Faiq Balabəyli - "Dostum"
Faiq Balabəylidən yeni şeiri təqdim edirik:
Bu bizim alın yazımızdı
yumruqlarınla silinməz
Yaşanar ömrün sonuna qədər
amma,
hansı dildə yazılıb,
Görünməz,
oxunmaz, dostum.
Bir bəri dur
heç nə olmayıbmış kimi
yeriyək kor taleyin üstünə
Barmaqlarımızı batıraq qanımıza
çəkək alnımıza,
görək poza bilirikmi? -
İnanma dostum, inanma.
Hələ havaların soyuqluğu
canımızdan çıxmayıb
gözlədiyimiz ağır xəstəliklərin virusları
qanımızdan çıxmadığı kimi...
Dostum, bilirsən nə var?
Bu gün yağış yağacaq,
gün çıxacaq,
mülayim şərq küləyi əsəcək
alın yazılarımızın altında qalan
gələcək günlərimizi
yaş yuyub quru sərəcək.
Dostum,
bizi səssizliyə,
sənsizliyə göndərəcək....
Manera.az