Cənazəni qaldıranda anamın sözü yadıma düşdü... - ESSE
![]()
MANERA.AZ Rəşid Bərgüşadlının essesini təqdim edir:
Nizami Zöhrabinin əziz xatirəsinə ehtiramla
Onda hələ doqquz yaşım təzəcə tamam olmuşdu atam mənə qara çarşab alanda. Çox şeyi xatırlamıram, amma bulanıq xatirələrimdə qalıb həmin gün evdə möhkəm dava düşdüyü və gecəykən anamın bizim əlimizdən bərk-bərk yapışıb babamgilə aparmağı. Atam qabağımda dizüstə çöküb, – “Söz ver ki, böyüyəndə başını bağlayacaqsan, anana oxşamayacaqsan!” – israrla məndən cavab gözləmişdi. Mənsə, gözüm çarşabda dayanmadan ağlayırdım. Qardaşım Faiqi heç buraxmaq istəmirdi, – “Sən getsən Allah məni öldürəcək...” – uşağın gözünü qorxudurdu ki, özü tənha qalmasın. Faiq üç gün heç kimlə kəlmə kəsmədi, elə gözlərini yerə dikib nəsə fikirləşirdi – o atamızı hamıdan çox istəyirdi.
Ta ki, babamın qapısını polislər döyüb atamı soruşana qədər üçümüz də atamın istədiyi qara geymiş adamlar kimiydik. Sən demə atam Suriyaya adlayıb İŞİD-ə qoşulubmuş və döyüşlərin birində istədiyi “şəhadət”ə qovuşub. Polislər anlayanda ki, atamızın, bizi dünyaya gətirməkdən başqa bizlə heç bir əlaqəsi yoxdur, – İnternet atanızın şəkilləriylə doludur – deyib qapıdan çıxandan sonra anam bulud kimi doldu-boşaldı. Onda bildik ki, valideynlərimiz nə vaxtsa bir-birlərini möhkəm sevib evləniblər və anamın qəlbində qara çarşaba bükülü nakam sevgi hələ də yaşayırmış. Anam heç yerdə işləməsə də ali təhsilli mühasib, gözüaçıq qadın idi. “İnsan taleyidir, bəzən xislətini dəyişə bilmirsən, belə insan üçün inam hər şeydən üstündür” – atam haqda son sözü bu oldu və bir daha onun ölümünə heyfsiləndiyini görmədik. Babam heç vaxt anamın başına qaxmadı atamla bir-birini sevib ailə qurmalarını, – “Həyatdir da, bir gün varıq, bir gün yoxuq...” – deyib quruca təsəlli verirdi ondan söhbət düşəndə. Anam isə cavabında, – Qəddimi əyilən görməyəcəksən, ata. Bir də ki, mənə Həzinin canlısı lazım idi. Öləndən sonra onunla bağlı hər şeyi qara torpağa apardı. Ölünün dalınca, – “Heç yadımdan çıxmır, onu həmişə xatırlayıram” kimi sözlər mənim qulağıma batmır, heç əvvəldən də buna inanmamışam” – dedi. Bu sözlərinə görə bacı-qardaş anamızı bir az zalım hesab edirdik. Bunu onun üzünə deyəndə isə bizə başa saldı ki, – “Bizim fikirləşmələrimiz diri adamların istəkləridir. Mən yoxamsa, mənlə bağlı hec nə də yoxdur. Aradabir xatırlamalar danışarkən sözü qurtaran adamların söhbətdə qalması ücündür” – bizi də özü kimi iradəli yetişdirmək istədiyini gün kimi bilirdik. – Diri ikən mənim əlimdən tut, öləndən sonra neynirəm məni yada salmağını. İnsan kimi yaşamaq lazımdır, öləndən sonra xatırlanmaq üçün yox. Mən gündə yüz dəfə ölüb-dirilirəm, hec sizin vecinizə də deyil. Öləndə aparıb necə dəfn edəcəksin, ruhuma dua oxuyacaqsınız, ya yox – bunlar mənim ücün əhəmiyyətsiz şeylərdir...” – onun qanunu belə idi və ələbaxım böyüdüyümüzə acığı tuturdu.
