Mehman Qaraxanoğlu - Mirzə Cəlil qəhrəmanları yeni traktovkada (silsilə şeirlər)

MANERA.AZ Mehman Qaraxanoğlunun "Mirzə Cəlil qəhrəmanları yeni traktovkada" yeni silsilə şeirlərini təqdim edir.
Hardasan, Qurbanəli bəy?!
Pristavın xanımının doğum günündə qışqırdın:
Nə qədər sağdı canım,
Sənə mən nökərəm, ay xanım!
Necə keçir nökərçiliyin, Qurbanəli bəy?
Nə yaxşı ki, sən bunu dilə gətirdin, boynuna aldın.
İndikilər fenomendirlər,
Gizli nökərçilikləriylə qürur duyurlar.
Sən bizim aramızda kəfənlə gəzən sonuncu bəysən,
Axur-tabutunu da arxanca çəkirsən.
Bu zəhrimar araq olmasaydı,
Gəlib sənin tabutuna tüpürməyə heç kəsin cürəti çatmazdı, Qurbanəli bəy
Ürəyini sıxma,
Nə yaxşı ki, macal tapıb oynadın
Bəyliyin son havasına - “Uzundərə”yə...
Ziyansız “ziyalı”lar ölkəsində
Ustad, sən bizə öyrətdin ki,
Vətən bölünmür ostan-ostan,
əyalət-əyalət,
kənd-kənd,
oba-oba
Bölünür adam-adam:
Mirzə Məhəmmədəliyə.
Rüstəm bəyə,
Səməd Vahidə...
Üçü də ziyansızdır...
Onlar o qədər artıb çoxalıblar ki,
Saymaqla qurtarmaz.
Ziyansız “ziyalı”lar ölkəsində yaşamaq dəhşətdir, Ustad
Milli burjuaziya
“Həmin vaxt qonşuluqda Əziz xanın evindən kişilərin oxumaq səsi gəlirdi və Əziz xanın öz səsi aşkar eşidilirdi:
Nə durmusan dağ başında qar kimi?
Məmələrin bar veribdi nar kimi, nar kimi...”
“Quzu” hekayəsi
Görməmişlik sindromuna tutuldu -
XIX əsrdə milli burjaziyamız
Tüpürdü bütün klassik təşbeh və metaforlara
İkicəsini saxladı:
Qarla narı
Çünki “kimi” qoşmasından
Çarizmin yaratdığı yaxası açıq rejimə enmək
Çox rahat oldu.
Əziz xanların bilinçaltlarını
Çox rahat oxuyur
Bütün rejimlər.
Onlar bordel aşiqləri -
Əziz xanlarımızdı...
Pandoranın qutusu
Bizdə
Avamlıq hesab olunur
Təmizlik, paklıq.
Niyə vaxtında anlamadıq bunu, Novruzəli?
Şərəfsizlik kultu...
Hamımız “füsunkar şər”in arxasınca gedirik.
Çağırın ölümsüzlük qasidini,
Qoy rəqs etsin manekenlər!
Zevsin bağışladığı qutuya
Götürüb atdın
Vəli xanın irəvanlı dostu Cəfər ağaya yazdığı məktubu.
Bütün şər qutuların ağızlarını açır insanlar,
Niyə vaxtında anlamadıq bunu, Novruzəli?!
Absurdizm
“Yazığım sənə də, özümə də.” (Molla Abbas)
Sən dünyada yeganə kişisən ki,
“Dəli” arvadına görə özünü dəliliyə vurub
Atdın dəlixanaya, Molla Abbas
Dünyanın bütün yoluq-moluq kişiləri,
Və ziyansız “ziyalı”ları
Pırpız Sonanın əlinə su tökməyə də layiq deyil, Molla Abbas!
Heç sənin də...
Yəqin ki, baxmısan
Qustav Moronun “Prometey” tablosuna.
Bir az yazıq günə salıblar Prometeyi.
Fəqət ölüm gözlərinə girə bilmir, Molla Abbas
Oğurluqla tikilib dünya məbədi;
Bax, Prometey odu,
İlan ölümsüzlük otunu,
Məlikməmməd qızıl almanı oğurlayır...
“Yazığım sənə də, özümə də”, Molla Abbas...
Ədəbiyyat zavodları
“Əvət! Əvət! O qadın iştə bax nasıl bakıyor,
Əvət! Əvət! O qadın iştə bax nasıl sakıyıor?
Ədəbiyyat zavodlarında verilən dərslərdən.”
“Şeir bülbülləri”
Guya siz özünüzü ədəbiyyata həsr etmisiniz,
Guya xəstəsiniz,
Guya yaşınız altmışı keçsə də,
Məhəbbət cazibəsindən çıxa bilmirsiniz!
Guya dərd üzür sizi-
Ayrılıq dərdi,
Qadın dərdi,
Vətən dərdi,
El dərdi.
Və ağzınızdan tökülən bütün bu ifrazatlardan sonra
Qönçə kimi bükün dodaqlarınızı...
Təşbeh tanışdırmı sizə?
Və şəxsi ədəbiyyat zavodlarınıza
Cahil kütlədən başqa
Buraxmayın heç kəsi!
Bizə kətil lazımdır -
Linqvistik kətil.
Aşın ədəbiyyat zavodlarının divarlarını!
Onsuz da
Hamilə qadınların çoxu
Paltarlarını soyunmadan yatırlar...
01-18.01.2026