manera.az
manera.az

Rəşid Bərgüşadlının ROMANI - “Sevginin dadı” | MANERA.AZ

📅 05.01.2016 15:14

Rəşid Bərgüşadlının ROMANI - “Sevginin dadı” | MANERA.AZ
MANERA.AZ
Bu gün yazıçı Rəşid Bərgüşadlının doğum gündür. MANERA.AZ bu münasibətlə Rəşid Bərgüşadlını təbrik edir və onun “Sevginin dadı” romanından iki parçanı oxuculara təqdim edir:



Qəbristanlıq səhnəsi


- Sənə bir gülməli, olmuş hadisəni danışım...

Boynuma sarıldı, qulağımı azca dişləyib xumar göz­lərini süzdürdü, - “Gopla görək”.

- Deyirlər, hansısa kənddə yas düşür. Meyidi qəb­ris­tanlığa gətirirlər. Yayın, cırcıramaların cırıldayan isti vax­tıymış. Mərhumun şəhərdən gəlmiş qohumlarından biri, kəndli dostundan soruşur ki, - “Niyə qəbristanlığın otunu biçib aparan yoxdu, gör nə yaxşı ot var?”. Cavab verir ki, - “Gicin biri od vuracaq, onunla da məsələ həll olunacaq. Qəbristan otunu heç kim biçmək istəmir”. Meyidi hazır qəb­rin yanına düşürürlər. Molla yasin oxumağa başlayır. Zavallı şəhər uşağı quru otun necə yandığını yoxlamaq üçün siqareti yandırdıqdan sonra yanan kibriti yerə atır. İsti yay küləyi, quru ot, camaatın da əynində mənimki kimi iki manatlıq neylon şalvar ola.., necədi səninçün? Alov bircə anın içində qəbristanlığı alır ağzına... Mollanın yasini ağzın­da qalır. Yanan neylon şalvarlar insanların ətinə yapışdıqca bağırır, alo­vu söndürmək üçün bir-birini dağdağan ağa­cının şax budaqları ilə budayırlar. Alov, əriyib dəriyə yapış­mış neylo­nun acısı və çubuq zərbələrinin ağrısı insanları dəli edir - ağrıdan hop­panıb-düşür, şıllaqlayırlar. Kənardan baxan elə bilir ki, adam­lar “tərəkəmə” oynayırlar. Camaatın başı özlərinə qarışarkən sən demə alov yeriyərək meyidə çatır, - kəfəni od alır. Bunu görən bir neçə nəfər əlindəki budaqlarla meyidi o ki var “döyürlər”. Bir sözlə meyid zibilə dönür, ağ kəfən qap-qara qaralır, bir iki yerdən yır­tılır. Alovu güclə söndürürlər, indi də camaatın gözünü tüstü “kor edir”. Ara bir qədər sakitləşəndə, molla tüstüdən acı­şan gözlərini silə-silə yarımçıq qalmış yasini qaldığı yerdən davam edir. Molla üzü qibləyə tərəf dayandı­ğından alovun yeriyərək meyidi gətirdikləri QAZ-52 maşı­nı­nın altına gir­diyini görür və yasini kəsmədən oxuyur, - “qouvmən litun­zurə - Xanoğlan, dədən ölsün, maşının yandı - ...litunzirə əbahum fəhum”..! Camaat yenidən meyidi molla ilə tək qoyub maşını söndürməyə cumurlar. Tez tələsik ayıb yerləri çöldə qalmış meyidi qəbirə tullayıb torpaqlayırlar. Rəhmətliyin dalınca o ki var lağ edib təkqılça şalvarla kənd arasında, - arvad-uşağın yanında biabır olurlar. Bu mənzərəni görən arvadlar da mərhumu ağlamaqdan, ağu deməkdən vaz keçir və gülməkdən qarınlarını qucaqlayaraq yarıyoldan kəndə qayıdırlar.

***

Ölümlə görüş səhnəsi

...Hamının diqqəti məndəydi. Yuxum yenidən kino lenti kimi gözümün önündə canlanırdı.

