İstefaya çağıran qəlyan...
Son vaxtlar ölkədə siqaret çəkənlərin sayı yaman artıb. Hər yerindən duranın damağında siqaret tüstülənir. Özü də harada gəldi. Qoruq, qadağa yoxdur.
XX əsrin – 60-70-ci illərində kənddə-kəsəkdə, orda-burda yaşlı qadınların siqaret çəkdyini görmüşdüm. Bunu bir elə də qəbahət saymamışdım. Düşünürdüm ki, qocasını itirmiş qarıdı, yəqin tənhalıqdan çəkir... İndi qoca qarılar yox, cavan-cavan qızlar, qadınlar harda istədilər orda da siqaret çəkirlər. Heç kimdən çəkinmədən. Sanki zamandan, dövrdən geri qalmamaq üçün belə edirlər.
Siqaret çəkmək bir tərəfə, indi qəlyan çəkmək yaman dəbə düşüb. Cavan da çəkir, qoca da. Maşallah, qəlyanlar da yarlı-yaraşıqlı, hər biri bir incəsənət əsəri. Adama gəl-gəl deyir. Biri dədə-baba qaydası ilə ətrafa üfunət yayan tənbəki doldurub çəkir.
Bəzi imkanlılar isə xaricdə istehsal olunmuş bahalı və ətirli tütün çəkir.
Kimin qəlyanına nə doldurub çəkməyi bizi heç maraqlandırmır. İstəyir xəzəl, ya da at peyini çəksin, özü bilər. Bizi maraqlandıran, narahat edən odur ki, qəlyan çəkənlər ekologiyanı korlayırlar. Buna cavabdeh olan nazirlik isə susur. Xalqın sağlamlığı haqqında düşünmür. Heç olmasa, ildə bir dəfə də olsa, təmiz hava aylığı, hava günlüyü keçirilsin.
Tarixən görmüşük ki, qəlyanı əsasən müğənnilər çəkər, o da səslərini qorumaq üçün. İndi kimi görürsən, siyasətçi, şair, bəstəkar, biznesmen və nə bilim daha kimlər, kimlər qəlyan çəkir.
Yadımdadı, onda nümayişlər, mitinqlər təzə-təzə başlayırdı. Meydanda iynə atsaydın yerə düşməzdi. Hava da istiydi. Mən də qəlyan çəkən bir müğənni dostumla mitinqdəydim. İştirakçılar bir-birinə o qədər yaxın idilər ki, nəfəs almaq olmurdu. Bu vaxt dostumun könlündən qəlyan sümürmək keçdi. Mane olmaq istədim. Xeyri olmadı. Əl atıb cibindən tənbəki doldurulmuş dəri torbasını çıxardıb qəlyanını doldurdu, damağına qoyub kibrit çəkdi, dərin bir qullab vurub tüstünü havaya yaydı. Bunu bir-iki dəfə təkrar etdi. Aradan beş dəqiqə keçməmişdi ki, dörd tərəfimizin boş olduğunu gördük. Dostum köntöyü qımışıb mənə göz vurdu və dedi:
- Gördün, sənin bəyənmədiyin tənbəkinin hikmətini?
Yenə günlərin bir günü mitinqlərindən biri idi. Kütlə meydana tərəf irəliləyirdi. Ortada mitinqçilərin əhatəsində liderlər gedirdi. Liderlərdən biri qəlyan çəkən idi. Əlindən qəlyanı düşmürdü. İş başında, evdə, başqa partiya liderləriylə görüşlərində qəlyanının tüstüsü başının üstündən əskik deyildi. İndi də kütlənin başının üstündən liderin tüstüsü burum-burum göyə yüksəlirdi. Çoxdan idi ki, liderin niyə qəlyan çəkməyi ağır bir sual olub beynimi deşirdi. Beynimin rahatlanmağı üçün təkidlə bunu öyrənməyə can atırdım. Bu gün gözəl imkan idi. Kütləni yara-yara çətinliklə də olsa liderlərə çatdım. Düzdür, bu çox da asan olmadı. Bir neçə dəfə qabağımı kəsib mane olmaq istədilər. Sağ olsunlar dost-tanışları. Liderə yaxınlaşmaq üçün mənə imkan yaratdılar. Özümü bilməməzliyə vurub tələsik liderdən soruşdum:
- Bəy, siz də müğənnisiniz?
Sualımdan ətrafdakılar nazarı və əsəbi halda:
- Ay kişi, deyəsən başın bədəninə ağırlıq edir, nə müğənni, tanımırsan? O, bu xalqın, yəni sənin, mənim, onun lideridir.
Yenə soruşdum:
- Müğənnilər səslərini qorumaq üçün qəlyan çəkirlər. Bəs sizə səs nəyə lazımdır?
Lider gülümsədi və qürurla dedi:
- İstefa çığırmaq üçün.
“Sağ olun” deyib kütləni yara-yara liderdən uzaqlaşdım. Sevindim ki, illərdir məni narahat edən sualın cavabını axır ki, tapdım. Amma sevincimə tez də kədər qatıldı. Düşündüm ki, ilahi, istefa çığırmaq üçün qəlyan çəkən bir lider hakimiyyətə gələrsə, torpaqları azad etmək üçün nə edər?
Manera.az