Anamın saçlarına dən düşən vaxtı xərçəng onu qəfil yaxaladı. – Bu zəhrimarın cəngindən qurtaran olmayıb hələ. Aqibətim bəllidir, sənin toyunu görüm ki, gözümü az da olsa rahat yumum – deyəndə üzündəki ağrıları necə məharətlə gizlədiyini aydın görürdüm. Ağrıkəsici iynələr olmadan çimir almırdı. İyirmi bir yaşım olanda nişanlandım. Anam tələsdirirdi ki, toyumuz tez olsun. Amma qismət deyilmiş – toyuma üç gün qalmış ağrılardan əhədi üzülmüş şəkildə ölümə təslim oldu. Onsuz da gəlinlik, toy-düyün eynimə də deyildi – mənə maraqlı olan anamın ölümlə amansız mübarizəsi idi. Gedən bizim ömrümüzdən də nələrsə aparır – burası elədir, – amma nələri apardıqlarının tam fərqində belə deyilik. Anam məni öz yerinə təyin edib getdi – mən də eyni əzabları yaşamağa məhkum idim...
Ölüm onun biləyini qatlayanacan, ağrıların əlindən macal tapdıqca mənim başıma o ki var ağıl qoydu: – Bu dünya dəhşət oldu mənə... Mən bu dünyaya əzab çəkməyə gəlmişdim, əzabı maraqsız oldu. O dünyada isə mən başqası olacağam. Görəsən orda maraqlı bir şey varmı? O biri dünya əbədi dünyadırsa, niyə bir adam oraya könüllü getmir görəsən? – ölümün üzünə dirənməyə dayaq axtarırdı.
– Ölməkdən qorxursan, ana? – onun ölümünə hazırlayırdım özümü. Təbəssümündə ağrı vardı, – Olan bu gün olacaq, sabah olmayacaq, sabah olacaq şey isə hec zaman bu gün olmayacaq. Qorxsan, ölüm sənə hər gün əzab verəcək, sənlə məzələnəcək. Ölmək yuxudan durmaq kimi bir şeydir – xoruz banlayır və sən durub gündəlik işini görürsən. Amma bu dəfə heç indiyədək bilmədiyin bir işlə... İynədən qalıbmı..? Narkoman olduq bu iynələrdən – ağrı imkan vermirdi ona, mənim yanımda isə zarımağı, qıvrılmağı qüruruna sindirə bilmirdi. İynəsini vururdum, sakitləşəndə qaldığımız yerdən davam edirdi: – Diri ikən qədri bilinməyən adamın, öləndən sonra başdaşına söykənib zarıyanları qəbristanlıqdan qovmaq lazımdır.
– Sərt həqiqətlərdir, zahirən dediklərinlə hec kəs razilaşmaz, amma dönüb arxada qalan həyatımıza baxanda...
– Həqiqətləri biləndə yaşamaq elə də çətin olmur... Təskinlik verirsən özünə ki, – “Əşşi, həyatdır da”... Meyid ki evdən çıxıb qəbristanlığa sarı yol aldısa, cənazənin dalınca axıdılan yalançı göz yaşları və bütün həqiqətlər qara torpağı rəhmə gətirməz.
Zaman keçdikcə itirdiyinin yeri görünür, için göynəyir, vaxtilə etdiyin yalnışlığa görə peşimanlıq çəkirsən. Sən daxilən razi olsan da, zahirən buna etiraz edirsən ki, insan öləndən sonra ona istəyin azalır, sonra vaxt ötdükcə itir, amma özünü məcbur edirsən ki, bunu kənardakılar hiss etməsin. Onu çox istəyirsən, itirmək istəmirsən, amma bunun, hec zaman davamlı olmadığını da anlayırsan... Kimsə nəyisə boynundan atmağa başlayacaqsa, nəsə izah etmək istəyəcəksə, deməli, yenə də özünün içindəkiləri bir az da dərində gizlətmək istəyir... Əvvəl insanı istəyirsən, öləndən sonra isə onun kölgəsini yaradırsan...
Canını tapşıranda anamın öz ruhu da rahatlandı, mən də. O, əzablardan yaxasını qurtardı, mən də dərindən nəfəs aldım, – yuxusuz gecələrim bitmişdi... Onun üzündə dünyanın hikkəsinə tüpürməyə oxşayan qajımış istehzalı təbəssümü əlimlə siləndə dünyanın uduzduğunu anladım, anamın deyil, acı taleyin ona marıtlamış gözlərini qapadım.
