manera.az
manera.az

AYB-ə üzv olmaq üçün Anar haqda yazmalısan - Çinarə Ömray

AYB-ə üzv olmaq üçün Anar haqda yazmalısan - Çinarə ÖmrayÇinarə ÖmrayÇinarə Ömray



Anam kitabxanaçı olduğundan kitabların içində böyümüşəm, desəm səhv etmərəm. Uşaq vaxtı tez-tez anamın iş yerinə gedirdim.
Bir dəfə anamın işlədiyi kitab evində cildinə iri hərflərlə “ANAR” yazılmış bir kitab diqqətimi çəkdi. Kitabı götürdüm. O zaman hələ 3-4-cü sinifdə oxuyurdım. Anam dedi:
- Qızım qoy yerinə. Sən hələ onu dərk etməzsən, bax burda nağıllar bölümü var, gəl sənin üçün oradan kitab seçək.
Qadağalar həmişə maraq doğurub. Yadımdadır, götürdüyüm kitabı yerinə qoysam da fikrimi həmən kitabdan ayıra bilmədim:
- Ana, bəs o kimdir? Nə qəşəng adı var.
- Qızım, o böyük yazıçımızdı. Bax elə bu qəşəng dediyin adı da ilk olaraq onun dünyaya gəlişi ilə qoyulub. O adın öz mənası var. Anar Rəsul Rza və Nigar Rəfibəylinin oğludur. Onlar da dövrünün tanınmışları olub. Uşağa bu adı qoyublar, mənası da budur A-anam N-Nigar A-atam R-Rəsul.
Anam elə həvəslə başa salırdı ki, uşaq yaddaşımdan süzülüb gələn xatirələrimin o üzündən bu açıqlamaya verdiyim cavab da yadımdadır:
- Necə də maraqlıdır...
- Hə, qızım, əsərləri daha maraqlıdır, inşallah böyüyərsən özün oxuyarsan.
Həmən gün o kitabı özümüzlə evə gətirmədik, amma bütün fikrim orda, o kitabın və o kitabın üstünə yazılan adın yanında qalmışdı.

Anar adı məni hələ 3-4-cü sinifdə oxuyandan düşündürürdü. Hətta öz-özümə valideynlərimin adının baş hərflərini yeni ad icad edirmiş kimi yan-yana da düzürdüm. “Anar” guşəsi yaratmışdım orda. Tez böyümək, onu oxumaq istəyirdim. Axı, anam Anarı oxumaq üçün böyümək lazım olduğunu demişdi.
Aradan uzun illər keçdi. Bir dəfə hansısa bir söhbət əsasında anam belə bir cümlə işlətdi:
- Anar demişkən, vicdanım öz qızlığını itirməz.

Anar- yenə bu ad. Uşaqlığımın tez böyümək istəyi, valideynlərin baş həriflərindən adlar düzəltmək istəyim... Bir də anamın misal gətirdiyi bu deyim. Mən mütləq Anarı oxumalı idim. Artıq böyümüşdüm də.
İlk olaraq “Ağ Liman”ni alıb oxudum. “Ağ liman”ın sahilindən ayrılmamış “Beş mərtəbəli evin 6-cı mərtəbəsi”nə çıxdım.
Bir şey diqqətimdən yayınmadı; onun əsərlərini oxuduqca adam özünü oxucu kimi görmür, əksinə, özünü bu əsərlərin içində tapırsan, sanki hansısa qəhrəman elə sən özünsən, digərləri isə ətrafımızdakılardır.
Anar müəllimin oxucusu olaraq həmişə düşünmüşəm: “Mən kiməm”? Əslində bu suala cavab tapdıqca bu həyatda özümü də tapırdım, həyatın içindəki insanlarla uzlaşmağın yolunu da.
Həm də düşünürdüm ki, insanın beynində genetik kodlar var və “Mən kiməm?” sualı bu kodları bir-bir açıb ortaya qoya biləcək gücdədir. Dünyaya gələrkən kamil bir ruha sahib olmaq üçün doğulan bizlər insanlığın bizə verdiyi rütbələrə sahib olaraq həkim, müəllim, mühəndis, hüquqşünans olur, yaradanın bizə bəxş etdiyi ömrü yaşayırıq. Hamılıqla birgə dönüb ötüb keçən ömür yolumuza nəzər salaq və özümüz-özümüzə belə bir sualla müraciət edək: - “Görəsən biz yaşanan ömrümüzdə bir gün, bir saat, bir dəqiqə belə özümüz ola bildikmi?”
Bu gün oxuduğum bu yazılar mənə “kim” olduğumu xatırladaraq içimdə bir üsyan tufanı qoparmaqda ...
Mən Anar müəllimi, böyük yazıçımı kitablardan tanıdım.
Bir dəfə qonaq getdiyimiz evin xanımı böyük bir sevinc və fərəhlə bizə bir şəkil görsətdi. Tədbirlərin birində Anar müəllimlə çəkdirdiyi foto idi. Sonra da ürək dolusu həmən tədbirdən və Anar müəllimin oradakı çıxışından danışdı. Bir az paxıllığım da tutdu ona. Şəkil əlimdə xəyala dalmışdım, nə o xanımın tədbir haqqında danışdığını eşidirdim, nə də anamın ona verdiyi sualları. Sevdiyim yazıcını ilk dəfə şəkildən belə aydın görürdüm. Simasına diqqətlə baxdım.Gözlərinə baxanda ilişib qaldım orda. O gözlərdə həsrət boylanırdı, sənsizləşirdi, ürəyi parçalayırdı. Xəyallarımın təzə-təzə qanad açdığı vaxtlarım idi... Heç nəyi, heç kəsi görmədim... Sonra iki damla yaş gözümdən boy verdi, dərya təki çalxalandı... Kirpiklərimdən asdı özünü həmin yaş gilələri, sonra sifətimdə iz qoyaraq məhv oldu. İki damla göz yaşı biri sifətin bir tərəfini buza döndərdi, digəri o biri tərəfini qarsıdı...

