manera.az
manera.az

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində nəşr olunub

📅 12.11.2026 12:01

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində nəşr olunub
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya ədəbiyyatının nadir incilərindən hesab olunan “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində Ankarada nəşr edilib.

Nəşr Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində həyata keçirdiyi layihə çərçivəsində ərsəyə gəlib.

Əsər orijinaldan Türkiyə türkcəsinə Ərzurum Atatürk Universitetinin professoru, tanınmış şərqşünas və tərcüməçi Nimet Yıldırım tərəfindən tərcümə olunub.

Kitaba yazdığı geniş elmi məzmunlu ön sözdə professor Nimet Yıldırım Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan və Şərq ədəbiyyatındakı mövqeyini, “Xosrov və Şirin” poemasının yaranma tarixini, ideya-fəlsəfi məzmununu və dünya ədəbiyyatına təsirini ətraflı təhlil edib.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poema Şərq ədəbiyyatının ən möhtəşəm məhəbbət əsərlərindən biridir. Əsərdə saf məhəbbət, sədaqət, ədalət, insan ləyaqəti və mənəvi kamillik kimi ümumbəşəri dəyərlər yüksək poetik sənətkarlıqla ifadə olunub.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, 2024-cü ildən həyata keçirilən layihə çərçivəsində Nizami Gəncəvinin “İskəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “Xosrov və Şirin” əsərləri orijinaldan Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.

Layihənin əsas məqsədi Nizami Gəncəvi irsinin Türkiyədə daha geniş tanıdılması, Azərbaycan klassik ədəbiyyatının ortaq Türk dünyası mədəniyyət məkanında təbliği və iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verməkdir.


Baxış sayı - 84 | Yüklənmə tarixi: 12.11.2026 12:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30