manera.az
manera.az

Kitaba etinasızlıq...


Kitaba etinasızlıq...

KİTABA ETİNASIZLIQ ÖZÜNƏ LAQEYDSİZLİKDİR!

Həyatda insana lazım olan iki cür nemət var. Onlardan biri maddi nemət, o biri mənəvi nemətdir. Maddi neməti yeməsən, yaşaya bilməzsən, mənəvi nemətdən istifadə etməyəndə isə küt və savadsız qalarsan, bədii zövqün, ümumi mədəniyyətin inkişaf etməz, yaşayıb yüz il ömür sürsən də mədəni insanlar arasında hörmətin olmaz, sənə hamı yararsız bir adam kimi baxar. Bax, mənim söhbət açmaq istədiyim kitab da mədəni nemətlər sırasında gedir.

Maksim Qorkinin sözlərilə desək, kitab bilik mənbəyidir. Buna görə də böyük yazıçı onu daim sevməyi bizə tövsiyə etmişdir. O, kitabın müsbət cəhətlərini açıb göstərmək üçün öz həyatından dəlillər də gətirir, deyir ki, “kitab olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım”.

Doğrudan da insanın həyatında kitab böyük qüvvədir. Oxucu kütləsinin, xüsusilə, gənclərin təbiət və cəmiyyət hadisələrini düzgün dərk etməsində, onların əqli, idrakı və əxlaqi inkişafında, mənəvi tərbiyəsində və fəal həyat mövqeyinin formalaşmasında kitabın müstəsna əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, biz ağlımız kəsməyə başlayandan Nizaminin, Füzulinin, Xəyyamın, Hafizin, Drayzerin, Hüqonun, Şillerin, Puşkinin, Qoqolun, Tolstoyun, Sabirin, Vurğunun və adını çəkmədiyim bir çox dahilərin qızıldan qiymətli kitablarını oxuya-oxuya böyümüş, inkişaf etmiş və bugünkü səviyyəyə gəlib çıxmışıq.

Bəli, biz bir-birindən qiymətli kitabları oxuya-oxuya həyatdan baş çıxarmağı öyrənmişik. Kitablarda təsvir olunan müsbət qəhrəmanlardan qəhrəmanlığı, cəsurluğu, xalqa yaramaq məsələlərini, mənfi qəhrəmanların naqis hərəkətlərindən isə həyatda mənfiliklərə qarşı mübarizə aparmağın nə qədər vacib olduğunu öyrənmişik. İngilis yazıçısı C.Aqquson bəlkə də elə bu cəhətləri nəzərə alıb, kitab haqqında demişdir: “Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir”.

Mənə elə gəlir ki, C.Aqquson tamamilə doğru deyir. Həqiqətən də yaxşı kitablar olmasaydı, dünya mədəniyyəti bəlkə də bu qədər inkişaf etməzdi. Məhz buna görə də dünyanın ən görkəmli adamları kitaba həmişə yüksək qiymət vermişlər. Məsələn, məşhur tənqidçi V.Belinski yazır: “Kitab dövrümüzün həyatıdır. Hamının-qocanın da, cavanın da, iş adamının da, işi olmayanın da, habelə, uşaqların da ona ehtiyacı vardır”. F.Volter isə fikrini belə çatdırır: “Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni bir dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq isə köhnə dostu yenidən görmək deməkdir”. A.Gertsenə görə “kitab bir nəslin o biri nəslə qoyub getdiyi vasitədir”. N.Krupskaya bu vasitənin əhəmiyyətini belə açır: “Kitab ünsiyyətdə, əməkdə, mübarizədə güclü silahdır, o, insanları həyat və mübarizə təcrübəsi ilə silahlandırır, onların görüş dairəsini genişləndirir”.

Mən Azərbaycan şairlərinin və yazıçılarının kitaba verdiyi qiyməti ayrıca qeyd etmək istəyirəm. Dahi Nizami yazır: “Kitab elə bir zəmidir ki, ondan hamı yesə də, qurtarmır”. O, daha sonra deyir:

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib, gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.


Hüman Təbrizinin fikrincə, “İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar”. Xalq şairi S.Vurğun isə “kitabsız bir ömrün nə mənası var”, - deyir.

