...nakamların yaz sevdaları...-ŞEİRLƏR
Manera.az Əntiqə Səməndərin şeirlərini təqdim edir:
***
Ta məndən o yana həyat qurtarıb,
Başlayıb xatirə dəlilikləri...
Ta səndən o yana sətirlər bitib,
Gəlir nakamların yaz sevdaları,
Hər nərgiz boylanır bahara sarı...
İlk baxışla son addımın toqquşduğu,
Yolu dönük Xan bağı...
DOST
Ayrılıq üzümə gülüb,
Ağrılarım seyrəlmir,dost.
Ümidlərim iməkləyir,
məzarına tərəf.
Can verdiyin yerdə
dirilir xatirlər...
İndi bacarığım arzulamaqdı
Elə hey arzulayıram...
Bir gün qapım döyülə,
Ayrılığın dizi sına dünyada-
səssiz, işıqsız yerdə
əlimdən tutasan sakitcə, dost.
ÜRƏK AĞRISI
...onsuzda köçkün doğulmuşdum
Onsuzda ürəksiz idim, zalım.
Gəldin ,vətənsizliyimin üstünə,
sevgisizliyim gəldi.
İndi deyəcəksən ki,
Ürəksizdə nə sevgi
Ürəyimdən köçkün
düşəndə anladım
Ürəksizlərin ürək ağrısın...
NECƏDİR ?
Başımızı daşa döyüb,
Üstümüzə gəldilər.
Sonra qapımızı döyüb,
Torpağını pay ver mənə,
Qeyrətini,qıy, ver mənə
Dağımızdan baxa-baxa
Üzümüzə dedilər.
Cırağımız sönsədə,
Vətən eşqi sönmədi.
Amma getdi
vətən getdi,dönmədi!
Vətəndən pay verməyən,
Vətənə can verən, əsgər
Söylə papağın necədi?
Bütöv cansan,Azərbaycan
Solun parça-parça olub,
De görüm sağın necədir?
VƏTƏN
Yaralı köksünə baxıb,
Ötə bilmədiyim vətən.
Nankor olub, harayına
yetə bilmədiyim vətən.
Əsir, qazi içində
İtə bilmədiyim vətən.
Bir misrada cücərib,
Bitə bilmədiyim vətən.
Yuxular çin çıxarmış
-vətənə getmək varmış,
Şeirimdən o tərəfə,
Gedə bilmədiyim vətən..