manera.az
manera.az

Bütün ağrılarım üç hərflidir: Ana, Ata, Sən... -YENİ İMZA

📅 20.06.2017 11:44

Bütün ağrılarım üç hərflidir: Ana, Ata, Sən... -YENİ İMZA
Firudin Həmidli


Sənsiz

Sevgilim,
İndi ruhum bir həndəsi fiqura dönüb,
Sərhədləri - bu nizam.
50%-i kәdәrdən ibarət,
Eşq qalmış sadәcә 49%-də
Vә 1% nifrәtindir.
Ah, bir bilsәn, bu kiçicik nifrәt
Necә hakim olub.
Bütün duyğulara!...
Görürsən? -
Mən də yavaş-yavaş rəqəmləşirəm...

Alınma,
Eşqimiz əbədidir, bilirsən.
Əlbəttə ki, nifrətim bu dövrana qarşıdır.
Dərk edəndə onun qaranlığını
Nə eşqin dadı qalır,
Nə kədərin mənası...

Damarlarımda yad bir qan dolaşır, sevgilim,
İndi nəfəsinə ən çox möhtac olduğum anlardır.
Ruhuma püskürür günlərdən bəri
Pəncərədən gördüyüm,
Ekranlardan gördüyüm
Əslindən uzaq düşmüş gözəlliklərin sətiraltı mesajları.
Bilmirsən, gözlərini yumasan,
Ya da heç qırpmayasan...
Çətindir, çox çətindir
Sənsiz bu nizam...

İndi bütün şeirlər səndən danışır,
Son misralar güllə kimidir varlığıma çaxılan.
Necə təzadlıdır, deyirəm, hər şey...
Təzadlıdır şeirlər və gözlə görülənlər.
Olsaydı məndə ixtiyar,
Sevgilim, bir əbədi qəzəl içində yaşardıq.
Nə əsrin izdihamı,
Nə rənglərin əbəsliyi olmazdı orda...
Əfsus ki, həqiqətə çıxa bilmir xəyallar,
Zira, burda yoxsan,
Yanımda yoxsan...
Gəl, bir-birimizdən güc alaq,
Hücum edək qaranlıqlara!...



İllər qışqırır

Bütün ağrılarım üç hərflidir:
Ana,
Ata,
Sən...
O qocaman 10 hərflik "xoşbəxtliy"i
Daha kimdən gözləyəsən?
Bu sözə sığmaz dərdləri
Axı kimə deyəsən?...

İnsan ayrılıq çəkəndə
Elə yaxşı bilir ki, bir an sonra nələrin olmayacağını -
Bir an sonra,
Bir ay sonra dinməyəcək ağrılar.
Yox, nə ümidsizlikdir bu,
Nə təslimiyyət.
Əlbəttə ki, hər acının bir hesabı var.

Bütün ağrılarım yad gəlir mənə!
Onların rəftarı heç doğma deyil.
Fərqi yox,
Saniyə, ya da milyon il -
Ağrılar vaxt tapıb sözünü deyir...

Deyirsən, çəkilməz,
Deyirsən, dözülməz,
Elə dözərsən!
Mat qalıb ağlayarsan aynaların önündə.
Halını bir soruşan nə gəzər?
Kifayət olar hərdən,
Bir "necəsən?", kəlməsi,
Fəqət
Hamı susar,
Hamı qaçar,
Hamı qorxar...

Bu ağrıların bircə ilməsi,
Ax, çıxa rastına!
Sökəsən süzülmüş paltar kimi,
Qurtulasan qəfəsdən...
Ah, keçən hər bil il
Amansız bir acıya dönüb
Bir ip də artırar bu qaranlıq qiyafəyə,
Və gələcəyi alar əllərindən...

Görürsən ki, hər şey dəyişib,
Hər şey başqadır.
Bütün ağrılar, üstəgəl yalnızlıq
Ummadığın əzabları şığıdır ruhuna.
Qovur yanından hər kəsi,
Boğur əllərini, ayaqlarını
Və sən, bacarsan, şükr edirsən varlığının yoxluğuna...

Bütün ağrılarım üç hərflidir,
Ana,
Ata,
Sən...
Bütün ağrılarım elə özüməm...


Çox uzaqdasan

Sənə zəng etmək üçün telefon
Hələ icad olunmayıb.
Bütün dünya alimləri acizdir.
Sənə gedən yollar xəritədə nə gəzir?
Mən ki gecikdim sənə
Bütün saat qurşaqlarında.
Qaldın dünyanın ən uzaqlarında...
Əllərimin hərəsi düşdü bir qitəyə,
Sanki, atdılar məni "Marian" adlı o çökəkliyə.

