manera.az
manera.az

Əli Şirin Şükürlü - "Dairəvi güzgü" - (HEKAYƏ)

Əli Şirin Şükürlü - "Dairəvi güzgü" - (HEKAYƏ)
Əli Şirin ŞükürlüƏli Şirin Şükürlü

"Dairəvi güzgü"
(HEKAYƏ)


Hər səhər olduğu kimi adəti üzrə yataq otağındakı dairəvi güzgünün qarşısında dayanmışdı. Son vaxtlar gün-gündən dəyişdiyinin fərqində idi. Belə sürətlə dəyişməsini özünə qarşı münasibətlə əlaqələndiridi. Elmi əsaslara söykənən yeni layihələri sanki düşmənə çevrilib onu məhv etməklə məşğul idi. Yaradıcı təfəkkürə malik, allahın bəxş etdiyi yüksək istedad sahibi olan bu adam hər cür oyunbazlıqdan, hiylədən, riyakarlıqdan, yaltaqlıqdan uzaq olsa da bir o qədər sevilmədiyini son vaxtlar daha çox hiss edirdi. Yaratdığı yeni nəzəriyyənin düşüncədə inqilab olduğunu anlayan bir neçə mütəxxəssis də hələ ki susur, akademik münsasibət bildirmirdilər. Əsasən bu nəzəriyyəyə söykənən əsərləri vərdiş olunmuş empirik parametlərə uyğun gəlmədiyindən bir çox müsabiqələrdə uğursuzluğa düçar olurdu. Digər sahələrdə olduğu kimi yaradıcı sferalarda da tayfa-mağara düşüncəsindən doğan riyakarlıq epidemiya şəklində yayılıb yaradıcı mühiti zəbt etmişdi. Xüsusilə, son illər bu tendesiya daha aydın müşahidə olunurdu. Ortababab, bəzən orta səviyyədən də aşağı qabiliyyətə malik şəxslərin dahi pozası alıb tez-tez verdikləri müsahibələri təbəssümlə qarşılayırdı: “ il ərzində iki ortabab əsər yaza bilmir, amma iyirmi müsahibə verir”.

Hər şey tərsinə baş verirdi sanki. Yeni, daha mükəmməl layihələr yaradıb daha çox hörmət gözlədiyi halda, əksinə, soyuyan münasibətləri heç cür anlaya bilmir, mənəvi sarsıntılar keçirirdi. Elə bil tədricən qürub edir, “cəmiyyət” adlı kainat onu canına hopduraraq yox edirdi.

Birdən dairəvi güzgü dalğalanmağa başlayıb göl şəklini aldı. Bir də gördü göl onu ağuşuna alıb və üzü aşağı hərəkətdədir. Çəkisizlik şəraitində olduğundan sanki uçurdu. Dumduru suyu olan göl səmanı xatırladırdı. Bədənini hiss etmədiyindən, səmada üzürdü elə bil. Uçuş sürəti çox asta olsa da, zaman sürətlə dəyişirdi. Bunu üzləşdiyi hadisələrdən, hər hadisədən hadisəyə hiss ediləcək dərəcədə dəyişməsindən anlayırdı. Həm xatırladığı, həm də çoxdan unutduğu hadisələrdən keçib gedirdi. Uçuş trayektoriyasının üzü aşağı baş verdiyi açıq-aşkar hiss olunurdu. Hadisələri təbəssümlə qarşılayırdı, hətta ona əzab verən hadisə olsa da belə. Keçmişə çevrilmiş bu hadisələri başqa necə qəbul edə bilərdi axı. “Yanan papirosun külüdür keçmiş” – şeirdən bir misranı xatırladı. Bədii-fəlsəfi zövqünə inandığı dostlarından biri bu misranı zamana verilən təriflərdən ən mükkəməli adlandırmışdı bir vaxtlar.

Amma bir hadisənin yanından keçərkən onu hec cür biganə qarşılaya bilmədi. “Bax bu hadisəni hər dəfə xatırlayanda kədərlənməyə bilmirəm” – üzündə yenə də təbəssüm düşündü:
11-12 yaşı olardı. Həyət qapısından girən kimi xoşagəlməz nəsə baş verdiyini anladı. Anası əsəbi görünürdü. Bu təmkinli qadının əhvalının dəyişməsi adi hal ola bilməzdi. Vərdiş etdiyindən ixtiyarsız olaraq bir neçə gün əvvəl zəncir vurulmuş itinə yaxınlaşdı. Itə çox isinişmişdi. Bu it neçə ildi onu müşayət edər, hara getsə kənarda oturub onu gözləyər, onunla birgə də evə qayıdardı. Son günlər özünü bəd apardığına, adamlara hücum etdiyi üçün bu şəkildə cəzalanmıdı. Amma azadlığa öyrəşdiyindən bu cəza ilə heç cür barışa bilmir, elə hey hürür, zingildəyirdi.

Işin nə yerdə olduğunu indi anladı. Sevimli iti ilə üz-üzə dayananda. It ağlayırdı. Ilk dəfə itin ağladığını görürdü.
- Iti kim döyüb, ana, - kövrəlmiş halda soruşdu.

- Atan, - anası cavab verdi, - dayanmadan hürürdü çər dəymiş.

Belə desə də anasının da sarsıldığı aydın hiss olunurdu. Ixtiyarsız ağlamağa başladı. Vəfalı itin döyülməsindən daha çox üzünə zillənən yaşarmış gözləri sarsıtmışdı onu. Bir neçə gün sonra it öldü. “ Azadlığının qurbanı oldu” – sonralar bu hadisə yadına düşərkən fikirləşərdi.

Ayağı gölün dibinə toxunanda hadisələr yoxa çıxdı. Əvvəl batdığını düşünsə də, bir an sonra yenidən dairəvi güzgünün qarşısında dayandığını gördü. Bir neçə dəqiqə ərzində sanki bir ömür yaşanmışdı güzgünün qarşısında. Elə bil daha da yaşlanmış, taqətdən düşmüşdü. Varlığı qocalıb əldən düşmüş adamı xatırladır, tükənmədən xəbər verirdi. Sanki zaman çox sürətlə içinə sızmış, varlığını zəbt etmişdi. “ Onsuz da zaman yoxdur. Yalnız dəyişmələr var, zaman bu dəyişmələrin ölçüsü, insan ağlının məhsuludur. Qocalıq, əslində tükənmədir, insana hakim kəsilən istəklərin tədricən sönməsidir. Heç son da movcud deyil, hər şey sonsuzdur. Üzdən sonlu görünənlər də, içəridən sonsuzluğa bürünüb. Yaranmışların hamısı kəsilməz olaraq bir-birinə keçərək azman sonsuzluğu yaradır. Dairəvi güzgü; daimi təkrardan, bezdirici əbədilikdən xəbər verir dairəvilik. Artıq dəyişmənin vaxtıdır deyəsən” – güzgünün qarşısında nə qədər dayandığını anlaya bilmədi. Tamam haldan düşdüyünü hiss etdiyindən yatağa yaxınlaşıb, mətbəxdə yemək tədarükü görən qadınını səslədi. Cəmi bir dəfə səslənib arxası üstə yatağa uzandı və gözlərini səma rəngində olan tavana zillədi.

Sanki hansısa səs su şırıltısına toxundu əvvəlcə, sonra o şırıltıya qoşulub tədricən azaldı, sonra su şırıltısına bürünüb ona yaxınlaşmağa başladı. Yaxınlaşdıqca it zingiltisini xatırladan səs suya bürünmüş halda güzgünün qarşısında peyda oldu. Tədricən gözlərini yumub o səsə qarışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031