Ankarada Qarabağ Zəfərinin 6-cı ildönümü qeyd olunub

Azərbaycanın 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Ankarada təntənəli qəbul təşkil edilib.
Manera.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Qazi Ordu Evində keçirilən tədbirdə Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı, yüksək rütbəli hərbçilər, rəsmi şəxslər, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Qarabağ Zəfərinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov çıxışında Qarabağ Zəfərinin ölkəmizin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. O, Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixi və qardaşlıq bağlarından danışıb.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı isə Şuşa Bəyannaməsinin iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdiyini bildirib.
Nazir Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın və qardaşlıq əlaqələrinin bütün sahələrdə daha da gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini qeyd edib.
Məhəmməd,
Manera.az



![]()
![]()