"10 ŞAİR - 10 BƏND" rubrikasnda bu həftə... - MANERA
Manera.az "10 ŞAİR - 10 BƏND" rubrikasnda bu həftənin 10-luğnu təqdim edir:
Vaxtım yollarında qurban kəsilib,
Saat əqrəbindən asılıb dilim...
Sənin ürəyində hansı fəsildi?
O fəsilə uyğun geyinib gəlim... (Elçin Mirzəbəyli)
_____________________________________
Bu axşam, bu axşam yağış yağacaq,
İnsanlar qaçacaq öylərə doğru.
Bir dəli köksünü geniş açacaq,
Qaçacaq əlləri göylərə doğru. (Ekbər QOŞALI)
_____________________________________
Mələksiz qalıb bu şəhər,
adamlarda təpər yox.
Göylə yerin arasını
pərdələyən çəpər yox. (Elxan ZAL QARAXANLI)
______________________________________
Mənim bu gecəyə çox ümidim var,-
əgər bu gecədən sağ çıxa bilsəm
Dağların başında əriyəndə qar,
Sənin göz yaşını əyilib silsəm.(Elçin İSGƏNDƏRZADƏ)
_____________________________________-
Saatım qurulub sənin vaxtınla
Mənim günortamdı sənin səhərin
Yerini bilirəm saata baxıb,
Harasındasansa qoca şəhərin. (Rəşad MƏCİD)
_____________________________
Şər işləri nə danmadız,
Nə pislikdən usanmadız.
Yaşadım, mənə yanmadız,
Ölüb yandıracam sizi. (Namiq HACIHEYDƏRLİ)
______________________________
Kiçildin, beləmi kiçildin, qadın,
Hansı kiçik boya biçildin, qadın?
Bir vaxtlar könlümdən keçirdin, qadın,
Yel olub yanımdan keçirsən artıq…(Kəmaləddin QƏDİM )
________________________________
Evə yorğun dönüb üzgün gəlirəm,
Əsəbi gəlirəm, qızğın gəlirəm.
Əli ətəyindən uzun gəlirəm,
Hər gün boş cibimə əlim tökülür. (Elşən ƏZİM )
______________________________
Sərxoş olmaq istəyirəm,
Bir tünd çay dəmlə, dostum.
Sənə bir söz deyəcəyəm,
Lap təzə dəmli, dostum. (Səhər ƏHMƏD )
_________________________________
Gedirəm, getdiyim yolu yormadan,
Varlığın tapmağa öz yoxluğumun.
Gözümlə görürəm ilahi eşqin
İçimdə böyüyüb söz olduğunu. (Sara SELCAN)
Emil Rasimoğlu
Manera.az