manera.az
manera.az

Milli yaddaşın polad üzərində poetikası

📅 18.11.2026 12:40


Ankarada ucaldılan “Sonsuzluğun simfoniyası” – Azərbaycanın mədəni irsinin çağdaş sənət dilində təcəssümü

Ankaranın Beştəpə ərazisində yerləşəm Türk Dövlətləri Mədəniyyətlər Parkında Azərbaycan Evinin qarşısında ucalan monumental kompozisiya tamaşaçıya özünəməxsus rəmzlər dili ilə müraciət edir. Poladın parlaqlığında Xəzərin dalğaları, spiral formaların ahəngində zamanın axışı, milli naxışların ritmində isə əsrlərin yaddaşı duyulur.

Bu, Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevin “Sonsuzluğun simfoniyası” adlı əsəridir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gətirilən kompozisiya milli mədəniyyətimizin çağdaş incəsənət müstəvisində maraqlı təqdimatıdır.
Milli yaddaşın polad üzərində poetikası
Poladın yaddaşında gizlənən rəmzlər

Əsərin bədii quruluşunda ilk diqqətçəkən məqam spiral formaların yaratdığı dinamikadır. Cilalanmış paslanmayan poladın sərt təbiəti burada sanki öz xüsusiyyətini dəyişir, axıcılıq və ritm qazanır. Hərəkətsiz material hərəkət təəssüratı yaradır.

Kompozisiyanın bədii dilini çözməyə çalışdıqca Azərbaycan mədəniyyətinin müxtəlif qatları ilə qarşılaşırıq. Buta, alov, Xəzər dənizinin dalğaları... Hər biri milli yaddaşımızın tanış ifadələridir. Lakin müəllif bu rəmzləri ənənəvi təqdimat çərçivəsindən çıxararaq müasir plastik sənətin imkanları ilə yenidən mənalandırır.

Qarabağ və Şirvan xalçalarının naxışları, Azərbaycan memarlığından qaynaqlanan bədii elementlər kompozisiyanın ümumi ahənginə qoşulur. Vaxtilə ilmələrdə, daşlarda, memarlıq abidələrində yaşayan milli yaddaş bu dəfə polad üzərində öz ifadəsini tapır.

Sonsuzluğun fəlsəfəsi

Əsərin konsepsiyasında DNT-nin ikiqat spiral quruluşuna və “Əbədiyyət düyünü” rəmzinə müraciət edilməsi xüsusi maraq doğurur. Bu elementlər kompozisiyanın məzmununu milli çərçivədən ümumbəşəri düşüncə müstəvisinə daşıyır.

DNT həyatın bioloji yaddaşıdırsa, mədəniyyət də millətin mənəvi yaddaşıdır. Bu iki anlayışın eyni kompozisiyada birləşməsi insanı irs, varislik və davamlılıq haqqında düşünməyə sövq edir.

Spiral formalar keçmişlə gələcək arasındakı qırılmaz əlaqəni, “Əbədiyyət düyünü” isə zamanın sərhədlərini aşan mənəvi dəyərləri çağrışdırır.

Bəlkə də əsərin “Sonsuzluğun simfoniyası” adlandırılmasının poetik məğzi elə bundadır: zaman dəyişir, materiallar dəyişir, ifadə vasitələri yenilənir, mədəni yaddaş isə yaşamaqda davam edir.

Azərbaycan imzası


Əsərin məkan seçimi də onun bədii məzmunu qədər əhəmiyyətlidir. Türk dünyasının ortaq mədəni irsini bir araya gətirən Türk Dövlətləri Mədəniyyətlər Parkında Azərbaycan Evinin qarşısında belə bir kompozisiyanın ucaldılması milli kimliyin həm də ortaq türk mədəniyyəti kontekstində təqdimatıdır.

Burada Azərbaycan özünü yalnız qədim tarixi, zəngin folkloru və ənənəvi sənət nümunələri ilə deyil, müasir bədii təfəkkürü ilə də tanıdır.

Rəşad Mehdiyevin kompozisiyası Şərqlə Qərbin estetik düşüncəsi arasında qurulan dialoq kimi də oxuna bilər. Əsərdə Şərqin rəmzlərə söykənən fəlsəfi dünyagörüşü müasir heykəltəraşlığın ifadə imkanları ilə qovuşur.

Səssiz simfoniyanın səsi

Musiqidə simfoniya müxtəlif səslərin vahid ahəngdə birləşməsindən yaranır. Rəşad Mehdiyevin əsərində isə bu ahəngi səslər deyil, formalar, naxışlar, işıq və metal yaradır.

Xəzərin dalğası, Qarabağın ilməsi, Şirvanın naxışı, Odlar yurdunun alovu...

Bütün bu elementlər Ankarada vahid bədii kompozisiyanın ritminə çevrilir.

“Sonsuzluğun simfoniyası” bir daha düşündürür ki, milli kimliyi yaşatmağın yollarından biri də onu yeni sənət dili ilə ifadə etməkdir. Keçmişi sadəcə təkrarlamadan, onun mahiyyətini qoruyaraq gələcəyə daşımaqdır.

Ankarada poladın yaddaşına köçürülən Azərbaycan hekayəsi də məhz belə bir sənət hadisəsidir – səssiz, lakin öz dili, ritmi və fəlsəfəsi olan bir simfoniya.

Fatimə,
Ankara, Türkiyə


Baxış sayı - 84 | Yüklənmə tarixi: 18.11.2026 12:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30