Bu gün şair-publisist Mehman Qaraxanoğlunun doğum günüdür. Manera.az olaraq Mehman müəllimi təbrik edir redaksiyamıza göndərdiyi mətni - şeiri oxucularımıza təqdim edirik:
Hörmətli “Manera.az!” Bu gün doğum günümdü! Bilirəm, dostlar, tanışlar eşitsə, təbrik edəcəklər məni...
Bu səhər düşündüm: Olum və Ölüm-ün bir Oyun olduğunu bilən dostlar, görəsən, bununla Oyunamı haqq qazandırırlar?! Və bu mətn beləcə doğuldu....
Mehman Qaraxanoğlu
DOĞULUŞ OYUNLARI...1-ci oyunDünyanın ən hündür ucalığından –
Ata Beli-ndən atdılar məni...
Atdı,
Atam atdı...
“Uf” demədən....
Quşlar da mat qalmışdı bu “uçan ət”ə,
Düşdüm,
Top kim düşdüm Ana-“səbət”ə...
2-ci oyunBir “top”
Bir “səbət”də qaldı doqquz ay
Meydanda həyəcan,
Meydanda sükut...
Qəfil eşidildi Hakim-in fiti:
Füyyyy...
Əvvəl atam qaçdı,
Sonra mamaçam....
3-cü oyun..Çıxarıb atdılar məni o dar “səbət”dən...
Ayıra bilmədim gülməklə ağlamağı:
Güldüm ucadan!
Sandılar ağlayıram...
Bunun üçün
İlk cəzamı verdilər o gün:
Atamı siqaret tüstüsünə,
Məni isə...
Bükdülər bir “göy” əskiyə...
4-cü oyunAnamın gözləri dörd olmuşdu!!!
Dörd!!!
Haman gün dördəcən saydım,
Saydım!!!...
Bir...
İki...
Üç....
Dörd....
Gülürdü anamın gözləri:
“Beş, beş..., oğul, beş, - deyirdi...”
5-ci oyunBöyüdüm,
Ya da böyütdülər, fərqi varmı?
Hələ də sayıram:
İyirmi...Otuz... Qırx...Əlli...
Sonra altmış gələr...
Onu adlasam, yetmiş...
Görürsünüz?!
Pis deyiləm hesabdan...
6-cı oyunRəqəmlərə o qədər aludə olmuşam ki,
Xəbərim yox arxamdan –
Bir ucdan sayıram,
Bir ucdan rəqəmlərdən qopub düşür sevdiklərim:
72-dən atam düşdü,
94-dən anam...
95-dən mamaçam...
Sonra bacılarım...
Və... sonra...
Bütün “sonra”lar...
7-ci oyunBilirəm
Mən də “sonra”dayam...
Neynim?
Durub ağlayım?!
İndidən qoşulum nəşimin üstündə yalandan ağlayanlara?!
Oğluma,
Qızıma,
Onların analarına?!...
8-ci oyunİçməyə nəyin var?
Tutma arağın?!
Doldur bu qədəhi, doldur, sən allah...
Onsuz da bu ömrü dolduran olmayıb!
İstər yüz yaşa,
Ya da min yaşa –
Yenə...
Yarımçıqdı... Yarımçıq...
9-cu oyunBurda –
Anamız Yerdə,
Bu qəddar “həbsxana”da
Sizi sevmək nə qədər qorxulu olsa da,
Sevirəm sizi, insanlar!
Bəzən Heliosun qızı
Gözəlsaçlı cadugər Kirkanın əlindən
Sehrli içkini alıb içsəniz də, sevirəm sizi...
Neynim...
Sevməyə məhkumam!
Buna şahid o tək Allah...
O gün “həbsxana” yoldaşlarımdan biri gülə-gülə dedi:
Oyunsan! – vallah.....
Oyun...
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.