- Cin vuran adam kimi yuxudan dik atıldım. Sanki, məni boğanın əlləri hələ də xirtdəyimdə idi. Boyun-boğa­zımı hövkələdim. Soyuq tərin içindəydim. Çarpayımda otur­dum. “Sübhanəkə”mi oxuyub çəkələyimi ayağıma gey­­dim. Zala düşdüm. Soyuducunun qapısını açıb stəkanımı buz kimi su ilə doldurdum. Suyu birbaşa başıma çəkdim. Dadı başqa cür idi - bu dünyadan olmayan başqa bir şərbət dadı... Stəkanı yenə doldurub yataq otağıma qayıtdım. Alatoran­lıqda birinin çarpayımda uzandığını gördüm. Gözlərimi xeyli ovdum - bu yuxu deyildi. Soruşdum - “Kimsən?”, dedi - “Ölüm!”. “Demək gəldin, hə?” - tezliklə gələcəyini on­suz da bilirdim. “Hə, yaxın gəl!” - yorğanı qaldırıb qu­cağını açdı. Arxamdakı qapı yox olmuş, yanlarım divarlarla hörülmüşdü, ancaq bir yolum vardı - qabağa, - ölümün qucağına gedən yol. Nə soyuqmuş ölümün qucağı... Sanki, dünyanın bütün yükü çiynimdəydi, çox yorğundum, başım keyimişdi. O an, ölümü çox haqsız, insafsız, məhrəmətsiz gördüm, ölümün amansız olduğunu bildim. Öv­ladlarımla, sevdiklərimlə halallaşmadan, vidalaşmadan ölümlə yo­la düşməkmi olar!? Topuğum onun soyuq baldırına toxu­nanda üşüdüm, dilimin altında, - “Əüzi billahi minəş-şeytanir-rəcim, bismilləhi-rəhmani-rəhim...” - pıçılda­dım. Gü­lüm­sündü: - “Şeytanmı sandın məni?”. Gözümü döy­düm, cavab vermədim. Şeytan olsaydı, bu duanın təsirin­dən məndən əlli min kilometr uzaq qaçmalıydı - Durna nənəm ey­zan belə deyirdi. Səssizliyin zil səsi otağa hakim kəsildi. Hiss edirdim ki, ürəyimdə tutduğumu dərhal oxuya bilir. Əməl kitabımın hansı əlimə veriləcəyinin həyəcanını yaşa­dım, - “Allahım, sağmıydı, ya solmuydu, bunun hansı cən­nət işa­rəsiydi”? Beynimin yerinə saman doldurulduğunu görür, həyatımın batareya daşı kimi tükəndiyinə baxırdım. Ürəyim­dən keçənləri başa düşə bilmirdim - dilimlə ağlım arasın­dakı əlaqə kəsilmişdi...

Yazıqlandım, - “Günahım çoxdurmu?” - soruşdum. “Sən­­cə?” - o da soruşdu. “Yaddaşım itib, heç nə xatırla­mı­­­­ram, ürəyimi hiss eləmirəm, qaranlıqdan başqa heç nə seç­mirəm. Bu bir yuxudurmu?” - dedim.

- Qaranlıq - rənglərin şahı! Sənə şüur və ömür verilən anı xatırlatsam, gördüklərinin yuxu olmadığını qəbul edəcəksənmi?
-....
- Həyatının başlanğıcını indi o müdhiş qara rəngdə görəcəksən. Qədərini sənə əvvəlcədən göstərən və sənin gözünün qarşı­sında səni eşqlə yaradan Allahı görəcəksən indi. Onun sənə, - “Bax və gör”, - dediyini indi xatırlayacaqsan. Bu gördüklərin, Allahın sənə vəd etdiyi ölüm anıdır, Allahın dərgahına müdhiş qara rəng­də dönməkdir.

- Məni qorxutmaqla özünü çox yorma, səni çoxdan gözləyirdim... Yalnız hafizəmi özümə qaytar - dedim. “Ölmək ölməkdir, xırıldamaq nədir”, - kişi kimi ölmək qərarına gəlmişdim.

