Azərbaycanda multikultural mühit yüksək səviyyədədir - MANERA.AZ
İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis oktyabrın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Azərbaycanda multikultural və tolerant mühitin yüksək səviyyədə olduğunu deyib. O, ölkəmizdə multikulturalizm siyasətinin uğurla aparıldığını qeyd edib.
MANERA.AZ xəbər verir ki, görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov qonağı qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumatlandırıb. O, Mərkəzin yaranmasının əsas məqsədlərindən birinin Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələrini dünyaya tanıtmaq olduğunu qeyd edib. İcraçı direktor bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.
Vurğulanıb ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Multikulturalizmin alternativi separatçılığa, terrora, islamofobiyaya və digər təhlükəli tendensiyalara şərait yaradır.
Görüşdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, xalqımızın birgə yaşama mədəniyyəti dünyaya nümunə kimi göstərilir. Azərbaycanın artıq 3-cü dəfədir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal Forumunun gələn il Bakıda keçiriləcəyi barədə qərar bunun nəticəsidir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov müasir dövrdə Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olmasını şərtləndirən amillər, milli və dini tolerantlığın dövlət siyasətinin prioritetləri sırasında dayanması barədə danışıb. O, Azərbaycanda bütün etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını, ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonra qonağın sualları cavablandırılıb.