Sizi deyib gəlmişəm... - "Molla Nəsrəddin"-110 |MANERA.AZ

1906-cı ilin 7 aprel günündə "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi çapdan çıxıb.
Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı.
Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır."Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir.
Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunmuşdur. "Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki,onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək,onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərmişdir.
Qeyd edək ki, jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
MANERA.AZ