- Şüuru olmayanın hafizəsi də olmaz, nə Allahı xatır­layar, nə də onun zülmət sirrini - dedi.

- İnsan, heç görmədiyi üzü necə xatırlaya bilər axı? Tan­rını nə vaxtsa görmüşəmsə, onda niyə özünü unutdurub mənə? - azca ürəklənmişdim.

- Allahı günahkarmı çıxaracaqsan? Onu unutduğunu tanrı özü sənə xatırladacaq indi. Onda bu üzü gördüyünü xatırlayacaqsan. Sən doğulmamışdan qabaq arxada qoyduğun sonsuz zamanı xatırlayacaqsan. Ölümdən sonra da o zamanın bitib-tükənməyəcəyindən əmin olacaqsan. İndi sənin həyat qatarın qaranlıq tunelə girəcək, sonra tunel bitəcək, sən isə dövr edən həyatın əbə­diyyət hissəsini yaşamağa davam edə­cəksən. O qatar səni ya cənnətə, ya da cəhənnəmə aparacaq - bu səhnə çox tanış gəlirdi mənə, nə vaxtsa eşitmişəm, ya da oxumuşam bunları. Söhbətcilliyinə sevindim - Loğ­man kimi ömür qazanırdım. Amma, birdən şüurumda aydın əkslər görürəm. Ucu-bucağı görünməyən insan növbəsidir. Növbə, yaşlı bir kişiyə çatır. Tanrı qocanı yanına çağırır. “Aman Allahım, bu qoca ki, mən özüməm!” - deyə heyrətlənirəm... 593 yaşında olsam da, uşaq kimi sevincək yaxınlaşıb ehtiramla Allahın üzünə gülüm­sünürəm, tapşırıq əmrini almağa hazır əsgər kimi durmuşam, yolçuluğa hazıram. Mehribanlıqla mənim üçün hazırlanmış tabutabənzər qəlibi gəstərir. Fani dünya­da məni gözləyən anları tam dolğunluğu ilə qısa vaxtda özümə göstərir. Hər şeyin xırda detallarınadək yaddaşımın altına yazıldığını görürəm. Tanrı üzümə gülümsünüb - “Hə­yatın mənalı keçə­cək və savablarla doludur, kaş ki, qisməti qaçırmayasan, imanı bada verməyəsən” - dedi. İndi ağlıma gəlir ki, niyə insan heç yaşamadığı, gör­mədiyi anları, üzləri görür yuxuda. Pavlov tamamilə səhv izah edib yuxunu. Yuxu, tanrı qatında beyni­mizə yazılmış həmin “olacaqların” göz qabağına gəlməsidir. Yuxu fazasında ürəyin və tənəffüsün fəaliyyəti “dayandığı” zaman, görmə üzvü də geriyə çevrilir və bu dəfə beyinin içindəkiləri görməyi bacarır. Göz, yuxuda beyinlə çölü deyil, bu dəfə yalnız beyinin içini görür. Bax, məncə budur yuxugör­mənin gerçək məğzi. Sadəcə bu vaxt gözlə deyil, beyinlə görürsən, çünki göz yumulu olur. Bəlkə də biz yatarkən, Allah gözlə­rimizi ona görə yumur ki, əbədiyyətin bu sirri faş olma­sın. Sabah da açılanda gördüklərimizi normal görmə orqanı ilə görmədiyimiz üçün yuxumuza inanmırıq və ya bir əl yuxarıdan onu hafizəmizdən silir.

Kənardan bizə tamaşa edən iblis adımı soruşur, - “Fər­had”, deyirəm. Adımı kitabına qeyd edir. Sonra qası­ğından bir çəngə murdar tük qoparıb sol əlimə verir. Tanrı, şüurumu kilidləyib məni iç divarı qan damarları və seliklə dolu qəlibə qoymağı tapşırır. Kiçilib-büzüşüb qəlibə yerləşirəm. Sürüşkən və qaranlıq tunelin içiylə uzun bir yolla xeyli sürüşürəm. İblisin əlimə verdiyi tükdən yaranan eybəcər qurdlar beynimə hücum çəkib şüurumu əmirlər. Doyduq­dan sonra isə yenidən tük olub başımda bitirlər. Bu tüklər mənə aman vermir - məndən də tez böyüyüb yerimi daral­dır, məni qıdıqlayır, yerində hey qurcu­xur və məni “tabut”dan çölə atmağa çalışır...
Hafizəm qəfil donur.
- Xatırladınmı? - Ölüm sükutu pozdu.
- Hə... - dedim.
- Xatırlayırsansa, demək nə vaxtsa görmüsən. Düz­dür­mü?
- Hə...
- Demək, xatırlamadıqlarını gördün... Burdan o yana, yaşadıqlarını yazan mələklər sənin məşhərə çəkiləcəyin gün şahidlərin olacaqlar. Onlar hər şeyi film kimi tanrıya göstərəcəklər. Və sən də onlarla birlikdə ömrünə tamaşa edib ya təriflənəcək, ya da xəcil olacaqsan.

Dünyasını dəyişmiş yaxınlarımı çağırmaq istədim, ancaq heç birinin adını da yadıma sala bilmədim. Hətta Durna nənəmin adını unutmuşdum - ağlım saman çöplərinə dolaşa-dolaşa informasiya axtarırdı. Birdən səsim də batdı...

“Ata..!” - arxamdakı qapı olacaq yerdən qızım Dur­nanın həyəcanlı və aramsız bağırtısını ikimiz də eşidirdik. Qızım təlaş içindəydi, - “Ata, tez ol, tələs, Ünzilə yenə dilini uddu!” Yalvarış dolu nəzərlə ona baxdım, - “Bircə ba­la­la­rıma dəymə, uşaqlar qorxarlar, nəvəmin dilini ancaq mən çıxara bilirəm - dili qatlanıb yenə. Yalvarıram, imkan ver xilas edim, ölməyə qoyma nəvəmi..!”. “Bəs əməl dəftərinə baxmaq istəmirsənmi?” - deyə dilucu soruşdu“

- Dəftər vaxtı deyil! Qurbanın olum, sonra gec olar, aç qapını..! Söz verirəm, qayıdıb səninlə hara desən - lap cəhən­nəmə də desən gedəcəyəm!

Otağa hardansa külək doldu. Ölümün üzü titrədi, beynimdəki saman çöpləri havaya qalxdı, ürəyimin döyün­tüləri zəif də olsa tərpənməyə başladı. Geriyə döndüm, qaran­lıqda qapını gözüm güclə seçirdi. Əlimi qapıya atdım - kilid­lənmişdi. Ona çöndüm, - “Yalvarıram, aç...” - dedim. Kilid açıldı. Qızımın ağlamaqdan gözləri şişmişdi. Cəld qızımın yataq otağına keçdim. Nəvəmin rəngi göyərmiş, göz bəbəkləri çevrilmiş, ağzı köpüklə dolmuş, çənəsi kip bağlanmışdı. Çənəsini aça bilmədim.

Xörək qaşığı ilə güclə aralayıb bar­mağımı çata bildiyi qədər boğazının lap dərinli­yinə soxub dilini çölə çıxardım. Deyəsən nəfəsi gəlirdi. Si­nə­sindən bas­dım, ağzından hava qabarcıqları çıxdı. Çənəsini dikəldib döş qəfəsini yenidən bir neçə dəfə bas­dım. “Allahım, mənim ca­nımı aldır, amma nəvəmə toxun­ma, qaytar nəvəmi, ya Rəbbim!” - dedim. “Fatihə” surəsini dili­min altında oxuyub uşağın sinəsini daha möhkəm sıx­dım. Əvvəlcə öskürdü, sonra köpük qusdu və ağladı... Üçümüz də bir-birimizə qoşulub ağlayırdıq. Ana, övlad itkisinin qorxusuna; körpə, sinəsindəki və damağındakı ağrıya; mənsə, nəvəmi mənə bağışlayan Allaha təşəkkürün sevincindən, ölüm mənə aman verdiyi üçün... İndi ölümə can bor­cumdan başqa bir də minnət borcum vardı. Gözlərimi silib əvvəlcə nəvəmi, sonra da qızımın yaşlı göz­lə­rini öpüb heç bir tərəddüd etmədən məni yatağımda gözləyən Ölümə doğru tələsdim. Otaqda yoxuydu... Şkafa, çarpa­yının altına, hər yerə baxdım, vallah, yoxuydu! Qula­ğımın dibində nəfə­sini hiss edəndə donub qaldım: “Əməl kitabını yaz və məh­şərə hazırlaş, indi qayıdıram” - dedi. Külək açıq pəncərəni çırpdı. Ətrafa boylandım - o, çıxıb getmişdi...

...Çarpayımın üstündəki kitaba gözüm sataşdı. Bu, Yunis Əmrənin “Risalətun-nushiyyə”si idi. Amma kitabın arxa üzündə, qaranlıqda fosfor kimi titrək yanan digər adı da parıldayırdı - “Sənin əməl dəftərin”. Hələ də ağlayan nəvəmin yanına tələsdim. Uşağın tempera­turu bərpa olunmuşdu. Halsızdı. Durnaya, - “Axı bilirsən ki, çöpü qalıbsa, demək istisi qalxacaq, dili qatlanacaq, niyə vaxtında çöpçüyə aparmadın?” - dedim. “Geciydi, çatdıra bilmədim. Gecələr də çöpçünün əri qoymur uşağa bax­ma­ğa, sabaha qaldı” - zavallı qızım əməlli-başlı qorxmuşdu. Uşaq özünə gəlirdi, hətta “buba..!” deyə qucağımı istədi. Nəvəmi bağrıma sıxıb öz otağıma keçdim. Qızımsa, əmzik şüşəsinə çay doldurmaq üçün mətbəxə getdi. Uşağı çarpayıma qoydum. Siqaret götürmək üçün pəncərəyə yaxınlaşdım. Körpəni ölümün qucağına öz əllərimlə qoyduğumu zənn edib cəld geriyə atıldım, - az qala çarpayımın üstünə tullanmışdım. Uşaq mışıl-mışıl yatırdı, nəfəs alırdı. Ölümün bizə rəhmi gəlmişdi, bizim evdən əliboş qayıtmışdı...

Növbəti səhər günəş gözünü açanda məni də oyaq gördü - dördgözlə ölümün qayıdacağı anı gözləyirdim. Gün asta-asta gərnəşib yuxudan oyanırdı - sanki, kim ölüb, kim qalıb deyə ehmalca yerə işıq salırdı. Elə bu vaxt qonşudan nalə səsi yüksəldi, - “Məni tək qoyub gedən dədəm hey!!!”. Həyətə çıxdım. Qonşular tək-tük ağı səsi gələn evə axışırdı - qonş­u­muz 80 yaşlı Veysəl kişi rəhmətə getmişdi... Demək ölüm əliboş qayıtmır, gəlibsə, kimisə aparmalıdır - “Ölüm yatana yox, yetənə gəlir” - mənim əcəlim hələ yetməyibmiş. Bizdən qurban almadığı üçün Allahın rəhminə sonsuz şükür­lər etdim.

O gündən günaha, harama əl atmayacağıma tövbə etdim. Bir də yalvardım - “Allahım, mənə övlad dağı göstərmə. Çiy­nimdə sevdiklərimin cənazəsini daşımağı mənə qismət eləmə. Birinci mənim canımı al. İnsanlığımı əlimdən alıb var-dövlət verəcəksənsə, o var-dövləti mənə qismət eləmə!”. Siqaretimi tüstülədib, mən də qonşunun yasına get­dim. Yolboyu, sonra da Veysəl kişini dəfn edib qəbristan­lıqdan qayıdanadək bütün həyatım kino lenti kimi gözlərim önündə canlanırdı...




Baxış sayı - 1 992 | Yüklənmə tarixi: 05.01.2016 15:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031