manera.az
manera.az

"Kitabını taleyimin yazısı kimi oxudum"- Əsəd Qaraqaplana |MANERA.AZ

"Kitabını taleyimin yazısı kimi oxudum"- Əsəd Qaraqaplana |MANERA.AZ
Manera.az
Kənan Hacı

Kiçik qardaşımın məktubu

Əsəd Qaraqaplanın özü və sözü haqqında


Mən Əsəd Qaraqaplanın “Sonralar daha çox yalnız” kitabını bir məktub kimi oxudum. Balaca qardaşımın məktubu kimi. Kənddən şəhərə gələndə özüylə gətirdiyi uşaq saflığını, kəndçi sadəlövhlüyünü hələ də qoruyub saxladığı bu kitabın hər cümləsindən bəllidir. Əsəd hər halıyla içində yaşadığı bu mühitə sığmayan bir adamdır, onun dəli-dolu tavrı yatağına sığmayan çayın qəzəbi kimidir. Təbiətin bir parçası kimi sanki tuncdan tökülmüş kimi görünən əzələli bədəni sanki hər an parçalanıb ətrafa səpələnə bilər.

Əsəd bu kitabında qəfəsdə çırpınan bir qaplanı – özünü, özünün müxtəlif hallarını təsvir edib. Həyatının 7 ilini it damından heç nəyilə seçilməyən bir daxmada yaşayan bir adam kimi Əsədin yaşantıları mənə tanışdır, bu yazıları oxuduqca uzun qış gecələrində sərxoş halda o daxmaya girib pallı-paltarlı çarpayıya yıxılıb yatdığım o səfil həyat gözlərimin önündən keçdi. Bir gün oğrular bu daxmaya soxulub hər yeri ələk-vələk eləmiş, kitablarımı yerə töküb heç nə tapmayandan sonra paltarlarımı aparmışdılar. Bir gün də gecədən xeyli keçmiş içkili halda qapını açıb içəri girəndə yatağımda uzun bir ilanın qıvrılıb yatdığını görmüşdüm. Həyatımızı həsr etdiyimiz ədəbiyyat bizə bunları qazandırdı, əzizim Əsəd! Bizim qismətimizə gəncliyimizin ən gözəl illərini gecəqondularda çürütmək düşdü. Yarıac-yarıtox bir həyat yaşadıq.

Əsəd kənddən çıxdığına peşmandı. Onu yaxşı başa düşürəm, onun doğulub boya-başa çatdığı Tatyan kəndi həyatımın ən ağır günlərində sığındığım isti bir yuva olub, hələ də o kəndi dünyanın ən işıqlı bir parçası kimi xatırlayıram. Əsədlə ilk tanışlığımızda onun Tatyan kəndində doğulduğunu biləndə içimdə izaholunmaz bir sevinc hissi keçirmişdim. Əsəd onda mənə ilk kitabını avtoqrafla bağışlamışdı, onda hələ Qaraqaplan deyildi. Bu yazını yazanda kitabxanamdan o qırmızı cildli kitabı axtarıb tapdım və avtoqrafın yazıldığı tarixə baxdım: 11. 02. 2006-cı il. Yaddaşım məni aldatmırsa, o gün Əsəd ağ pulover geyinmişdi. Onda mən Əsədin indiki yaşını artıq geridə qoymuşdum və həyat öz zərbələriylə burnumu yaxşıca ovmuşdu. Bu zalım dünyayla təkbətək qalmışdım, kafelər küncündə ölüb-dirilən vaxtlarım idi. O gün mən Əsədin gözlərində qaynayan bir həyat gördüm. Nə yaşı vardı ki... İyirmi bir yaşında gənc başqa nə cür ola bilərdi? Amma sonralar mən Əsədin başqa kitablarını oxudum və gördüm ki, artıq həyat sərt üzünü ona da göstərib. Yazılarındakı, şeirlərindəki üsyankarlıq, barışmazlıq hissi yüyənsiz at kimi səhifədən səhifəyə, kitabdan kitaba cövlan edirdi. Hər dəfə onun şeirlərini, romanlarını oxuyanda Əsəddən ötrü möhkəm narahatlıq hissi keçirirdim, elə bu sonuncu kitabını oxuyanda da həmin hiss məni yaxaladı. Həyat onunla barışmayanları sevmir, çox tez məhv edir. Əsədinsə deyəsən, zalım dünyaya hələ də öc vermək fikri yoxdur. Əsəd ədalətsizliyə, riyakarlığa dözə bilməyən adamdır, onun yaxşı mənada vəhşi təbiətində bir barışmazlıq var. Onu rahat yaşamağa qoymayan da addımbaşı qarşımıza çıxan saxtakarlıqlar, özü olmaq istəməyən, hər hala, hər cildə düşən buqələmunlardır. Bu yerdə Salamın misraları şapalaq kimi adamın üzünə dəyir: “Darıxma,düzəlməyəcək”!

Kitabın sonunda Əsəd kənddən çıxdığına, şəhərə gələrək oxuyub adam olduğuna, özünü ədəbiyyata həsr etdiyinə görə dərin bir peşmançılıq hissi keçirir. Əsəd, əzizim, mən bu peşmançılıq hissindən günü bu gün də əziyyət çəkirəm. Kaş deyirəm, kaş mən bu lənətəgəlmiş ədəbiyyata sevgimdən vaxtında üz döndərəydim. İndi artıq anlayıram ki, söz də insanı xilas etmir. Bilirsən niyə? Çünki o sözün mayasına çoxdan haram qatıblar! Bunu sən də bilirsən. Sənin kitabını öz taleyimin yazısı kimi oxudum. Amma qətiyyən təəssüflənməyə dəyməz, çünki qaplanlar məğlubedilməz olur!

Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031