Ömrün üç vəzni.. - Mehman Qaraxanoğlunun şeirləri

Manera.az tanınmış şair, alim Mehman Qaraxanoğlunun şeirlərini təqdim edir:
Ömrün üç vəzni
(15 yanvar)
bu mənim taleyim… ya əyri, ya düz..
nəyim var, nəyim yox ömür-səbətdə?
adam arasına çıxıram gündüz,
gündüz hecadayam, gecə sərbəstdə.
hey ölçüb biçirəm addımlarımı,
hər heca bir addım… hər heca ümid..
ümidlə gedirəm evimə sarı,
bənd mənim evimdi…
44 saylı ev,
daş kimi atıram qaranlıqlara
sözümü, şeirmi mən öz içimdən.
sərbəst şeirlərim gecətək qara,
qara sərbəst imiş rənglər içində.
əruzda oxunur şeirlər hər an
məni gələcəyə ötürür əruz
zamana daş atıb sındırır məkan
zamanın çatını götürür əruz
elə ki ömür
köhnə bərə kimi
uzaqlaşır zaman-sahildən
bərə ilə sahil arasındakı boşluğu
uzanan saitlər götürür o an…
ayrı düşmüş zamanların üstündən
uzanır saitlər…
uzanır nəfəs…
Gəzintilər
Çiçəklərin ayaqladığı günəşi gəzirəm
Nə olsun ki şeir yazmıram
Bütün vəznlər dəlidir
Özün dedin
Onları yalnız qoşma ağıllandıra bilər
Yaşamaq üçün mənə çox şey gərək imiş lap çox şey
Bir instrumental musiqi
Bir qədəh böyürtkəndən tutulmuş şərab
Bir də dizlərim
Nə zamansa uçaram bilirəm
Buludları silərəm
Yolumu təmizləyərəm
Paltarlarımı geyinib
Çantamı çiynimdən asaram
“Yaşamağ”ın kökü “yaş”dı yaş
Mən çarəsiz bir xəstəliyə tutulmuşam
Hər şeyi kök və şəkilçiyə ayırıram
Payız alleqoriyası
Buna payız deyirlər
Talış dilində “poz”
Sən allah hər şeyi poz getsin
Nə olsun ki sevdik sevişdik
Nə olsun ki lütləndik
Nə olsun ki
Üstdən alta getdik
Nə olsun ki
Əynimizdən çıxardığımız paltarlar əskik gəlir
Nəyimiz çatır ki
Çılpaqlığından bir damcı da utanmır ağaclar
Əyilib bir yarpaq da götürmürlər
Sözləri gör necə ehtirasla soyundurur
Dişləri tökülmüş o qoca nənə
Sanki nəyəsə hazırlaşır
Və yaşamağın dadını çıxarır
Buna “axır” deyirlər
İstəyirsən “əvvəl” de
Sən allan ağlama
Məni gic gülmək tutur axı
Eşidirsən
Eşidirsən
Qış öz yatağından
Buraxmır yazı
Sevişirlər
Evimizin köhnə damında
Uşaqlar deyir
Yaza çıxmaz damımız
Bu qədim cırıltıdı
İlk dəfə harada eşitdiyimi unutmuşam
Ölülər ağır olanda
Mafənin cırıltısı da belə olur
Bu əski küləklər
Donu əynindən çıxarılmış
Qadınlar kimidi
Onlar
Sərsəri küçələrdə
Özlərinə paltar seçirlər
Eşidirsən
Eşidirsən
Yazı
Ey
Başım üstə
Dövrə vuran qadın
Mən səni
Enməyə qoymuram
Guya mən
Yazı adamıyam
Guya
Belə yazılıb yazı
Misralarım
Enmə zolağının
Dümdüz xətləri
Guya sən bura ensən
Pozulacaq bu xətlər
Qırılacaq
Böyrümə qısıla-qısıla
Üzümə qımışan
İlham pərimin qanadları
Və sən
Bunları bilə-bilə
Daha çox fırlanırsan başıma
Ey qadın
Astara