Səlim Babullaoğlu “Qran-Pri” laureatı diplomu alıb
“Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclası olub
2017-ci ilin 5-6 iyun tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclası keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak etmişdir.
XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsinə MDB-yə üzv olan dövlətlərin təmsilçiləri tərəfindən bütün nominasiyalar üzrə 89 adda kitab təqdim edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə sözügedən müsabiqəyə Azərbaycan Respublikası adından müxtəlif nominasiyalarda iştirak üçün 14 adda kitab göndərilmişdir. Bu kitablardan 11-i müsabiqənin əsas nominasiyalar üzrə qalib gəlmiş və müxtəlif dərəcəli diplomlarla təltif olunmuşdur.
XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib gəlmiş kitablar barədə məlumatları diqqətinizə təqdim edirik:
Səlim Babullaoğlu “Rasim Əliyev. Xatirələr” kitabı “Qran-Pri” (“Гран-При”) nominasiyası üzrə finalçı və “Qran-Pri” laureatı diplomuna layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan Şakir Qabıssanlı “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabı “Birlik” ( “Содружество”) nominasiyası üzrə II yerə layiq görülmüşdür.
Sevda Dadaşova, Elbəy Qasımzadə, Fazil Məmmədov “Bakı – tarixin səhifələri” kitabı “Mənim ölkəm”(“Моя страна”) nominasiyası üzrə III yerə layiq görülmüşdür.
Solmaz Amanova “İlmənin macəraları” (Azərbaycan, rus və ingilis dillərində) kitabı “Uşaq və gənclər üçün kitab” (“Книги для детей и юношества”) nominasiyası üzrə II yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Azərbaycan doğma diyar. Milli azlıqların V Respublika Festivalının materialları” kitabı “Mədəniyyətlərin dialoqu” (“Диалог культур”) nominasiyası üzrə III yerə layiq görülmüşdür.
F.Əfəndiyeva, F.Balakişiyeva, Ç.Qaşqay, V.Babayev “Müasir kurort işində quru palçıq formaları” kitabı “Elm və innovasiya” ( “Наука и инновация”) nominasiyası üzrə III yerə layiq görülmüşdür.
Esmira Fuad “XX əsr Güney Azərbaycan epik şeiri” kitabı “Tədris ədəbiyyatı və təhsil” ( “Учебная литература и образование”) nominasiyası üzrə III yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan Rəşid Behbudov “Sönməz Ulduz”kitabı“Art kitab” ( “Арт-Книга”) nominasiyası üzrə II yerə layiq görülmüşdür.
Gülzar İbrahimova “Sirus və Virusun macəraları” kitabı “Birlikdə nəşr olunub” ( “Отпечатано в Содружестве”) nominasiyası üzrə III yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Molla Nəsrəddin Lətifələr” kitabı “İllüstrasiya sənəti” (“Искусство иллюстрации”) nominasiyası üzrəIII yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan Sabir Rüstəmxanlı “İki kəlmə” kitabı “Xüsusi diplom”a (“Спецдиплом”) layiq görülmüşdür.
Məlumat üçün bildiririk ki, kitablara verilən mükafatlar cari ilin sentyabr ayında Moskva Beynəlxalq Kitab Sərgisində Azərbaycan nümayəndə heyətinə təqdim olunacaqdır. Müsabiqədə qalib gəlmiş 11 kitabdan 5-i Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəşridir.