manera.az
manera.az

İnternet qəzası | MANERA.AZ

📅 21.04.2016 13:02

İnternet qəzası | MANERA.AZ

Nurəddin ƏDİLOĞLU
MANERA,AZ


İNTERNET QƏZASI
(hekayə)



Virtual sevgilərlə aşıb-daşan internet qızmar yay günlərində qırx yaşlı Mələyin həyatına bahar təravəti qatmışdı. Feysbukda Fikrət adlı ortayaşlı kişi ilə tanış olandan səhər-axşam idman edir, gənc qızlar kimi bəzənib-düzənir, güzgü qarşısında əyləşib saçına, qaş-gözünə sığal verirdi. Güzgüdən elə bil ona başqa bir qadın boylanırdı. “Doğru söz imiş, qırx yaş qadını dəyişirmiş...” – düşüncəsiylə pomantik xəyallar qururdu.

Profil şəklini görən andan aşiq olduğu Fikrətin sevgi dolu, poetik ismarıclarını oxuyanda Mələk ürəyində interneti icad edən kişinin canına gündə üç dəfə dua edirdi. Zərif qadın ruhu bu sirli-soraqlı məkanda təzə eşqə düşmüşdü. Xəyallarının kişisi hesab etdiyi Fikrət də onun kimi ailəli idi. Yazdığına görə, uzun müddət dövlət məmuru olub, indi isə iş adam idi, böyük şirkətə rəhbərlik edirdi.

Mələk isə tələbə olarkan ata-anasının istəyi ilə ailə qurmuşdu. Ali təhsili olsa da, evdar xanım idi. Fikrətə yazırdı ki, həmişə işləmək arzusunda olub, di gəl ki, dənizdə neft buruqlarında çalışan ərinin ucbatından diplomunu dolabda toz basıb. Fikrət yazdı: “Mələyim, gəl öz şirkətinimdə səni yüksək maaşlı işlə təmin edim”. Mələk: “Canım, düzü, işsizliyi özünə elə də dərd eləmirəm, fəqət, özümü çox tənha hiss edirəm. İçimdə böyük boşliq var. Elə bil gecələr üstümdən ağır yük maşınları keçir... Sevgisiz yaşadığım bu illəri necə güdaza verdiyimin indi fərqinə varıram. Kaş indi başımın üstünü alan kədər dumanı dağılaydı, içimdəki tənhalıq buzu əriyəydi... Mən də həyatımı istədiyim kimi yaşaya biləydim…”

Mələyin qəmli həyat hekayətini oxuyandan sonra Fikrət ona çox böyük ümidlər verdi: “Canım, qəm-qüssə buludlarını tezliklə başın üstündən dağıdıb, sevgimlə ruhuna, qəlbinə işıq saçacam, birlikdə sübh çağı günəşin doğuşunu, axşamlarsa batışını seyr edəcəyik. Gecələr içindəki boşluğu sevgimlə dolduracam! Sən mənim gecikmiş məhəbbətimsən, bu çağadək heç bir qadınla yaşamadıqlarımı səninlə paylaşmaq istəyirəm, səninlə, mənim gözəl Mələyim ...”

Mələk əri ilə son beş-altı ildə intim əlaqədə olmadığını bildirəndə, Fikrət də öz arvadını sevmədiyini, İngiltərədə təhsil alan tələbə oğlu Orxana xatir onunla bir damın altında yaşadığını etiraf etdi. Müxtəlif illərdə çəkilmiş şəkillərini paylaşıb, uşaqlardan söz salanda, məlum oldu Mələyin də 16 yaşında Fidan adında yeganə qızı var. Fikrət yazdı ki: “İnşallah, onu da ali təhsil almaq üçün İngiltərəyə göndərrəm. İndi işə qəbul zamanı Avropada təhsil alanlara üstünlük verirlər...”

Mələk də sevindi. “İnşallah” deyib bir an gözəl-göyçək qızının Kembricdə təhsil alacağını göz önünə gətirdi: “İlahi, sənə, bir də bu feysbuku yaradan Marka çox şükürlər olsun, barı heç olmasa, qızım gələcəkdə yaxşı iş-güc sahibi olar, həyatını istədiyi kimi qurar!- deyə pıçıldadı. Fikrətin növbəti ismarıcı onu xəyal dünyasından ayırdı. “Canım, irəlidən qorabişirən ay gəlir, Fidanı da götür birlikdə Antaliyaya istirahətə gedək! İnan, hər şey super olacaq!” Mələk çox düşündü və öz-özünə dedi ki, niyə də olmasın?! Qonum-qonşuda qadınlar istirahət etdikləri xarici ölkələrdəndən dəm vuranda, Mələk həmişə deyərdi ki, mən yazıq heç Biləcəridən o tərəfə getməmişəm. Əri ayın on beş gününü dənizdə, on beş gününü evdə olurdu. Bundan əlverişli fürsət ola bilməzdi. Elə əri növbəti dəfə işə yola düşəndə o da qızı ilə bir həftəyə Antaliyaya gedib-gələ bilər! Ona görə də Antaliya səfərindən qabaq Fikrətlə görüşmək fikrinə düşdü.

Xəyallarının kişisi özü də Mələyə görüş təklif etdi. Yazdı ki, “evli ikən mənim kimi tənha olan Mələk simalı bir qadının ürək pıçıltılarını canlı eşitmək istəyirəm”. Mələk Fikrətlə görüşməyə qərar versə də, feysbukda çoxdan tanıdığı Vəfa adlı rəfiqəsinə çox həyacan keçirdiyini yazdı. Vəfa da ona “Can ay internet” adlı kiçik şeir parçası göndərdi:

“ Neçə bədbəxtləri salmisan tora,
Sevən könüllərə vurmusan yara.
Səndə də eşq gözun dikibdi vara,
Eyş-işrət bağısan, can ay internet!
Sevda ocağısan, can ay internet! “

Mələk incik halda soruşdu ki, ay qız, nə demək istəyirsən açıq yaz! Kimdi gözün vara dikən? Vəfa cavab verdi ki, “bacışka, incimə, mən bu xaraba qalmış internet məkanına səndən qabaq təşrif gətirmişəm. Burada o qədər iyrənc şeylərə rast gəlmişəm ki! Nə isə… Çalış ailəni düşün! Çünki varlı adamların çoxunda vicdan olmur! Olsaydı, gözləri, nəfsləri ac olmazdı ki!.. Fikrət dediyin o iş adamının gənc-sütül qızları qoyub səninlə canbirqəlb olmağına şübhə edirəm…”
“Yox, bu, sadəcə, virtual rəfiqəsinin həsəd hissindən yaranan fikrindən başqa bir şey deyil…”- deyib Mələk Fikrətlə görüşə yollandıi. O, şəkildə göründüyündən də qat-qat gözəl idi. Qamətdə, yaraşıqda gənc xanımlardan geri qalmırdı. Fikrətlə köhnə tanışlar kimi görüşüb-öpüşdü.
…Bir saatdan sonra şəhərin kənarındakı kiçik motelin hücrəsində Fikrətin şərab qoxuyan öpüşləri hərarəti Mələyi məsti-xumar elədi. Aldığı xoş həzzin ləzzətindən gözlərini yumaraq, Fikrətin ağuşunda məmnuncasına gülümsünürdü. Quş kimi qanad açıb uçmaq istəyirdi. Gözlərini açıb qollarını Fikrətin boynuna doladı, dodaqlarını, boynunu-boğazını, tüklü sinəsini odlu öpüşlərə qərq edə-edə: - Səni çox sevirəm, istəyirəm səndən bir oğlum olsun, – deyə pıçıldadı. Fikrət onu körpə uşaq kimi qucağına alıb vanna otağına apardı. Çiləkdən gələn ilıq suyun altında yuyunduqca hər ikisi məstlikdən ayılıb yenidən bir-birinə sarıldılar…
***
...Avqustun birinci yarısı Antaliyaya yola düşdülər. Fikrət hava limanında Mələyin qızını görəndə ovçu gözü ilə onu süzdü: -Gözəl qızın var, maşallah, - dedi,- sənə oxşayır, elə bil ana-bala yox, bacısınız! Və adəti üzrə “super” dedi.

Mələk Fikrəti qızına tələbə yoldaşı kimi təqdim etdi. Təyyarədə yerbəyer olanda qızının qulağına pıçıladadı ki: “Çox xeyirxah insandı. Allah özü rast saldı onu mənə. Oğlu Kembricdə oxuyur. İnşallah, səni də ora oxumağa göndərəcək!..”

Antaliyada ana-bala bu vaxtacan xəyallarına belə gətirmədikləri bir aləmə düşdülər. Axşamlar diskotekaya gedib əylənirdilər. Gündüzlər şəhərin marketlərini gəzib-dolaşır, göz oxşayan guşələrdə dincəlir, şəkil çəkdirirdilər. Bəzən bəyənib xoşladıqları pal-partarları Fikrət onlara geyindirir, özü neft kralı kimi oturduğu kresloda ayaqlarını bir-birinin üstünə aşırıb hər iksini şövqlə seyr edirdi. Ürəyində “ana ceyranla bala ceyran” dediyi xanımlar onun oğrun və qaynar baxışları altında həyacandan qızarıb, pörtürdülər. Ən maraqlısı qış üçün xəz gödəkçələr seçərkən oldu. Çeşid-çeşid gödəkcə geyən anayla-bala moda göstərən manikenlər kimi ticarət mərkəzindəki bütün müştərilərin nəzərlərini özlərinə cəlb etdilər...
Otelə dönən kimi Mələk hər dəfə Fikrətin aldığı təzə qiyafəlırdə çəkdirdiyi şəkilləri internetdəki rəfiqəsinə göndərir, sanki ona varlı adamlar haqqında fikrində yanıldığını eyham vururdu.“Görəsən bu şəkilləri görəndən sonra nə deyəcək Vəfa xanım?” Vəfa yenə ona kinayəli ismarıc yolladı: “Ay qız day denən, doşab almısan bal çıxıb də… Sağ əlin bizim ərsiz xanımların başına olsun!”
“Vəfa kimdir belə?” - Fikrət maraqlananda, Mələk təbəssümlə onu süzüb: -Bizim münasibətimizə şübhə edən bir virtual rəfiqəmdi!
Fikrət onun dupduru gözlərinin içinə baxıb başını buladı: - Ax qadınlar, qadınlar,- dedi, - internetdə də qeybət edirlər...
Şənbə günü zərgərlik dükanına baş çəkdilər. Fikrət onların hər iksinə qoşa ürək füqurlu briliyant qaşlı üzük alıb hədiyyə edəndə, Mələyin əvvəlcə boğazı qurudu. Sonra özünü ələ alıb işvəkarcasına gülümsünərək etiraz elədi: “Sən bizə o qədər gözəl geyim-keçim alıbsan ki! Amma bu hədiyyəni qəbul edə bilmərik…”
Fikrət özündənrazı halda Mələyin etirazına məhəl qoymayıb, üzüklərin birini “ana çeyranın”, o biriini “bala çeyranın” barmağına saldı. Fidan elə bala ceyran kimi də diksindi. Elə bil kişinin əllindən onun barmağına üzük yox, elektrik cəryanı keçdi. Nərmənazik bədəni gizildədi. Ürkək baxışlarla gah barmağındakı bahalı üzüyə, gah üzündən razılıq ifadəsi oxunan anasına, gah da ərklə hələ də onun balaca əlini ovcunda tutan Fikrətə baxıb susdu. Belə məqamda nə söz deyəcəyini bilmirdi.

Fikrət: - Mübarəkdir, sağlığınıza qismət olsun! – dedi və hər iksinin qoluna girdi,- bu kiçik hədəyyəmdir, sizə ən böyük hədiyyəmi Bakıya qayıdanda verəcəyəm…
***
…O gün gecə yarıyadək diskotekada əyləndilər. Fidan yorulmaq bilmədən rəqs edir, həmişəkindən şad-xürrəm görünürdi. Mələksə qızını unudub içdiyi tünd fransız şərabından xumarlanmışdı. Başını Fikrətin çiyninə qoyub: - Canım, mənim yuxum gəlir,- dedi, - bizə aldığın qiymətli hədiyyələrinə görə bu gecə sənə yatağımda minnətdarlıq etmək istəyirəm…

Fikrət onun qoluna girib oteldə kirayələdiyi lüks otaqlardan birinə apardı:- Mələk, türklər demişkən, sən çırılçılpaq soyun, yatağında məni gözlə. Gedim, Fidanı da gətirim, onu orada tək qoymaq olmaz!

Mələk onun üzündən öpüb yataq otağına keçdi. Fikrət geri dönəndə Fidanın masa arxasında oturduğunu, anasının yarımçıq qalan şərab badəsini başına çəkdiyini görüb ona yaxınlaşdı. Qız gülə-gülə özünü Fikrətin üstünə atdı. Dili topuq vura-vura:– Gəlin birlikdə rəqs edək…
Onun rəqs etməyə halı yox idi. Başı gicəllənir, xumarlanmış gözləri süzülürdü. Sayıqlayırmış kimi: - Mən sizin İngiltərədə oxuyan oğlunuza tanış olmaq istəyirəm. Axı o, mənimlə sizdən də yaxşı rəqs edər...

- Fidan, gecdir daha, gəl gedək…

Sərxoş qıza elə gəldi ki, bu an İngiltərəyə gedirlər: - Gedək!..
***
Ertəsi gün ana-bala günortaya kimi yataqlarından qalxa bilmədilər. Mələk oyananda ətrafa göz atdı. Fikrət gözə dəymirdi. Başında küt ağrı vardı. Alnını ovuşdura-ovuşdura otelin eyvanına çıxıb aşağı boylandı. Fikrət hovuzda çimirdi. Onu görcək əli ilə işarə etdi ki, paltarını dyişib hövuza gəlsin…

Mələk çimərlik paltarını geyinib Fidanın otağına keçdi. Qızın qumral saçları yastığın üstünə səpələnmiş alov dilimlərini xatırladırdı. Mələk güzgüdə mavi çimərlik paltarına göz atıb saçlarını daraya-daraya qızını səslədi: -Fidan, qızım, dur! Gecdir, gün günorta olub axı…

Fidan üz-gözünü turşudub gözlərini açmadan: - O, hanı? –deyə mızıldandı.

Anası təəccüblə: - Kim? –deyə soruşanda, qız yuxulu halda “Fikrətin oğlu!-dedi.

-Fikrətin oğlu buradadı bəyəm?

- Gecə onunla əl-ələ tutub Londonun küçələrində gəzidik. Sonra o məni öpdü.

Mələyi qəfil gülmək tutdu: - Ay qızım, bura London deyil, Antaliyadır, sən Fikrətin oğlunu yəqin yuxunda görübsən... Dur, get, duşun altında əməlli-başlı yuyun, özünə gəl…

Fidan həyacanla: -Yuxuda görmüşəm? -deyib yatağın içindı orurdu. “Yuxuya bax a…” Güllü mələfə çılpaq çiyinlərindən üzüaşağı sürüşəndə hiss etdi ki, əynində alt paltarı yoxdur. Anası bilməsin deyə tez uzanıb üstünü örtdü. Və gecə nə olduğunu xatırlamağa çalışdı. Qulaqlarına yağış səsi gəldi. Yox, bu yağıs deyildi, ilıq su səsi idi. Kimsə su şırnağının altında onun ağappaq əndamını, yupyumru balaca döşlərini, göbəyini öpürdü. “Yox! bu ola bilməz!” Anası otaqdan çıxar-çıxmaz tez özünü güzgünün qabağına atdı. Göbəyinin ətrafında etiraslı öpüşün izləri qalmışdı. “Aman Allahım, axı, bu necə ola bilər?..” -pıçıldayaraq özünü çarpayıya atıb, hönkür-hönkür ağladı.
***
…Bakıya dönəndən sonra Fikrət sözünü tutdu. Mələyə qırmızı rəngli xudmani qadın maşını hədiyyə etdi. “İdarə edə bilərsən?” deyə soruşanda, Mələk bildirdi ki, uşaq vaxtı at da minib, atasının maşınını da sürüb, amma sürücülük vəsiqəsi yoxdur. Fikrət: - O çox asan məsələdir, - deyib harasa zəng elədi, kiminləsə danışdı. Sonra Mələyə ünvan və telefon nömrəsi verib dedi, -get bura, sürücülük vəsiqəni elə bu gün ala bilərsən!

Mələk onun ofisindən çıxanda Fikrət ondan Fidanın kefini xəbər aldı: -Ona da sürpürüzim var. Kembricə hazırlaşmaq üçün ona yaxşı repetitor tutmuşam!..
Mələk dərindən köks ötürüb dedi: -Antaliyadan gələndən özünü nəsə pis edir. Gül kimi yanaqları solub. Qoy özünə bir az gəlsin deyərəm…
Fikrət: -İstəyirəm bir ailə kimi yaşayaq…

-Bəs sənin arvadın, mənim ərim necə olsun…

-Hər şeyin bir çarəsi var. Fidanın gələcəyini düşünürsənsə, çalış, onu da razı sal…
***
-Sən nə danışırsan ana, bəs atama yazığın gəlmir? - O gecə Fidan daş atıb başın tutdu,- bilirsən, ana, mən Kembricə getməyəcəm, özünü yorma, o adamdan da uzaq dursan yaxşıdır.

Anası qızının son qərarına mat-mətəəl qaldı. Səbəbini soruşsa da Fidan heç nə demədi. Mələk əri işdə olduğu günlərdə təzə maşınıyla evdən çıxıb, geçəyarısı dönəndə Fidan onu qaşqabaqla qarşılayırdı.

- Məni başa düş qızm, bir qadın üçün sevgisiz yaşamaq zindan əzabından da betərdir.

-Amma sən onun həyatında yeganə qadın deyilsən, ana! O… - Fidan sozünün gerisini deyə bilmədi, qəfildən qarnını tutdu. Az qala huşunu itirəcəkdi. Gözlərinin önünə Antaliyada oteldə duşun altında onun bədənini etiraslı öpüşlərə qərq edən adam canlandı, -məncə, bu, o idi… – deyib yerə yıxıldı.
Mələk təcili yardım çağırıb onu xəstəxanaya apardı. Xoşbəxtlikdən yaxşı tanıdığı genokoloq həkim gecə növbəsində idi. Fidanı müayinə edəndən sonra Mələyə yaxınlaşdı. -Bu qız yarmanı suya verib!

Mələk heç nə anlamayıb gözlərini döydü.

-Yəni, qızın hamilədir…

Mələyin başında şimşək çaxdı. Dünya bir an gözlərində qaraldı: -Ola bilməz!.. Axı mən onu heç vaxt gözümdən uzağa qoymamışm- dedi.
-Bizim dövrümüzə xahişin getməsin, indiki qızlar bu işi qaşla-göz arasında edirlər…

Mələk onun mübahisə etmək vaz keçib özünü tez ələ aldı. Göz yaşları içində həkimə yalvardı: -Ərimin xəbəri yoxdur, xahiş edirəm, onu dərhal abort edin… Yalvarıram sizə… - birdən nə düşündüsə, barmağındakı üzüyü çıxarıb həkimə uzatdı…

Həkim üzüyə baxıb gülümsündü: -Eyni bundan qızının da barmağında var! Əməliyyatda tək olmayacam, pul versən yaxşı olar!..
Mələk tələmtələsik: -Yaxşı, amma olar sabaha qalsın?- dedi .

Həkim: -Olar, –deyib uzaqlaşdı. Mələk başını divara söykəyib əlini öz bətninin üstünə qoydu. “İlahi, bu necə olur, ana-bala eyni vaxtda hamilə qalmışıq?!” .
***
Fidan özünə gələn kimi barmağındkı üzüyü çıxarıb anasına uzatdı: -Apar ver Fikrətə, onun hədiyyəsi mənə lazım deyil… Sən atamdan bir gör kimə görə ayrılmaq istəyirsən, ana!
- İnana bilmirəm, yəni o buna cəsarət edər?
- O heç səni də sevmir ana! O… o… manyakdır. Bizə üzük aldığı gün gecə sənin şərabına Allah bilir nə qatmışdı. Mən sənin qabağından yarımçıq qalan şərab badəsini başıma çəkdim. Və ondan sonra hər şeyi elə bil yuxuda görürdüm .

Mələk üzüyü ondan alıb çıxdı. İki gün idi ki, Fikrət telefona cavab vermirdi. Şirkətin əsas ofisinə gəldi. Katibə qızdan cavab gözləmədən Fikrətin otağına soxuldu. O, kresloya yayxanıb siqret çəkirdi. Mələk salamsız-kalamsız dilləndi:

- Mən sənə inanıb ərimdən ayrılmaq qərarına gəlmişdim. Amma qızımın namusunu ləkələməklə hər şeyi alt-üst etdin. İki gündür zənglərimə cavab vermirsən. Axtarırdım ki, səndən uşağa hamilə olduğumu xəbər verəm. Axı ilk dəfə birlikdə olanda demişdim sənə. Arzu edirdim səndən bir oğlum olsun…
Fikrət onu sakitləşdirməyə çalışdı: - Axı mən Fidanı da, səni də gözüm üstə saxlamaqdan boyun qaçırmıram …

-Sən kişiliyə yaraşmayan hərəkət etdin! Fikrət, bunu bil ki, bədbəxt etdiyin o günahsız qızın ahı yerdə qalmaz!

-Mən ana ceyranla bala ceyana birlikdə yaşamağı təklif etdim. Əgər razı deyilsənsə, elə bilirəm haqqınızı artıqlamasıyla ödəmişəm…
-Şərəfsiz, - deyə Mələk üzükləri onun masasının üstünə atdı, - yox, sən haqqımızı bundan sonra ödəycəksən. İnan, bu şəhərdə mən sənin şirin dillə aldadıb tora saldığın son qadın, Fidansa namusunu kirlətdiyin sonuncu qız olacaq!..
Fikrət ayağa qalxıb qəhqəhə çəkib güldü.

