"Nəsrəddin evlənir..?" - FOTOLAR - MANERA.AZ
![]()
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının R.Behbudov adına Mahnı Teatrında yeni tamaşasının premyerası keçirilib. Molla Nəsrəddin lətifələrinin motivləri əsasında hazırlanan "Nəsrəddin evlənir..?" adlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor asisstenti Samirə Hacıyevadır. Birhissəli məişət komediyası janrında hazırlanan səhnə əsərində əməkdar artistiVaqif Kərimov(Əzrayıl), Elçin Hacıyev (Molla Nəsrəddin),Ceyhun Əliyev(Məmmədəli) Rövşən Cəfərov (Lotu) Şəbnəm Cəbrayılova (Mollanın sevgilisi) və başqa gənc aktyorlar çıxış ediblər.
Sevdiyi qızı yuxusunda görən Nəsrəddini Əzrayıl oyadıb onu özü ilə o biri dünyaya aparmağa gəldiyini bildirir. Çox cavan olduğunu, hələ də evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan Əzrayıl, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini Lotulara danışıb onlardan kömək istəyən Nəsrəddin toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə aldanıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.
Tamaşanın rejissoru Xaqani Əliyev bir neçə sualımızı cavablandırdı.
- Necə oldu ki, Molla Nəsrəddin lətifələrinə müraciət etdiniz?
- Türk xalqları arasında Xoca, Hoca, Əfəndi, Əpəndi Azərbaycan da isə Molla kimi məşhurlaşmış Nəsrəddin irsinə dəfələrlə müraciətlər edilmiş, çoxlu sayda filmlər çəkilmiş, balet və tamaşalara quruluşlar verilmişdir. Dünyanın müxtəlif məkanlarında heykəlləri ucaldılır, şərəfinə parklar salınır, onun adını daşıyan teatr, kino, rəsm, karikatura festifalları keçirilir.
Azərbaycanda da, türk xalqlarının Dədə Qorqud eposu və Koroğlu dastanı kimi şərikli mədəni irs nümunəsi olan və bu dastanlar qədər əhəmiyyət daşıyan Molla Nəsrəddin irsini, dəyərləri ilə birlikdə qoruyub yaşatmaqla gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini anlayaraq biz bu mövzuya müraciət etdik.
Bütün dünyanın sevdiyi türk oğlu türk, müdrik insan Molla Nəsrəddinin lətifələrində insanı heyrətə salan yığcamlıq və məntiq var. Dünyada onun kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir lətifə qəhrəmanı tapmaq çətindir.
- Molla Nəsrəddinin böyüklüyü nədədir?
- Molla Nəsrəddinin lətifələrində ən çətin bir vəziyyətdən həmişə çıxış yolu var.
- Sizin təqdim etdiyiniz Molla Nəsrəddin təsəvvürlərdə yaradılmış Molla Nəsrəddindən cavanlığı ilə fərqlənir...
- Molla Nəsrəddin istər kino, rəssam işi olsun, istərsə də tamaşa, bütün hallarda ahillıq dövrünü yaşayan, müdriklik zirvəsinə ucalmış nurani qoca kimi təsvir edilir. Biz bu qənaətə gəldik ki, bu steriotipi qıraq. Molla Nəsrəddin birdən-birə nurani qocaya cevrilmiyib ki...Onun özünün bəzi lətifələri bizi vadar edir düşünək ki, bu lətifələrdəki Molla Nəsrəddin yaşlı adam ola bilməz. Doğrudan da tamaşada təsvir olunan hadisələr ahil adamın başına gələ bilməz. Məhz buna görə də biz, Azərbaycan səhnəsində ilk dəfə olaraq Molla Nəsrəddini qaynayıb-daşan, hələ tam müdrikliyə çatmamış, bəzən emosyalarına hakim kəsilə bilməyən bir cavan kimi təqdim etmək qərarına gəldik.
Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir. Düşdüyü istənilən vəziyyətdən həmişə çıxış yolu tapan Molla Nəsrəddin sonda sevgisinə qovuşur.
- Tamaşa insanları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyir...
Böyük inamla deyə bilərik ki, güldürərək düşündürən Molla Nəsrəddin müasir teatr yozumunda səhnəmizə qayıtdı!
Turan Etibaroğlu
Manera.az![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()