Həqiqətən də kitab olmasa, biz kitab oxumasaq, həyatda kor qalar, heç nədən baş çıxara bilmərik. Baş çıxarmaq üçün gərək çox şeyi öyrənəsən. Öyrənməkdən ötrü isə çoxlu kitab oxumaq lazımdır.

Təəssüflə qeyd etmək lazımdır ki, indiki dövrdə bəzi adamlar kitabdan qaçır, ona soyuq münasibət göstərirlər. Bax, bunun cavabı məhşur bir ərəb atalar sözündə aydın göstərilmişdir. Həmin atalar sözündə deyilir: “Kitab sənə fayda verər, səndən heç şey aparmaz”.

Nəzərə almaq lazımdır ki, insan gücü ilə yox, mütaliə etməklə ağıllanır, müdrikləşir. Belə olanda, o, həyata açıq nəzərlər və iti gözlərlə baxır, elə buna görə də həyatda müəyyən mövqe qazana bilir. Çin atalar sözündə deyilir : ,,O cəmiyyətdə ki, kitabı sevmirlər,həmin cəmiyyət xoşbəxt ola bilməz.”

Lakin bütün bu deyilənlər yaxşı kitablara aiddir. Pis, heç nəyə yaramayan kitablar isə oxucunun zövqünü korlayır. Təəssüf ki, son vaxtlar belə kitabların sayı getdikcə artır. Başqa cür desək, yaxşı kitablarla yanaşı, pis kitablar da ayaq açır dünyaya. Ancaq bir şey yaxşıdır ki, pis kitablar ayaq açsa da, yeriyə bilmir, çünki ayaqları anadangəlmə şikəstdir, yer tutmur. Təcrübəsiz oxucular isə belə kitabları görəndə və ya əlinə alıb gözdən keçirəndə, elə bilir, indiki bütün kitablar məhz bu gündədir, ona görə də kitab oxumaqdan qaçır. Oxucu kitabdan qaçdıqca, yaxşı kitablarımız da alınmır, oxunmur, təbliğ olunmur.

Kitabın təbliğ olunmamasının bir sıra başqa səbəbləri də vardır. Həmin səbəblərdən biri odur ki, ölkəmizdə kitab mağazalarının sayı həddindən artıq azdır. Belə halda, çox kitab satmaq bir o qədər də asan olmur.

Kitabxanalardan isə heç danışmağa dəyməz. Kənd yerlərində kitabxanaların çoxu ləğv edilmişdir. Mövcud kitabxanalarda da kitab, təbliği həddindən artıq zəifdir, yeni kitabların müzakirəsi, oxucular konfransı, kitab müəllifləri ilə görüşlər az keçirilir. Belə olan halda, oxucu hardan bilsin ki, bu gün hansı kitab göz açıb dünyaya, hansı kitabı götürüb oxumaq lazımdır.

Kitaba etinasızlıq...Hələ bunlar azmış kimi, son vaxtlar kitab üçün yeni bir qorxu mənbəyi də yaranmışdır. Bu da müasir dövrün, necə deyərlər, iliyinə işləmiş internet qorxusudur. İnternet aludəçiləri kitabı çap yox, elektron variantında görmək istəyirlər. Kitab yazıları ayrı-ayrı saytlarda yerləşdirilir. Hələ deyirlər ki, gələcəkdə daha kitab çap olunmayacaq, ancaq kitabın elektron variantlarından istifadə ediləcəkdir. Mən buna çox təəssüflənirəm. Ona görə ki, biz əsrlər boyu kitabla yaşamış, kitabla nəfəs almışıq. Mənim nəzərimcə kitab canlı bir varlıq, onun elektron variantı isə robot rolunu oynaya bilir. Düzdür, dünyaya robot da lazımdır, ancaq robot canlı varlıq kimi iş görə bilməz.

Lap elə məsələyə maddi durum nöqteyi-nəzərindən yanaşaq. Həyatda varlı adamlar da çoxdur, kasıb, gündəlik çörəkpulunu çıxara bilməyənlər də. Kitabın elektron variantı ilə gərək hökmən kompüterdə tanış olasan. Çörəkpulu tapa bilməyən adam bunun üçün gərək ən azı 300-400 manata kompüter alsın. Hələ internetə qoşulmaq, buna görə hər ay filan miqdarda pul ödəmək zərurəti də var. Buna kasıb adamların gücü çatacaqmı? Amma kitabın çap variantını çox ucuz qiymətə də almaq olur.

Sahib Əliyev,
şair-publisist
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031