İslam dəyərlərinin qorunması ... MANERA.AZ
Mingəçevir Dövlət Universitetində radikal dini ideyaların dövlətçiliyə və bəşəriyyətə zərərləri müzakirə olunub
Mingəçevir Dövlət Universitetində (MDU) “İslam dəyərlərinin qorunması və radikal dini ideyaların dövlətçiliyə və insanlığa qarşı yanlışlığı” mövzusunda konfrans keçirilib. Mingəçevir şəhər icra hakimiyyəti, Mingəçevir şəhər Prokurorluğu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə MDU-nun rektoru Akif Hacıyev açıb.
Konfransda MDU-nun İctimai və təbiət elmləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalovun “Azərbaycanda islam: tarixi ənənədən müasir inkişafa doğru”, Humanitar fənlər kafedrasının müdiri, siyasət üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərovanın “Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri siyasi sabitliyin tənzimlənməsi mexanizmi kimi”, adıçəkilən kafedranın baş müəllimi, MDU-da 2015-2016-cı tədris ilindən bakalavr səviyyəsində “Multikulturalizmə giriş” fənnini tədris edən İlham Məmmədovun “Dünyanın dini mənzərəsi və islamda tolerantlıq və multikulturalizm ənənələri dini radikalizmə qarşı” mövzusunda məruzələri dinlənilib. Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini İlham İsmayılov, Mingəçevir şəhər Prokurorunun müavini Balahüseyn Şabanov və tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Çıxışlarda multikulturalizm siyasətinin alternativinin olmadığı, bəşəriyyətin təhlükəsiz gələcəyinə hesablandığı və multikulturalzimin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. Çıxışlarda 2014-cü il fevralın 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yaradılan Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradılması, akademik Kamal Abdullayevin rəhbərliyi altında bu xidmətin fəaliyyəti və əldə etdiyi uğurlar, 2014-cü il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, 2014-cü ilin may ayının 15-də isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, bu mərkəzin ölkə miqyasında və beynəlxalq miqyasda fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənnlərinin Azərbaycanın 19 ali təhsil müəssisəsində və 11 xarici dövlət universitetində tədris olunmasının gənc nəslin tolerantlıq və multikultural dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində əhəmiyyətli rolu qeyd edilib. Bildirilib ki, 2015-2016-cı tədris ilinin I semestrində MDU-nun bakalavr hazırlığı qruplarında “Multikulturalizmə giriş” fənninin tədrisində xeyli nailiyyətlər əldə edilib.