manera.az
manera.az

Sevgi itirmək qorxusudur... - ESSE | MANERA.AZ

📅 04.10.2016 15:39

Sevgi itirmək qorxusudur... - ESSE | MANERA.AZ
Rəşid Bərgüşadlı

İntihar


Eşq üçün canına qıyanlara

O gecə işığımız sönmüşdü. Qaranlıqda bağrım çatlayırdı. Birinə dəlicəsinə vurulan adam üçün dünya-aləm darkən, hələ, qaranlıq bir otağa qapanmaq ölümdən də betərdi, – “Birdən sabah dərsimi soruşsa..?” – heç dərs soruşmurdu ki məndən! İçimi bürümüş şübhə köp kimi məni yerdən-yerə vurub zarıncı qoymuşdu, – “Görəsən ona vurulduğumu anlayıbmı?”. Bilirdim ki, bu eşqin sonu yoxdur, sonunda ayrılıq var, – “Özündən 14 yaş böyük – özü də öz müəllimənə vurulmaq” – amma eşq səndən icazə alıb girmir ki qəlbə... Sinif yoldaşlarım artıq fənnləri bir qırağa tullayıb instituta hazırlaşırdı, mənsə, ingilis dili öyrənirdim – heç lazımsız yerə..
.
Otaqda canlı olan bircə şam idi – içim kimi titrəyib divarda yanan dərdinə ağı deyirdi. Stulu altıma çıkib gözümü şamın göz yaşına zillədim. Dərdi mənə tanış idi, – “Gör neçəsi şama bənzədib öz dərdini...” – o, için-için, hıçqıra-hıçqıra yanırdı, – Sən də aşiqsən...
– Özü də necə aşiq. Deyiləsi dərd deyil – dedim.

– Dərd eləmə, keçib gedər, nələr keçmədi ki...

– Artıq gecdir, çox gecdir.., sevgi içimdə yuva qurub...

– Hə... Sevgini qəlbinə buraxdınsa, əlacın yanıb-yaxılmaqdır... – başını azca əyəndə gözünün yaşı yanağında gilələndi, üzüaşağı diyirlənib sinəsində dondu.

– Xilas yoxdurmu bu mərəzdən? – boğazım qəhərlə dolmuşdu, səs tellərim göynəyirdi. Qoca qarı kimi əllərini yanlarına dirsəkləyib başını dikəltdi, gözlərimin içini işıqlandırıb xeyli baxdı, baxdı, baxdı və pıçıldadı, – Gecdir, sənin qanına işləyib bu mərəz.
– Sənin kimi yanımmı mən də..?

– Özünə təsəlli ver, aldat özünü – yanmaqdan zövq al. Guya ki, elə əvvəldən məqsədin yanmaq imiş...
– Elə bu? Suda boğulan saman çöpündən yapışar, bəs alovda yanan neyləsin?

– Alovun dillərindən yapış... Qoy sevgi səni qarssın, dərdlərinə dağ bassın. Bütün dərdlərin, əzabların son çarəsidir sevgi – nəzərlərini yerə dikib için-için zarıdı, – İsanın əzabları, Allahın sevgisi var eşq oduna yanmaqda. Sevgi adama təskinlik verə-verə ovundurur, sonra isə.., öldürür. Onun əzabı şirindir. Sevgi zövqdür, arzudur... – səsi titrəyir, divardakı rəngi solub qaralırdı. Hiss edirdim ki, ömrünə az qalıb. Azca qəddini düzəltdi, içini arıtlayıb davam elədi – Etibarsızlıqda etibar axtarışıdır sevgi. Birindən asılı olmaq, ona bağlanmaq, onunla duyğunu bölüşmək, dostluq, həzz, rəqabət, qısqanclıq, nifrətdir, başqasının həyatına hakim olmaq istəyidir. Sevgi dərddir. Dərddə xoşbəxtlik axtaranların dərmanıdır sevgi...

– Sevgi köləlikdir, özündən xilas olmaqdır, bir başqasına ehtiyac duymaq, nigaranlıq və kədərdir, itirmək qorxusudur...– onun şövqünə düşmüşdüm mən də. Şam sürətlə əriyib tükənirdi, – Allahdan başqa ilah yoxdur, sevgi onun rəsuludur... – bu onun son kəlmeyi-şəhadətiydi. Şamın kəndirindən son tüstü milləndi, işığı söndü, – “Ruhu qovuşdu, canı çıxdı...” – əriyib nəlbəki boyda gözyaşı gölünə dönmüşdü. Elə bil şaxta vurub dondurmuşdu gözyaşı gölünü. Ucu qaralmış kəndir isə duz bağlamış quru ağac kimi gölün ortasında cansız boynunu əymişdi. Bayaqkı istilik və işıq elə bil ki heç olmamışdı. “Şaxta vurmuş gözyaşı və yağlı kəndir...” – boğazımı ovxaladım. Kəndir boğazımı kəsir, huşumu əlimdən alırdı...



Baxış sayı - 2 203 | Yüklənmə tarixi: 04.10.2016 15:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031