Mehman Qaraxanoğlu - Mərhəmətli repressiyalar...

MANERA.AZ Mehman Qaraxanoğlunun növbəti şeirlər silsiləsini təqdim edir.
Saxta dil cəfakeşləri
“Məlumdur ki, biz türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə... Qardaş, burada ana dilinin nə dəxli var? Məgər balıx deyəndə ana dili olur, balıq deyəndə ana dili olmur?”
“Sirkə” hekayəsi
Ustad,
Latın qrafikasında on ikinci sıradadır “x” hərfi,
On yeddinci sırada isə “q”
Belə görünür,
Ötən yüz ildə
Beş pillə irəliləmişik...
Yox, bu, acı sarkazmdır, Ustad!
Çağırın əziz qardaşım Pafosu,
Çağırın əziz bacım Pafosu
Qışqırıb desinlər ki, dil milli varlığımızdır!
Qışqırıb desinlər ki, dil milli kimliyimizdir!
Desinlər ki, dil ruhumuz, qanımızdır!
Desinlər...
Və guya onlardan başqa
Bunları bilmir heç kəs.
Və türk milləti haqda “nasaza” danışdığına görə
Bir-iki ağız da söysünlər Mirzə Cəlili!
Və bir az da irəli gedib pafosla desinlər ki,
Nə gecəmiz var, nə də gündüzümüz,
Dil keşiyindəyik!
Bir dil institutu nədir ki,
Bir dil akademiyası da yaradaq!
Sonra da öz adamlarınızı
Bic-bic dürtün kresloların ən yumşaq yerlərinə!
Və sonra da bağırın:
“Tərbiyə”ni iki “yy” ilə yazaq,
Bəlkə tərbiyəmiz artdı?
“Ədəb”də nə “b”?
Onsuz da hər şey vulqarlaşıb.
İndi tövsiyyəyə qulaq asan kimdi?
Bir “y” yetər!
Fəqət mərsiyyədəki iki “yy”ni saxlayın, cənablar,
Pozmayın mərsiyyə əhvalımızı...
...Bizə Qazan xan inqilabçılığı gərəkdir, Ustad:
Qurtulub dil fobiyasından,
Boşboğazlıqdan,
Şüarçılıqdan
Ən azı,
İldə bir dəfə
Dil Evimizi
Dil ailəsi üzvlərinə yağmatlamalıyıq, Ustad!
Bəy olmağın klassik yolu...
Nə yaxşı ki, öz ananı
Kərbalayı İsmayıla siğə elətdirdin, Xudayar,
O andan oldun bəy!
Çırpın təpəmizə qədim saatların kəfkirlərini,
Qoy zamanın durduğunu hiss etməyək səfeh başımızda!
Bizə təlxəklər lazımdır,
Və göbəkoynadan,
Məddah,
Şərabpaylayan!
Nədə qıtlıq olsa da,
Qoy maskaradlarımızda qıtlıq olmasın!
Hər yer maska,
Hır-hır, hi-hi...
Kim öz rolunu yaxşı oynamır
Çıxsın bir addım irəli!
....İrəli çıxmağa
Bir adam da yoxdur, İlahi!
Mərhəmətli repressiyalar
“Biz “siyasət” sözünün qorxusundan “s” hərfini yaza bilmirdik.”
Mirzə Cəlil
Sən məni inandırırsan ki,
Keçib 37...
Mən də deyirəm: keçib!
Fəqət hara?
Şüuraltımıza.
Yüz illərdir bəslənir orda.
Necə ki, Yer özünəməxsus bir xofla
Vulkanlar bəsləyir,
Necə ki, Ziqmund Freyd öz intiharını bu cür bəsləyir,
Necə ki, həbsxana pəncərəsindən ac, yaşlı bir qatili
Təşvişlə əmizdirib bəsləyir qadın....
Bu, Roma mərhəmətidir!
Mərhəmətin bir növüdür repressiyalar da...
21.01 - 31.01.2026
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.