Sənə zəng etmək üçün telefon
Hələ icad olunmayıb.
Bütün dünya alimləri acizdir.
Axı bu fədakarlığı kimdən umasan?
Daha işimə yaramaz heç bir dil, heç bir lisan...
Səninlə bir küçədə qarşılaşmaq da
Milyardda bir ehtimal.
Hərçənd ki, zidd deyil qovuşmağımız
Heç bir fizika qanununa,
Təbiət qanununa...

Mən hər gün yüzlərlə qapı döyürəm,
Heç birini açmırsan sən.
Sən ki açarı mənə haram olan
Bir qapının ardındasan.
Bilirəm, ordasan!
Amma nə edə bilərəm?...
Sənə zəng etmək üçün telefon
Hələ icad olunmayıb.
Bütün dünya alimləri acizdir.
Sənə gedən yollar xəritədə nə gəzir?...



Antonim əvəzliklər


Ah, sənin təsirli fellərin
Məhv etdi bütün cümlələrimi...
Oysa, mənim tamamlığım yalnız sən idin.
Nə oldu sənə?...

Bütün nitq hissələrim alt-üst oldu,
Heç biri işə yaramadı
Sən "getmək" sözünü
Birinci şəxsə salanda...
Və mən susdum, boğuldum,
Titrədi bütün əlifbam,
"Ölmək" feli çatmadı dadıma...

Oysa ki, "sevmək" feli
Yalnız sənə tətbiq üçün
Yazılmışdı bütün lüğətlərimdə.
Mənmi bacarmadım,
Sənmi uymadın?
Kim idi günahkar?

Oysa, səni daima
Arzu şəkli ilə xatırlayırdım.
Axtarsan hər sözümün mənşəyini,
Sən çıxardın sonunda...

Sənin lüğətlərinə
Alınma sözlər qarışdı, sevgilim!...
Aramıza qeyri-müəyyən bir mübtəda
Necə, hardan ayaq açdı, sevgilim?
Nə köməyə gəldi bağlayıcılar,
Nə acizanə ədatlar...
Qopdu hardansa bir nida: Bitdi eşq!

Artıq nə mübtədayam,
Nə tamamlıq...
Bir xəbərdən ibarətəm:
Darıxıram...

Sənsə...
Ah, sən...
Adın ən yad lüğətlərdə,
Ən uzaq cümlələrdə...


Zaman hara gedir?

Sevgilim, məni bağışla...
Sәnә çiçәklәr almaq ümidi ilә
Çıxdığım bu yolda bütün tikanlar mәni tapdı.
Yanılmışam...

İndi savaşlar içindən çıxmışam,
Qara küləklərdən xilas olaraq.
Qayıdır ruhum öz nəfəsinə -
Sənə...
Səs-küylü, izdihamlı, yad caddələrdən
Qayıdıram eşqimizin o kiçik, doğma küçəsinə

Bilmədim, yanılmışam...
Orda axsayırmış bütün işıqlar,
Rənglərdə zülmətin qorxunc əksi
Uzaq gələcəkdən güdürmüş bizi...
Gizlincə gəmirərək ruhları, yonurmuşlar, sevgilim
Və əlbəttə, döndərirmişlər tək bildikləri şeyə -
Qızıl külçəsinə...

Sevgilim, burada hər şey gözəl,
Orada...
Eh...
Nəyə gərək qorxmaq, kədərlənmək?
Sən varsan,
Mən varam,
Gəl, möhkəm dayanaq zamanın, dünyanın keşməkeşlərinə!...


Fəcri-kazib


Qürub vaxtını göstərirdi
Gözlərimin bütün saatları.
Sönmək üzrəydi işıqlar
Qəlbimin otaqlarında.
Ruhum da qaralacaqdı
Nəfəs almaya-almaya...

Sənsə...
Gözlədiyim dan yeri idin.
Ah, sən...
Gəldin, yetişdin,
Aldın məni zülmətdən.
Dan yerinin o xoş rəngi vardı
Hər anında.
Günəşin bərq vurduğu bir dəniz
Dalğalanırdı nəfəsindən.
Necə gözəl şeylər üçün
Ümidlər qapdım səsindən!...

Qürub vaxtını göstərirdi
Gözlərimin bütün saatları.
Bir gün sən gəldin
Gözlədiyim dan yeri kimi.
Nə tez bitdin?...



Baxış sayı - 1 661 | Yüklənmə tarixi: 20.06.2017 11:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031