Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və adına auditoriya açılıb

Ankara Universitetinin Hüquq Fakültəsində görkəmli Azərbaycanlı ziyalı Əhməd Ağaoğlunun barelyefi və auditoriyasının açılışı olub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan və Türkiyənin ictimai və mədəni həyatında mühüm rol oynamış, hüquqşünas, yazıçı, jurnalist və fikir adamı kimi türk dünyasının düşüncə həyatına dəyərli töhfələr vermiş Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş barelyefin və auditoriyanın açılışı keçirilib.
Tədbirdə Ankara Universiteti prorektoru prof. dr. Orhan Uzun, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyi, TÜRKSOY, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, alimlər, ziyalılar, yerli azərbaycanlılar iştirak ediblər.
Çıxış edənlər Ankara Universitetinin prorektoru Orhan Uzun, Universitetin Hüquq Fakültəsinin dekanı, prof. dr. İbrahim Ermenek, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, "Əhməd Ağaoğlu Araşdırmar Mərkəzi" İctimai Birliyinin sədri, Ağaoğlular nəslinin nümayəndəsi Nigar Axundova, ədibin nəticəsi, İstanbulda yaşayan Əhməd Ağaoğlu çıxış edərək Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada doğulan Əhməd Ağaoğlunun öz ideyaları, əsərləri və mübarizəsi ilə Azərbaycanın milli oyanışına, Türk dünyasının ictimai və mədəni inkişafına, təhsil, hüquq, mətbuat, maarifçilik anlayışlarının güclənməsinə böyük töhfələr verdiyini, Türkiyədə hüquq təhsilinin və modernləşmə hərəkatının inkişafına öncülük etdiyini, qadın hüquqları və milli kimlik məsələlərində qabaqcıl fikirlər irəli sürdüyünü qeyd ediblər. Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Ağaoğlu haqqında fikirlərinə yer verərək, Ağaoğlunun milli oyanış hərəkatının ön sıralarında yer alan, vətənpərvər ziyalı və müsəlman Şərqində modernləşmənin qətiyyətli müdafiəçisi olduğunu qeyd ediblər.
Qeyd olunub ki, Əhməd bəy Ağaoğlunun ən böyük xidmətlərindən biri milli kimliyi müasirlik, təhsil, hüquq və azad düşüncə ilə bir arada nəzərdən keçirməsi idi. 1924-cü ildə Türkiyə Cümhuriyyəti Konstitusiyasının hazırlanmasında mühüm rol oynayan Ağaoğlu, 1925-ci ildə Ankarada “Ankara Ədliyyə Hüquq Məktəbi” adı ilə yaradılan Türkiyə Cümhuriyyətinin ilk hüquq məktəbinin təsisçilərindən olaraq, universitetdə müəllim kimi də çalışaraq, Türkiyədə hüquq təhsilinin inkişafına mühüm töhfələr vermişdir. Çıxışçılar, məhz, bir vaxtlar Əhməd bəy Ağaoğlunun qurucusu olduğu fakültədə, binanın qarşısında ədibin barelyefinin açılışının mühüm hadisə olduğunu qeyd etdilər.
Daha sonra Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.
Tədbirdə Ankara Universitetinin tələbələri tərəfindən Əhməd bəy Ağaoğluna həsr olunan bədii kompozisiya təqdim olunub.
Daha sonra Əhməd bəy Ağaoğlu auditoriyasının təmir və yenidənqurmadan sonra qonaqlara təqdim olunub. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenidən qurulan auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə dövrünü əhatə edən fəaliyyətinə, həyat və yaradıcılığına dair məlumatların yer aldığı xüsusi guşələr yaradılıb. Auditoriyada görkəmli ziyalının elmi, hüquqi, publisistik və ədəbi irsini əks etdirən müxtəlif nəşrlər də nümayiş etdirilir.