Bir müddət sonra Anarın “Sizsiz” romanını oxuyacaqdım...

Evə gəldikdən sonra yenidən Anarın kitabını əlimə alası oldum. Bu dəfə daha fərqli oxudum.
Oxuduqca xəyalı oxşayan gözəl bir musiqi eşidirdim və bu musiqi məni öz qanadlarına alıb ötən günlərə aparırdı. Xəyal əlvan kəpənək kimi çəməndən-çəmənə, çiçəkdən-çiçəyə qonur, keçmişini yenidən yaşadır, dünənini bu günə, bu gününü dünənə aparırdı...

Hər dəfə oxuduqca yeni bir ovqata köklənirəm. Gözlərim yenə də kirpiklərimi bir cüt yaş damlası ilə “yüklədi...”
Yalvarırıq qoymayın vətəndə vətən bölünsün..”

Oxuduqca anladım ki, Övladın tərbiyəsinə valideyin cavabdehdir. Vətənin, millətin narahatlığına isə onun ziyalı oğul və qızları.
Hesab günü var axı? Hər bir insanın hesabat verəcəyi, haqqın hüzurda duracağı gün var axı. Azərbaycan adlı Vətən məhz o gün qınayacaq bizi. Ölüm ayağında ölüm mələyinə can vermək istəməyən didərginlərin əlləri tutacaq bir gün yaxamizdan:
- Nə qədər Vətəndə Vətənsiz yaşamaq olar?!
Keçib gedən yerin və göyün də , yer üzünün xəlifəsi olan bəşərin də Allah yanında olan Ümmül kitabında təyin olunmuş bir qədəri var.
Və bir şey məni düşündürürdü - İnsanın məzarı qərib ola bilər, ruhu qərib olmaz axı...
Mən ondan öyrəndim sevgini də, ailəni də. Yazıçı Anardan öyrəndim insanları sevməyi də, elə Anarın özünü də...

Bu yaxınlarda dostlardan biri mənə AYB-ə üzv olmağı təklif etdi.
Lazım olan sənədlərin siyahısını dedi və əlavə etdi:
- Çalış Anar bəy haqqında bir yazı da yaz.
Bağışlayın, Anar bəy! Mən AYB-ə üzv olmaq üçün sizin haqqınızda yazı yazmayacam. Siz mənim üçün ora üzvülük xatirinə təriflənəcək biri deyilsiniz. Əminəm bunu siz özünüz də istəməzdiniz.
Mən bu yazını yazmayacam, çünki mən sizdən öyrənmişəm ki, bələyi kəkotu, qofsü quzey, sehrli otlar olan falçının səadət vədinə inanmamalıyıq. Çətin də olsa öz açdığımız izlə addımlamalıyıq....

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31