Dövrələmə oturub anamı ağlayanlara baxırdım, anamın sözləri yadıma düşürdü, – “Hamısı mənasız komediyadır”... Amma mənim hönkürtüm sidq-ürəkdən idi – anamı itirdiyimə görə deyil, onun son nəfəsdə bütün gücünü toplayaraq biləyimdən ikiəlli yapışmağını unuda bilmirdim. O nə qədər mərdanə və qorxmaz olsa da, son nəfəsində sanki, – “Məni ölməyə qoyma, xilas elə məni ölümün cəngindən!” – deyib bağırırdı, mənə yalvarırdı...
Anam kimi düşünməklə yaşamağın daha asan olduğuna hər dəfə əmin olurdum. “Adamlara lazım olana qədər sən də lazımsan”, – bunu biləndə yaşamaq elə də cətin olmur. Birinə içdən bağlanmaq heç yaxşı şey deyil – sonradan öz yükün özünə ağırlıq edir, hələ bir də mənliyin imkan vermir ki, onu birbaşa atasan içindən – yoxsa, adın nankorluğa yazılar... “Gedəni qaytarmaq istəyən bizlər ölən adamı bir gün evdə saxlamaq istəmirik”, – cansız anam artıq mənə lazım deyildi. “Onun yeri artıq torpağın altıdır” və onun mümkün qədər tez öz əbədi mənzilinə aparılmasını istəyirdim. Ölənlə “ölmək” cəfəngiyyatdır, boşboğazlıqdır.
Günlərin bir günü fərqli bir düşüncə və ya hərəkət görəndə deyirik ki, – Mən bunu o insanda niyə görməmişəm?, – fikirləşmərik ki, – “Axı hec mən bunları görməyə cəhd də etmədim” – yenə də özümüzə haqq qazandirarıq ki, – “Olsun ki, özünü yaxşı gizlətməyi bacarib”. Anam saxtakarlığı bacarmadı, həyatın üzünə dimdik baxaraq yaşadı...
Nəyisə verməlisən ki, nəyisə alasan. Safliğını verib uca mərtəbəyə gəlib catmış adam özüylə nə aparır ki sonunda? İtirdiyi safliği geri almaq ücün indi əldə etdiklərindən vaz kecə bilərmi? Həyat xidmətçi deyil, bizik öz xidmətimizi ona təklif edən. Anam mənə həyat verdi – ana olmaq üçün, mən də anamı verdim – ana olmaq üçün. Gerisi, insanın icində nələrsə xatırlamaq ücündür, əsla dəyişmək ücün yox...
Qara çarşaba girməyən, qızını da bundan qoruyan anama ağ kəfən necə də yaraşırmış... “Mən ailə qurmalı, övlad sahibi olmalıyam, ana. Mən olmasam, bunlar necə olar? Daha ağlaya bilmirəm, sənin ömrümdən getməyini istəyirəm. Sənin kimi “daşürəkli”, dərdini içində gəzdirən ikinci qadın görmədim bu dünyada. Həyatı, səninlə müqayisədə öyrənərək yaşayacağam – həyatın sərtliyinə sənin sərtliyinlə qarşılıq verəcəyəm. Faiqdən, babamdan da iradəli, güclü olacağam buna görə. Mən sabahdan millətin qabağında anasız və ayaq üstə durmalıyam! Sən bütün ömrünü bu evə və bizə qurban versən də, artıq sənə burda yer yoxdur!” – qorxuram ki, yalandan ağlayaram və bundan ürəyim ağzıma gələr, camaat saxta göz yaşlarımı görər.
Cənazəni qaldıranda anamın sözü yadıma düşdü, – “Kaş ki, o biri dünya həqiqət olaydı, heç olmazsa, bunda aldatmayaydılar bizi, ümidlərimiz boşa çıxmayaydı”. Mən hələ kişilər dəfni bitirəndən sonra anamın torpağını qucaqlayıb ağlamalıydım. Yaxşı ki, qadınları dəfn mərasiminə buraxmırlar.
Mən anamı tək-tənha ağlamağı üstün tuturam. Hər dəfə məzarını ziyarətə gedəndə özümü inandırıram ki, o, indi cənnətdədir və göz yaşlarımın yalandan olmadığını görə bilir...
Rəşid Bərgüşadlı
MANERA.AZ