manera.az
manera.az

İnsanları əxlaqi dəyərlərə dəvət etmək - ŞƏHLA ASLAN yazır _MANERA

İnsanları əxlaqi dəyərlərə dəvət etmək  -  ŞƏHLA  ASLAN yazır _MANERA

MANERA.AZ Şəhla Aslanın yazısını təqdim edir:

Ölkəmizdə 2016-cı ilin - “Multikulturalizm ili” elan edilməsi sivilizasiyaların qovuşduğu müasir dövrdə Azərbaycanın qloballaşan dünyaya təqdim etdiyi gözəl nümunələrdən biridir.

Düşünürəm ki, özünü mədəniyyətlərarası dialoqun iştirakçısı hesab edən qələm sahibləri, jurnalistlər, ziyalılar, bir sözlə hər kəs bu imkandan maksimum istifadə etməlidir.

Xoşbəxtlikdən millətimizin təfəkkür tərzi, milli dəyərlərimiz, dini dünyagörüşlərimiz multikultural dəyərlərlə tam uyuşur. Bu da millətin qədimliyindən, onun uzun və keçməkeşli həyat yolu keçərək adət-ənənələrini dönə-dönə cilalayaraq təkmilləşdirdiyindən, inanclarının dürüstlüyündən və bu dini inancları bacarıqla milli xüsusiyyətlərə hopdura bildiyindən xəbər verir.

Doğrudan da mərd, yenilməz babalarımız sərvət, var-dövlət naminə heç vaxt düşmənə əyilməyərək təmiz adı həmişə uca tutublar. “Ac ol, kişi ol!”, “Namərdlə bal yemə, mərdlə daş daşı”, “Dostun mindirsə azdır, düşmənin birdirsə, çoxdur” və s. kimi atalar sözlərinin hamısı xalqımızın lap qədimdən necə yüksək mədəni dəyərlərə sahib olduğuna sübutdur. Ümumiyyətlə, bizim bütün atalar sözlərində, bayatılarında və digər folklor nümunələrində ancaq və ancaq yüksək mənəvi dəyərlərə çağırış, pisliklərdən çəkindirmək, gənclərin nümunəvi təlim-tərbiyəsinin zəruriliyini göstərmək, humanizm, dini dözümlülük, insanpərvərlik, düzlük, doğruluq, imanlı və inamlı yaşam tərzi və s. təbliğ olunur.

Elə İslam dinində də ayinlər, mərasimlər, dualar, ibadət qaydaları və s. hamısı insanın kamilləşməsinə, saflaşmasına, savadlanmasına xidmət edir. İnsanın cəmiyyətdən təcrid olunmasını pisləyən müqəddəs kitabımızda daimi özünü ictimai varlıq olduğunu hiss etməyə çağırmışdır. İmkanlı adamlar öz qazandıqlarından xüms, zəkat, fitrə, sədəqə, nəfəqə şəklində imkansızlara verməklə ictimai bərabərsizlikləri aradan qaldırmalıdır. Səxavət, əliaçıqlıq, əməksevərlik, təmizlik, məqsədyönlük, düzlük, halallıq və s. ən çox bəyənilən xüsusiyyətlərdəndir.

Elm öyrənməyin, elmi söhbətlərə qulaq asmağın, övladlarına savad verməyin üstünlükləri barədəki göstərişlərin sayı-hesabı yoxdur. Heç bir adamın milli mənsubiyyətinə görə digərindən üstün hesab edilə bilməməsi, Allah qarşısında hamının bərabər olması, yalnız fikirlərinə və hərəkətlərinə görə xüsusi imtiyazlara malik olmağın mümkünlüyü dönə-dönə qeyd olunur.

Ümumiyyətlə, insanları əxlaqi dəyərlərə dəvət etmək bütün millətlərdə və dinlərdə olmuşdur. Bütün səmavi kitablar, bütün peyğəmbərlər mahiyyət etibarı ilə eyni şeyləri təbliğ etmişlər. Çağdaş dünyamızda bəzi xoşagəlməz təzahürlər isə müqəddəs kitablarımızın düzgün anlaşılmaması, dini dözümsüzlük, şəxsi ambisiyalar, yolverilməz siyasi dünyagörüşlər, başqa mədəniyyətlərə, başqa dəyərlərə hörmətsizlik fonunda baş verir. İnanmıram ki, Quran, Bibliya, Tövrat, Zəbur və s. kimi misilsiz, dərin məzmunlu kitablardan xəbərdar olan adam başqasının sahib olduğu dəyərə, mədəniyyətə, dünyagörüşə xor baxsın. Tolerantlıq nümunələrinin tarixi cihad və səlib yürüşlərin səngiməsi tarixi ilə eynidir. Bəşəriyyətin nicatı sülhdə, əmin-amanlıqdadır. İnkişaf və tərəqqi qonşuların təcrübəsinə əsaslanmadan mümkün deyildir. Elə multikulturalizm tədbirləri də bu zərurətdən yaranıb.

Biz Azərbaycanımızın multikultural dəyərlərə yiyələnmək sahəsindəki siyasətini başa düşür, qəbul edir və bu siyasətdə necə iştirak edəcəyimizi anlayırıq.
Əvvəldə qeyd etdiyim kimi, həm milli, həm də dini dəyərlərimiz imkan verir ki, rahatlıqla, heç bir daxili istəklərimizə, vicdanımıza, dünyagörüşümüzə zidd çıxmadan multikultural dəyərlərə sahiblənək.

Beləliklə, vətəndaşların qarşısında yeni layihələr, tədbirlər, imkanlar, yaradıcılıq imkanları sahəsində bütöv bir il var - Multikulturalizm ili!


Şəhla Aslan,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031