Ankarada Qarabağ Zəfəri və Türk dünyasının birliyi müzakirə olunub
Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin (TÜRPAV) təşkilatçılığı ilə Ankarada Qarabağ Zəfərinin 6-cı ildönümünə həsr olunmuş “Qafqaz, Türküstan və Türk xarici siyasəti” mövzusunda panel keçirilib.
Noyabrın 7-də Milli Kitabxananın Konfrans Salonunda təşkil olunan tədbirdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətləri, Qarabağ Zəfərinin regional və beynəlxalq əhəmiyyəti, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar və Türk dünyasının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin açılışında Turan Sancağı Təşkilatının Ankara İl Başkanı İsa Fatih Arslan, Öz Türkistan Kültür Dərnəyinin sədri Abdürrahim Masumiyet və TÜRPAV-ın sədri Sinan Demirtürk çıxış ediblər.
Daha sonra Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli çıxış edərək Qarabağ Zəfərinin tarixi və siyasi əhəmiyyətindən, Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətindən və Türk dünyasında birliyin gücləndirilməsinin vacibliyindən bəhs edib.
Paneldə TÜRPAV sədr müavini, strateq Dr. Mehmet Bozkuş, Karabük Universitetinin müəllimi Prof. Dr. Ali Asker və ehtiyatda olan general Dr. Yücel Karauz məruzələrlə çıxış ediblər.
Müzakirələr zamanı Azərbaycan və Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan qardaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişafının əhəmiyyəti xüsusi vurğulanıb. İki ölkə arasında siyasi, diplomatik, mədəni və ictimai sahələrdə əməkdaşlığın gücləndirilməsi, ortaq tarixi və milli-mənəvi dəyərlərin Türk dünyasının birliyinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Paneldə, həmçinin Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda formalaşan yeni siyasi mənzərə, Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və Türkiyənin xarici siyasətinin əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Qarabağ Zəfərinin altıncı ildönümü ərəfəsində Azərbaycan-Türkiyə qardaşlığının, ortaq tarixi və milli-mənəvi dəyərlərin, eləcə də Türk dünyasında həmrəyliyin əhəmiyyətinin bir daha vurğulanması baxımından diqqət çəkib.
Məhəmməd,
Manera.az