏR İNTİHARDI
Kəlbəcərin işğalından 22 il ötdü…


Qışdan hələ çıxmayıbdı
Qar içində bu yaz ölür.
Don vurubdu bənövşəni
Kəsib şaxta, ayaz ölür.

Dərd könüldə taraz bitir,
Gözlərdən Kür, Araz bitir.
Addım-addım bir az bitir
Vətən hər il bir az ölür.

İtkiyə yaş ahu-zardı
Hər il gəlir dərdin ardı…
İldönümlər intihardı
Ağlayırıq avaz ölür.
02.04.2015.

SƏN ONUN UZAQ YOLLARI

Əritdi bu ömrü belə,
Sevdanın uzaq yolları.
Gəlsənə eşqin adına,
Həkk edək, yazaq yolları.

Bu dərd məndə yuva qurub,
Könlümə elə oturub,
Qələmi dərdə batırıb,
Şeirlə cızaq yolları.

Var yolunu, yox yolunu,
Sən bilirsən sağ-solunu,
Həyatımdan sal yolunu,
"Sən onun uzaq yolları".

Mənə dəyən "ondan" dəydi,
Qar islatdı, tufan döydü.
Yuxuda "yol" yaxşı şeydi,
"Yollar"a yozaq, yolları.

Hər bir nida səsdən gedir,
Nə gedirsə qəstdən gedir,
Ürəyimin ustdən gedir,
Bu Bakı-Qazax yolları.

BİLİRƏM NƏDİR DARIXMAQ...

Deyirsən təkəm otaqda
Götür mənə bir şeir yaz.
Bax qulaq asma ağlına
Gör ürəyin nə deyir yaz.

Yaz ki, baxıb pəncərədən
Yolları yığdım gözümə.
Elə darıxmaq çilənib
Hər gecəmə, gündüzümə.

Sıyrılıb əldən havaya
Göylərə uçan, gələrsən.
O günü getdiyin yolu
Qayıdıb haçan gələrsən?!

Çağır da alım əlimə
Yolu quca-quca gəlim.
Ayağım yerdən üzülsün
Göylə uça-uça gəlim.

Gözlərim səni axtarır
Ay gözü mənsiz yol çəkən.
Bilirəm nədir darıxmaq
Bayaqdan otaqda təkəm.

UZAQLARA...

Bu gecədən ulduz axar
Axar tənha, yalqız axar.
Xəyalımdan bir qız axar
Vətəndən eyyy uzaqlara...

Düzəlib səfə dönmürsən
Düşmüsən kefə, dönmürsən.
Xəyalım evə dönmür, sən-
Gedəndən eyyy uzaqlara..

Sınar ümid, kəsilər qol,
Ürəyindən muğayət ol.
Yollar bitmir, gözlərim yol-
Çəkəndən eyyy uzaqlara...


Baxış sayı - 3 045 | Yüklənmə tarixi: 23.08.2017 19:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031