- Gül, gül, mənə hədiyyə etdiyin maşının açarlarını isə sənin meyidinə qaytaracam.
- Oyy, mən ana ceyranın şir kimi qəzəbli olduğunu bilmirdim...

- Bir qadının namusuyla oynamaq elə Aslanı yaralamq kimi bir şeydir,- Mələk qapını çırpıb çıxdı. Maşına oturanda onu ağlamaq tutdu. Əlləri yarpaq kimi əsməyə başladı. Başını sükanın üstünə qoyub sakitləşməyə çalışdı. İki gecəydi ki, yuxusu ərşə çəkilmişdi. Ani olaraq mürgülədi. Oyananda gördü ki, Fikrət maşınına oturub harasa gedir. Mühərriki işə salıb, onun arxasınca düşdü.

Çox çəkmədi ki, Fikrət maşını Bayraq Meydanına yaxın yolun kənarında saxladı. Avtobus dayanacağından aralı dayanmış bir gənc qız mobil telefonunu qulağına tutub sağ-sola boylandı, sonra Fikrətin maşınına yaxınlaşıb qabaq oturacaqda əyləşdi. Maşın şəhərdən kənara dəniz kənarındakı motelə yaxınlaşanda Mələk məsələnin nə yerdə olduğunu anladı. Axı Fikrət Mələyi də ilk dəfə görüşəndə bu motelə gətirmişdi. Axşamüstü moteldə sakitlik idi. Fikrətin maşını dayanan kimi hər iki tərəfdən qapıları açıldı. Qız enib Fikrəti motelin girişində gözlədi. Fikrət isə maşının qabaq qapısına dirsəklənib telefonla danışırdı. Onun bir ayağı yerdə, o biri maşının ayaqaltısında idi. Yolboyu şütüyən maşınların yaxınlığından ötüb keçməyinə məhəl qoymadan arada əlini-qolunu da ölçürdü. Mələk maşının sürətini artırıb düz onun üstünə sürdü. Maşın Fikrəti maşının qapısıyla bərabər asfalt yolda on beş metrdən çox sürüdü. Mələyin başı ön şüşəyə zərblə dəyəndən sonra huşunu itirdi...
***
Mələyin yüksək sürətlə idarə etdiyi maşınla qəza törətdiyini və Fikrət Əminbəyli adında bir iş adamının hadisə yerində dünyasını dəyişməsini Vəfa ANS telekanalının axşam xəbərlərindən eşitdi. Onun hansı xəstəxanaya aparıldığını Vəfa elə həmin xəbərdən öyrəndi və tez ora yollandı. Qolunda və aşağı ətraflarında sınıqlar olan Mələk reanimasiyadan palataya köçürüləndə başının üstünü ilk kəsdirən də Vəfa oldu. Onlar bir-birini canlı olaraq ilk dəfə görürdülər.
-Bacışka, mənəm ey Vəfa...

-Vəfa, - deyə Mələk zarıdı. Onun baş nahiyyəsinə bir neçə yerdən tikiş atılmışdı, - o əclaf mənim körpə Fidanımı da bədbəxt elədi.
-Bu dünyanın bulanıq vaxtında qadın kimi qadın olmaq asan məsələ deyil Mələk! Özünü üzmə, olan olub, keçən də keçib...
Fidan içəri girib ağlaya-ağlaya anasına sarı çumdu. Jalə adlı tibb bacısı onu sakitləşdirmək istədi:- Heç sənin kimi gözəl qız da ağlayar?
-Eh ay bacı, dədə-baba məsəlidir, “Qızın özü yox, bəxti gərək gözəl olsun!”-deyə Vəfa Fidanı bağrına basdı.

- Xala, anam yaşayacaq? – soruşanda Vəfa Fidana: - Əlbəttə, yaşayacaq,-dedi- anan burda olduğu müddətdə mənimlə qalarsan, gözəl balam...

- Vəfa xanım, xəstəni çox narahat etmək olmaz! Avtoqəza zamanı o, həm uşağını, həm də çoxlu qan itirib...

Vəfa şəfqət bacısına baxıb yavaşdan təəssüf hissi ilə pıçıldadı:
-Bu təkcə avtoqəza deyil, həm də internet qəzasıdı...

MANERA.AZ



Baxış sayı - 2 081 | Yüklənmə tarixi: 21.04.2016 13:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031