“Qərbi Azərbaycan folkloru” seriyasının VII cildi nəşr olunub
![]()
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu tərəfindən “Qərbi Azərbaycan folkloru” seriyasının VII cildi işıq üzü görüb.
Manera.az xəbər verir ki, yeni nəşrdə Şəmkir və Ağstafa rayonlarında məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanmış folklor nümunələri, etnoqrafik materiallar və söyləyicilərin xatirələri yer alıb.
2025–2026-cı illərdə həyata keçirilmiş folklor ekspedisiyaları zamanı toplanan materiallar xalqın zəngin şifahi irsini, adət-ənənələrini və tarixi yaddaşını əks etdirir.
Kitab “Etnoqrafik mətnlər”, “Əfsanə və rəvayətlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Yuxugörmələr”, “İnanclar”, “Türkəçarələr”, “Atalar sözləri və məsəllər”, eləcə də “Söyləyicilər haqqında məlumat” bölmələrindən ibarətdir.
Nəşrdə Qərbi azərbaycanlıların yaylaq həyatı, ənənəvi təsərrüfat mədəniyyəti, toy və yas mərasimləri, bayram və qurban adətləri geniş şəkildə təqdim olunur. Eyni zamanda, bölgədə mövcud olmuş pir və seyid ocaqları, müqəddəs məkanlarla bağlı rəvayətlər və xalq inancları haqqında məlumatlar verilir.
Kitabın diqqətçəkən məqamlarından biri də qan davaları ilə bağlı şifahi yaddaş nümunələrinin toplanmasıdır. Bu materiallar keçmiş dövrlərin sosial münasibətlərinin, mənəvi-əxlaqi dəyərlərinin və nəsillərarası əlaqələrinin araşdırılması baxımından əhəmiyyətlidir.
“Qərbi Azərbaycan folkloru” seriyasının VII cildi Qərbi azərbaycanlıların qeyri-maddi mədəni irsinin qorunması, kollektiv yaddaşının sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından dəyərli elmi mənbədir.
Nəşrin layihə rəhbəri filologiya elmləri doktoru Hikmət Quliyev, toplayıb tərtib edəni və ön sözün müəllifi İlkin Rüstəmzadə, elmi redaktoru isə Əziz Ələkbərlidir.