Ankarada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub, hər iki ölkənin opera sənətçilərinin möhtəşəm konsert proqramı təqdim edilib.
Türkiyənin paytaxtı Ankarada keçirilən “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub. Bu münasibətlə CSO Ada Ankara Ana Salonunda “İki dövlət – bir səhnə: Qardaş nəğmələr” adlı möhtəşəm konsert proqramı təqdim edilib.
Konsert Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Bale Baş Müdirliyinin birgə layihəsi çərçivəsində, iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunub.
18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçirilən konsert proqramı 19 sentyabr tarixində Azərbaycan və Türkiyənin tanınmış opera sənətçilərini eyni səhnədə bir araya gətirib. Layihənin əsas məqsədi Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin Türkiyədə geniş təbliği, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və ortaq musiqi dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması olub.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, hər iki ölkənin dövlət və hökumət qurumlarının nümayəndələri, Türkiyədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Türkiyədə yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, çoxsaylı musiqisevərlər izləyiblər.
Konsertdən əvvəl Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu haqqında məlumat verilib. Bildirilib ki, dahi bəstəkar müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisidir. Onun zəngin yaradıcılığının yalnız Azərbaycan musiqisinin deyil, bütövlükdə Türk dünyasının musiqi mədəniyyətinin inkişafına mühüm təsir göstərdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli milli musiqi ənənələrini Avropa klassik musiqisinin forma və janrları ilə yüksək peşəkarlıqla birləşdirərək yeni yaradıcılıq məktəbi formalaşdırıb.
Konsert Azərbaycan Respublikasının Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestri və Xorunun, eləcə də Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri Mara Hüseynova, Mahir Tağızade, Mehmet Yılmaz, Şenol Tanınlı, Ezgi Karakaya və Tar ifaçısı Mirnöfəl Hüseynovun iştirakı ilə təqdim olunub.
Proqramda Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən seçilmiş əsərlərlə yanaşı, Azərbaycan və Türkiyə bəstəkarlarının müxtəlif musiqi nümunələri, opera əsərlərindən parçalar və hər iki xalqın ortaq mənəvi-mədəni dünyasını əks etdirən kompozisiyalar səsləndirilib.
Azərbaycan və Türkiyə sənətçilərinin birgə çıxışları iki qardaş ölkənin musiqi mədəniyyətləri arasındakı yaxınlığı, ortaq duyğu və estetik dəyərləri parlaq şəkildə nümayiş etdirib. Peşəkar səhnə tərtibatı, zəngin repertuar və ifaçıların yüksək sənətkarlığı konsertə xüsusi rəng qatıb.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.


